“İran federallaşacaq”

“Tehran gözü çıxmış qardaşımdan - Səddamdan dərs götürməlidir”

Güney Azərbaycana milli proqram göndərilib
uİranda 1979-cu ildə qurulmuş rejim dünyaya meydan oxumaqda davam edir. Birgə yaşayış normalarına uyğunlaşmayan molla hakimiyyəti supergüclərin hədəfinə çevrilib.

Beynəlxalq birliyin təpkilərinə baxmayaraq, nüvə proqramını davam etdirən Tehran ABŞ və onun müttəfiqlərinə diş qıcamağa başlayıb. Güneydə sayı 35 milyona çatan Azərbaycan türklərinə qarşı asimilə siyasəti yeridən molla rejimi Azərbaycan Respublikasına da hədə mesajları verməkdədir. ABŞ və antiterror koalisiyanın digər üzvləri “şər üçbucağı”na daxil olan İrana hücum etsə, bundan Azərbaycan zərər çəkəcəkmi? Tehran rejimi ölkəmizə müdaxilə edə bilərmi? Azərbaycan respublikası kəskinləşməkdə olan ABŞ-İran münasibətləri fonunda hansı mövqedə dayanmalıdır? Bu və digər suallara “OLAYLAR”ın redaksiyasında keçirilən “İran və onun Azərbaycan siyasəti” adlı dəyirmi masada aydınlıq gətirməyə çalışdıq. Dəyirmi masanın qonaqları Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əliyar Səfərli, iqtisad elmləri namizədi Əkrəm Rəhimli, AXCP (k) sədrinin müavini Aydın Mədətoğlu və DAK-ın mətbuat katibi Əli Nicatdır.
Əliyar Səfərli:
- 25 ildən sonra ABŞ-İran münasibətləri elə gərginləşib ki, buna laqeyd baxa bilmərik. Bu münasibətlər bizə təsirsiz ötməyəcək. Bunu başa düşdüyü üçün İran bizə əzələ nümayiş etdirir. Əvvəl gəmiləri, sonra təyyarələri sərhəddimizi pozdu, müstəqil dövlət kimi bizə hörmət qoymadı. Son günlər bu cür müdaxilələr davam edir. Deməli, İran yenə eyni mövqedədir, bizə düşmən kimi baxır. Bizi müstəqil dövlət kimi hesab etmir. 50 milyonluq bir xalqı - Azərbaycan türklərini saymır. Sərhəddimizi pozması təsadüfi olsaydı, başa düşərdik. Amma belə deyil, İranın siyasəti bizə qarşıdır. Bu siyasətin başında duran fars şovinistləri milli varlığımızı inkar edir. O qədər həyasızlaşıblar ki, prezident Xatəmi bura səfərə gəlib, Gəncəyə gedir, yazır ki, Nizami fars şairidir. Bu nadan başa düşmür ki, doğulduğu torpaq hər bir insan üçün əsas vacib amildir. İnsan torpaqdan güc alır. İnsan torpaqla yaşayır. Nizami bu torpağın oğludursa, bu torpaqda uyuyursa, ona 200 ildən sonra ana vətən axtarmaq təşəbbüsü cahillikdir... İranın bizə güc nümayiş etdirməsinə biganə qala bilmərik. İlk növbədə Güneydə və hətta Quzeydə xalqın milli şüurunun oyanışına təkan verməliyik, şərait yaratmalıyıq. Əks halda, panfarsizm Güneydə olduğu kimi məişətimizə daxil olacaq.
Biz Amerika-İran münasibətlərinə Azərbaycanın mənafeyi baxımından diqqət yetirməliyik. Elə ustalıqla yol seçməliyik ki, qurban verməyək. Bədbəxtliyimiz burdadır ki, həmişə qurban getmişik. İslam inqilabını edən azərbaycanlı, qazanan fars, İran-İraq müharibəsində vuruşan, şəhid olan azərbaycanlı, qazanan fars...

