Azad və müstəqil jurnalist İnsafəli Hidayətin Dünyanın müstəqil jurnalistlərinə

MÜRACİƏTİ

30 milyonluq Azərbaycan Türkünün haq səsinin dünyada bilinməsi üçün bizə yardım edin!

Hörmətli jurnalist həmkarım!

Mənim adım İnsafəli Hidayətdir. Azad və müstəqil jurnalistəm. Bu il  iyun ayının 13-də həbsdən buraxılmışam.  Sevinirəm ki, dünyaya və xüsusən jurnalist həmkarlarımın hüzurlarına İran adlı ölkənin bir neçə millətdən ibarət olmasını bildirməkdəyəm.          

Bu millətlərin biri də 30 milyondan artıq olan Azərbaycan Türküdür. Mən də bu millətə, Azəbaycan Türkünə mənsubam. Digər millətlər kimi Azərbaycan Türkü də öz milli və insani haqlarından məhrum edilmişdir. Şovinizmin zülmü altında inləyən digər millətlər kimi Azərbaycan Türkü də demokratik yollarla öz milli haqlarının gerçəkləşməsi üçün mübarizə aparır.  Azərbaycan Türlüyünün bu demokratik mübarizə sistemlerindən biri də millətimizin tarixi şəxsiyəti olan Babək Xürrəmdinin qalasında toplaşaraq öz haq səsini bir yerdə dünyaya elan etməkdir. Azərbaycanın Qaradağ bölgəsində yerləşən Bəzz  qalasında yüz minlərcə insanın bir araya gəlməsi gözlənilməkdədir. 30 milyondan artıq olan millətimizi təmsil edərək qalaya toplanacaq olan bu böyük qurultayda sivil yolla milli haqlarımızın istənilməsi dilə gətiriləcəkdir. Bu böyük qurultayda toplanacaq olan insanlar sadəcə siyasi istəkləri dilə gətirməyəcəklər. Bu haq sevər insanlar öz milli musiqimizlə, milli dildə olan şerlərimizlə qalada öz milli və insani istəklərini, həyəcanlarını dilə gətirəcəklər. Mən keçən il zindanda olduğum üçün azad və müstəqil bir jurnalist olaraq bu milli mərasimimizdə iştirak edə bilmədim. Ancaq dörd il əvvəlki Babək qalasəna olan yürüşü öz xəbərlərimdə əks etdirmişdim və altəncı qurultayımız kimi tarixdə bilinən bu ilki yürüşü də dünyanın azad vicdanına çatdırmağa çalışacağam.                        Bu hadisə elə bir zamanda gerçəkləşməkdədir ki, İran İslam Cümhuriyəti 30 milyonluq millətin milli haqlarını tanımamaqda israr etməkdədir.Bu səbəbdən də Babək qalasına axının qabağını alaraq millətin öz tarixi qəhrəmanını xatırlamasını əngəlləməyə çalışmaqdadır. Keçən il İran rejiminin özəl quvardiyası kimi bilinən “bəsici”lər millətin Babək qalasına yürüşə başladığı günlər bu mərkəzdə hərbi manevra keçirərək milləti psikolojik basqı və qorxu təsirinə məruz qoydular və bir neçə Azərbaycan Türk milli kimliyinin fərqində olan aktiv insanlar da yaxalayaraq bilinməz yerlərə aparıldılar. Bütün dünyanın müstəqil xəbər mərkəzlərinə üzümüzü tutaraq onların təmsilçilərini bu yürüşdən doğru xəbər və bilgiləri dünyaya çatdırmaq üçün İrana, Qaradağa   dəvət edirik.  30 milyonluq bir millətin haqlarının gerçəkləşməsi üçün sizin oyaq və insan haqlarını müdafiə edən jurnalist vicdanlarınıza ehtiyacımız var. Lütfən bizə yardım edin. Öncədən Sizlərə təşəkkürlərimizi bildiririk. Bu milli mərasim iyun ayının 30-u ilə iyul ayının 1-də gerçəkləşəcəkdir.                                                                               

                            

İnsafəli Hidayət- İran-Təbriz