lABŞ hərbi əməliyyatlara
hazırlaşır

ABŞ Florida ştatında böyük hərbi təlimlər keçirir. Bu, İrana qarşı əməliyyatlara hazırlıq mərhələsidir. ABŞ kimi iri dövlətlə zarafat etmək olmaz. İraqda Səddam çox at oynatdı, başlar kəsdi, 1 milyon Kərkük türkünü məhv etdi.əNə oldu axırı? Məhv oldu. İndi İranın hakim rejimi gözü çıxmış qardaşından dərs götürmək istəmir. Bir neçə “Şahab” raketi var, elə bilirlər ki, onunla dünyanı dağıdacaqlar. Molla başı işləmir ki, beş-on raketlə ABŞ-a heç nə etmək olmaz. İran güc göstərməklə bizə siqnal verir. Demək istəyir ki, ABŞ mənə hücum etsə, mən də səni məhv edəcəm. Deməli, bu münasibətlərin zərbəsi bizə dəyə bilər. Amerika bazalarının Azərbaycanda yerləşməsi həm bizə xeyirdi, həm də ziyandı. Xeyri odur ki, özümüzü qorumaq üçün superdövlətdən istifadə edirik. Ermənilər bizdən bic tərpənib rusdan istifadə etməyi bacardılar. Amma biz bacarmadıq. Neft amilindən istifadə etməyi bacarmalıyıq. Balanslaşdırma siyasəti davam etməlidir. ABŞ bazarlarının ərazimizdə yerləşməsinin ziyanlı tərəfi gözlənilən Amerika-İran qarşıdurması ilə bağlıdır. Məsələn, nadan və cahil rejim olan molla iqtidarı bəhanə edib Quzeyi vura bilər və biz qurban gedə bilərik. Ona görə də bu məsələdə olduqca ehtiyatlı olmaq, risqə getməmək lazımdır ki, ərazimiz İran raketlərinin hədəfinə çevrilməsin... Güney məsələsinə gəlincə, burda da görüləsi işlərimiz çoxdur. GAMOH, DAK və digər qurumların fəaliyyətini bəyənirik. Amma bu, qənaətbəxş deyil. İnqilabın ocağı Güneydir. Əsl inqilabçılar, mübarizlər ordadır. Orda iş aparılmalıdır. Kənarda olanların diaspora yaratmaq və təbliğat-təşviqat işini yüksək qiymətləndirirəm. Amma müəyyən insanlarımız var ki, gedib dünyanın o başında oturub şahçılara meyl edirlər. Mən bunu təqdir etmirəm. Onlar görünür ya başa düşmür, ya da milli maraqları öz nəfslərinə qurban verirlər. Bu məsələ ciddi məsələdir.

l “Güneydə təbliğat-təşviqat işi aparmalıyıq”

Güneylə bağlı şüarçılıqdan irəli gedə bilərik. Güneyə necə yol tapaq, necə təbliğat-təşviqat aparmalıyıq, bunu müəyyən etməliyik. Dörd il səfir işlədiyim dövrdə minlərlə kitab payladım, 7 kitab çap etdirdim. “Azərbaycan ədəbiyyatı tarixi” kitabını 7 dəfə nəşr edib, hər dəfə 25 min nüsxə ilə Güney Azərbaycana yaydım. İndiki səfirliyimiz nə edir, nə iş görür? Səfirlik şəxsi tamahın əsiridirsə, nifrət edirəm belə səfirə də, belə səfirliyə də. Səfir hər şeydən əvvəl milli mövqeyi ilə seçilməlidir. Səfirlərimizin əksəriyyəti olduqları ölkədə birgə broşüra çap etdirib yaymırlar. Güney Azərbaycanla əlaqələr yaratmaqdan qorxmamalı, hər cür risqə getməliyik. İran Güney Azərbaycandan çox Quzeydə təbliğat aparır, panfarsizmi təbliğ edir. Açdığı kitab mağazalarında satılan kitabların əksəriyyəti antiAzərbaycan ruhunda yazılmış kitablardı. Pulsuz-parsız kitablar yayılır ki, cəhaləti, mövhumatı təbliğ edir. Bir ölkədə ki, xalqın mənliyinə bu cür müdaxilə var, o xalqın milli şüuru heç zaman formalaşa bilməz. İran Güneydə də, Quzeydə də milli şüurumuzu, mənliyimizi məhv etməyə çalışır. İranın bu təbliğatına meydan vermək olmaz... Hansı hüzrə gedirsən, mollalar panfarsizmi təbliğ edir. Dini Komitə bu mollalar barəsində tədbir görməlidir. Məktəblərdə, universitetlərdə panfarsizm təbliğatı gedir. Fars təmayüllü məktəblər var. Fars dili ikinci dilə çevrilməkdədir. İkincisi Güney Azərbaycanda təbliğatımızı qurmalıyıq. Quzeydə nəşr olunan kitablar, qəzetlər ora göndərilməlidir. Güneydən bura gələnlərlə əlaqə qura, lazımi işləyə bilmirik. Ona görə, təklif etmişəm ki, Bakıda Türk Xalqları Universiteti və Dünya Azərbaycanlıları Universiteti açılsın. Güney Azərbaycan üçün milli kadrlar hazırlanmalıdır. İran bu məsələdə də bizdən irəli düşüb. Hər il neçə uşağı aparıb Qumda beyinlərini zəhərləyirlər. Dərsliklərimiz bərbad vəziyyətdədir. Tarix dərsliklərinə baxırsan . Mezolit, Neolit dövründən danışır, amma Quzey Azərbaycanın xəritəsini verib. Bu, cahillikdi, nadanlıqdı. Quldarlıq dövründə Azərbaycan Respublikası olub? Azərbaycan elə binədən bölünmüş, parçalanmış olub? Bütöv Azərbaycanın bir dənə xəritəsi yoxdur. Coğrafiya İnstitutu hara baxır? Bir elə mütəxəssisləri var. Mozambikin, Vyetnamın xəritəsi var, Bütöv Azərbaycanın xəritəsi yoxdur. Bu nədi? Milli şüursuzluq.

l“Bakıda güneylilər pulsuz oxumalıdır”

Əkrəm Rəhimli:
- Güney Azərbaycan problemindən danışanda qarşımızı bu arqumentlə kəsirlər ki, İran müstəqil dövlətdi. Müstəqil dövlətin işinə əl aparmaq olmaz və s. Düzü, bununla razıyam ki, düşmənlərimiz onsuz da çoxdu, biz əl-qol ata bilmərik. Amma bu, əsas vermir ki, tamam susaq. Qarşı tərəf bizə hücum edir, amma biz danışanda deyirlər ki, “münasibətlər pozular”. Biz qarşı tərəfə cavab verməliyik. Özü də onların öz dili ilə. İran mətbuatında, kitablarında yazılan faktları ortaya gətirməliyik. Neçə il bundan əvvəl mənim qəzetlərin birində “İslam pərdəsi altında erməni ilə qardaşlıq?!” silsilə məqalələrim dərc olundu. İran səfirliyi bundan çox narahat oldu və həmin qəzetə bir protest verdi. Məqalədə gətirilən faktların hamısını İran mətbuatından götürüb, nömrələrini yazmışdım. Onlara sübut etdilər ki, baxın, bu sizin qəzetlərdə yazılıb. Onu deyirəm ki, priyomdan istifadə etmək olar. Beynəlxalq münasibətlər nəzərə alınsın, amma Güneydəki xalqın dərdləri mətbuata, dərsliklərə gəlməlidir. Təbliğat bağçadan, ibtidai sinifdən başlamalıdır ki, bax, sənin vətənin parçalanıb. Bütöv Azərbaycanın sərhədlərini çoxları bilmir. Biz bir eksperiment aparıb, belə nəticəyə
gəldik ki, Güney tanınmır. Təbrizdə də bir sorğu apardıq. Eyni nəticəni aldıq. Bilirsiniz, biz bir xalq olaraq bir-birimizə yadlaşırıq. Bu, uzun illər aparılan siyasətin nəticəsidir. Biz bu məsələni mətbuata gətirməli, bu yolla Təhsil Nazirliyinə təsir göstərməliyik. Nə üçün Güney Azərbaycan tarixi heç olmasa, əlavə oxu kitabı kimi çap olunmasın? Bu uşaq bilmir axı onun vətəninin Güneyi də var. X-XI sinif dərsliklərində üç-dörd cümlə var. Güney məsələsi dərsliklərdə yazılmalı, hər yerdə, hətta adi məişətdə təbliğ olunmalıdır. Əliyar müəllimin fikrilə razıyam ki, Güney Azərbaycan məsələsi Güneydə həll olunmalıdır. Güneyin sərhədləri xaricində həll olunsa, bundan əvvəlki hadisələr yaşanacaq. Pişəvərinin dövründə xaricdən əl uzanmasaydı, bu hökumət yaşayardı və bütün İran azad olardı. Güney Azərbaycan probleminin Güneydə həll olması üçün daxilində oyanış lazımdı. Güneyi kəndbəkənd, şəhərbəşəhər gəzmişəm. Şəhərlərdə vəziyyət yaxşıdır, oyanış var. Kəndlərdə mürgüləmə çoxdur. Oyanışa ziyalı səbəb olar. Ziyalını harda yetişdirək? İran universitetlərində hamısı şovinist ruhda yetişir. Yeganə ümid yerimiz Quzey Azərbaycandır. Ordan bura axın olmalıdır. İldə 300 kadr hazırlasaq qoy, onun 100-ü lap nanəcib çıxsın, on ildən sonra orda 10-15 min kadrımız olacaq. Güneydən gəlib tələbə, aspirant olmaq istəyən adamın ağzından vurmaq lazım deyil. Ona yaşayış yeri də, dərs vəsaiti də, təqaüd də vermək lazımdır. Müəllimlərə tapşır ki, bunlarla işin yoxdu, süni əngəl yaratma, onlar bizim gələcəyimizdir. Məsələn, bir güneyli aspirant gəlir, gözəl bir mövzu veririk ki, onunla fars şovinizminə zərbə vuracaq. Amma ortaya pul məsələsi gəlir. Düzdü, qanunda var ki, xarici vətəndaş pullu təhsil almalıdır. Amma güneyli xarici vətəndaş hesab edilməməlidir. O gəlir, sənin tarixini yazmağa, bundan niyə pul istəyirsən? Çox istəyərdim ki, bu tədbirdə Təhsil Nazirliyinin nümayəndələri iştirak edəydilər. Mən Tehranda olanda bir söhbət oldu. Uşaqları farsca təhsil alan bir güneyli soydaşımız mənə dedi ki, əgər bilsəm ki, uşağım Bakıya gedib oxuyacaq, ondan pul almayacaqlar, qoyaram gedər ora. Əvvəlcədən də ona türkcə öyrədərəm. Bu cür ailələr çoxdur. Biz onların ağzından vurub qaytarırıq geri, onlar da gedib farsca oxuyurlar. Nəticədə milli kadrlarımız yetişmir.
Xaricdəki səfirliklərimizin fəaliyyəti qənaətbəxş deyil. İrandakı səfirimiz deyir ki, Təbrizdəki konsulluğumuz çoxdan açılardı, əgər Bakıda İran-Azərbaycan münasibətləri əleyhinə yazanlar olmasaydı. Qəribə məntiqdi. Yaxşı biz duraq kənarda. Heydər Əliyev getdi ora, məsələ həll oldu? Yox. Xatəmi gəldi, problemlər həllini tapdı? Xeyr! Hanı, konsulluq açıldı? Yox.

l“Dünyanın xəritəsi
yenidən cızılır”

Aydın Mədətoğlu
- Dünya xəritəsi yenidən cızılır. I Dünya Müharibəsindən sonra yeni xəritəni Böyük Britaniya cızdı. Osmanlı imperiyası dağıdıldı, əraziləri İngiltərənin, Fransanın nəzarətinə keçdi. İranda ingilislərin Rusiyanın əliylə şah rejimi hakimiyyətə gəlib. Məşrutə inqilabından sonra əldə etdiklərimiz aradan qalxdı. II Dünya Müharibəsindən sonra dünya yenidən bölündü. ABŞ-la SSRİ dünyanı nüfuz dairələrinə böldülər. İndi tale elə gətirib ki, dünya üçüncü bölünmə ərəfəsindədir. Aparıcı dövlət ABŞ-dır. Amerikanın Orta Doğu proyekti var. Təxminən bəllidir ki, İran bu proyektdə hansı yerdə dayanır. ABŞ ciddi dövlətdir. Bilirik ki, ABŞ prezidentinin dilindən çıxan söz nə vaxtsa reallığa çevrilir. Buş İranı “şər üçbucağı”na aid edib. ABŞ iri dövlətdi. Hansı qanlarla başa gəlsə belə o, İraqda istəyini yerinə yetirəcək. İraqdan sonra İran və Şimali Koreya gəlir. ABŞ İraq “bataqlığından” çıxan kimi İranla məşğul olacaq. Bizim qarşımızda duran əsas vəzifə odur ki, böyük dövlətlərin böyük siyasətinin qurbanı olmayaq. Güney, hətta Qüzeyin özü belə bu böyük protest məngənəsi altındadır. Elə güman etməyək ki, bütün proseslər Cənubda həll olacaq. Hər halda müstəqil dövlətik, BMT-nin üzvüyük, orda bayrağımız dalğalanır. Biz bir dövlət olaraq möhkəmlənməliyik. Bizim Cənubda çox böyük təsirimiz, köməyimiz ola bilər. Kadr potensialı yetişdirə bilərik. Cənubdan hər yerdə təhsil alanlar var. Amerikada, Avropada hətta Ermənistanda. Ancaq onlar milli ruhla yetişmirlər. Amerikada oxuyub təhsil alan o mühiti buraxıb geri qayıtmaq istəmir.
Ə.Səfərli:
- Biz bəyan etməliyik ki, parçalanmış xalqıq, birləşmək istəyirik, separatçı deyilik. Biz İranda etnik azlıq olsaydıq, onda bu mübarizəyə separatçılıq demək olardı. Amma biz etnik çoxluquqsa, birləşmək uğrunda mübarizəmiz separatçılıq ola bilməz.
Dünyada qlobal proseslər gedir. Demokratik hərəkat başlayıb. Amma İran dünyada gedən demokratik proseslərin qarşısında maneədir. İran da öz sistemini qorumağa çalışacaq. Amma çıxardığımız nəticə budur ki, ən geci XXI əsrin birinci yarısında İran federallaşacaq. Bu, qaçılmazdır. Bizim üçün ən həssas məsələ ordakı 40 milyonluq türk etnosunun taleyidir. İraqda gördük ki, kimə nə verdilər. Qırılan, torpağı əlindən alınan yenə türklər oldu. Bu bəla İranı da gözləyir. İranın federallaşması Amerikanın siyasətidir. Bu federasiyada payımız nə ola bilər? Əsas problem Azərbaycanın coğrafiyasıdır. Bizə hansı torpaqları verəcəklər? Azərbaycan haradan başlayıb, harada qurtaracaq? Biz orda böyük torpaq itirə bilərik. Azərbaycan ərazisinə investisiya qoyulmayıb uzun müddət. Məmləkət sanki çöküb. Azərbaycanlılar Ərdəbil, Təbriz və Urmiyanın əhalisinin sayı qədər Tehranda yaşayır. Tehrana gedənlər sadə adamlar deyil, düşünən başlardır. O başlar artıq bizimki deyil. Arxayın olmalıyıq ki, orda bir belə deputatımız, ziyalımız var. Onların çoxunda milli ruh yoxdu. Tehrandakı azərbaycanlılara o qədər də inana bilmərik. Ümid qalır yenə Azərbaycanın aparıcı şəhərlərinə. İş də orda görüləcək. İsveçdə, Amerikada oturub Güneyin taleyini həll etmək mümkün olmayacaq. Biz proseslərə hazır olmalıyıq. Cənub da böyük bir mədəni inqilab mərhələsini yaşayıb. İslam inqilabından sonra qəzetlər çıxdı, ədəbi dilimiz inkişaf etdi.əAmma böyük siyasi mücadilə qabaqdadır. Mədəni inqilab nəticəsini verib. Evlərdə toy çalınır, oynayırlar, şənlik qura bilirlər. Amma siyasi söhbətlər getmir. Ona görə də bizdən çox şey asılıdır. Güneydə böyük işlər aparmalıyıq. İdeoloji, siyasi sahədə iş aparılmalıdır. Ən ağrılı məsələ, Cənubda olan ayrı-ayrı təşkilatların bir-birinə qısqanclıqla yanaşması, bir-birilə mücadilə aparmasıdır. Bu, qorxuludur. Pişəvəri dövründə baş verənlər yenə başımıza gələ bilər. Bəlkə də bu, XXI əsrdə son şansımız olacaq. Nəyin bahasına olursa olsun, onların arasında birlik yaratmalıyıq. Bizim sözümüzə qulaq asırlar. Necə ki, bir cənublu gəlib bizi barışdıra bilərsə, biz də onları barışdıra bilərik. Biz federasiyanın əleyhinəyik. Bilmirik ki, İranda hansı federal sistem qurulacaq. Rusiyada Putinin islahatları həyata keçsə, başqa bir dövlət qurulacaq. Federasiya olur, yeni rus dövləti yaranır. İraqda da elə ola bilər. Biz müstəqilliyə gedəcəyiksə, bilməliyik ki, bu olayda qan var.
lTehranın, Moskvanın mövqeyi bəllidir. Bəs Türkiyənin, Güney Azərbaycanın müstəqilliyinə və Bütöv Azərbaycan məsələsinə etinasız yanaşmasınının kökündə nə dayanır? Niyə Ankara molla rejiminin antiAzərbaycan siyasətinə göz yumur?
Əliyar Səfərli:
- Mən bunu iddia edə bilmərəm. Türkiyə müstəqil dövlətdir, təbii ki, ilk növbədə öz mənafeyini müdafiə etməlidir. Eyni zamanda bütün türk xalqların təəssübünü çəkməyə borcludur. Amma Türkiyəni qınamaq olmaz. Axı Türkiyə ilə Azərbaycan arasında da ədəbi, mədəni, ideoloji əlaqələr lazımi səviyyədə deyil. Ora gedən müxalifətçi müxalifəti, iqtidarçı iqtidarı təbliğ edir, ümummilli problemlər qalır kənarda. Çox pis tendensiyadır ki, İran rejimindən qorxuruq. Bu qorxunu aradan qaldırmalıyıq. Güneydə də Quzeydə də cəsarətli olmalıyıq. Ölünü qoy, dirini ağla məsələsi yada düşür.

l“MEA institutlarının əksəriyyətinin direktoru etniklərdi”

Quzeyin özündə ciddi ideoloji işlər görülməlidir. Dərslikləri, kitabları qaydasına salmalıyıq. Əlyazmalar İnstitutunun direktoru, panfarsist Məmməd Adilovun bir kitabı var. Hər yerdə yazır “İran Azərbaycanı” . Bu məhfumu biz qadağan etməliyik. Var Güney Azərbaycan. İran var qüvvəsi ilə çalışır Güneylə Quzey arasında əlaqə qırılsın. Heç bir iş adamı bura investisiya qoymur. İran buna imkan vermir. Güney Azərbaycanın öyrənilməsi işi bərbad vəziyyətdədi. Akademiyada Güney Azərbaycan şöbələri əridilib.
Akademiyanın Rəyasət Heyətində dəfələrlə məsələ bərpa edilsin. Üstəlik, Güney Azərbaycanı öyrənən sektor açmalıyıq. Burda Güney Azərbaycanşünas alimlər yetişdirməliyik. İranşünası yox. Ağamusa Axundovun rəhbərlik etdiyi Dilçilik İnstitut təkcə 8 milyonun dilini yox, 50 milyonluq bir xalqın dilini öyrənməlidir. Kərkükdən Dərbəndə qədər bütün şivələri öyrənməlidir. Bu məsələni qaldıranda Axundov dedi ki, gərək İran səfirliyindən icazə alaq. Görün, akademik belə deyir. Bu cür düşünən adamla nə iş görmək olar? İran Milli Elmlər Akademiyasının İnstitutlarına nüfuz edib. Etnikləri seçib institutların rəhbəri qoyublar. MEA institutlarının əksəriyyəti etniklərdi. İnstitutlar etnikləşib. Gündə Hafizin, Sədinin yubileyini keçirirlər. Bir dəfə Şəhriyarın, Füzulinin yubileyini keçirməz, Güney Azərbaycan ədəbiyyatı ilə bağlı bir tədbir hazırlamazlar. Azərbaycan dövləti buna nəzarət etməlidir. Məncə, bu günün aktual məsələlərindən biri də ikili vətəndaşlıq məsələsidir. Heydər Əliyev bir dəfə dedi ki, Azərbaycan bütün azərbaycanlıların vətənidir.əGüneylilərə ikili vətəndaşlıq versək, nə olar? Erməni niyə verir? Bəla budur ki, güneylilərə ögey yanaşırıq.əVaxtilə Azərbaycanda yüzlərlə güneyli işləyirdi. İndi onların sayı yox dərəcəsindədir. Bakıda güneylilər üçün internat məktəbləri açılmalıdır. Quzeydəki milli dövlətimizi qorumalı, gücləndirməliyik. Bu dövlətin mövcudluğunun özü böyük şeydi. İran buna qısqanc yanaşır. İslahatçıların vasitəsilə bu dövlətin ayağını qazmaq istəyirlər. Ana dilini qoruyub saxlamalıyıq. Güneydə əsas silahımız ana dilidir.
l İranın federallaşması məsələsinə toxunduz. Ancaq bildirirsiz ki, əsas xətt istiqlal olmalıdır. Bəs onda hansı sərhədlər çərçivəsində istiqlaldan söhbət gedir? Türklər İranda entik çoxluqdur, amma bir neçəsi Tehranda və digər ərazilərdə yaşayır...
Əli Nicat:
-Azərbaycanın yeganə məqbul yolu istiqlaliyyətdir. Güney yalnız bu yolla qurtula bilər. Bizə İran federasiyası daxilində muxtariyyət verib, sonra aldadacaqlar. Federallaşma planını qəbul etmirəm.
Şahçı, islamçı, solçu, sağçı, islahatçı olmalarının fərqi yoxdur. Fars şovinistlərinin mahiyyəti birdir. Şəriətmədariyədə muxtariyyət söz vermişdilər, axırı nə oldu? Fars şovinistləri çətin vəziyyətə düşəndə muxtariyyət söhbəti edirlər, vəziyyətdən çıxan kimi yenə ən qeyri-fars millətlərinə ənənəvi yanaşma hakim olur.
Əliyar Səfərli:
- İranın federallaşması bizə heç nə verməyəcək. Yağışdan çıxıb, yağmura düşəcəyik. Ərazimizi əlimizdən alacaqlar. Federasiyadan da neçə on il keçəcək, ondan da qurtulmaq üçün şəhid olacağıq.
l Əliyar müəllim, super güclər istiqlalçılığı qəbul etmirlər. Hələ ki bizə bu çərçivədə mübarizəyə imkan verirlər. Hər yerdə Güney Azərbaycanın istiqlalı deyəndə bunu separatçılıq kimi qiymətləndirirlər...
Ə.Səfərli:
- Hələ heç kim deyə bilməz ki, dünya birliyi istiqlalı qəbul etmir. Biz dünyaya özümüzü qəbul etdirməliyik.
Ə.Rəhimli:
- Bu mübarizəni parçalanmış xalqın birləşməsi istəyi kimi təqdim etməliyik.
Ə.Səfərli:
- Bəli, bəyan etməliyik ki, biz parçalanmış xalqıq, birləşmək istəyirik, separatçı deyilik. Biz İranın etnik azlıq olsaydıq, onda bu mübarizəyə separatçılıq demək olardı. Amma biz etnik çoxluğuna, birləşmək uğrunda mübarizəmiz separatçılıq ola bilməz.
l Çoxluğu təşkil edən Azərbaycan türklərinin İranda hakim etnosa çevrilmək imkanı varmı? Ola bilərmi ki, Qacarlar dövründəki kimi İranı türklər idarə etsin?
Ə.Səfərli:
- Bu xülyadır, özümüzü aldatmayaq. Biz Azərbaycan sərhədləri daxilində iş aparmalıyıq.əBizə Bütöv Azərbaycan lazımdı, bütöv İran yox. Səfəvilərin imperiyası ayrı idi. Biz imperiya qurmuruq, bütöv Azərbaycan yaradırıq.
Ə.Rəhimli:
- Əliyar müəllimlə tam razıyam. Çünki fars şovinizmi heç zaman buna imkan verməz. Farsların içində bizim millətimizdən farslaşmış dönüklər var. Onlar farslardan daha təhlükəlidir. O, şovinizmə türk adı ilə xidmət edir. Biz tarixi sərhədləri bərpa edib türk dövlətini yaratmalıyıq. Bizim başqasının ərazisində gözümüz yoxdur. Onlarla qonşu kimi yaşamışıq, yenə də yaşayırıq. Bir şərtlə ki, müstəqilliyimizi tanısın.
Ə.Rəhimli:
- Tarixi sənədlər var. “Gülüstan” və “Türkmənçay” müqavilələrində hər şey dəqiq göstərilib ki, hansı torpaqlar İrana, hansı torpaqlar Rusiyaya verilib. Biz həmin torpaqları istəyirik.
Ə.Səfərli:
- Bu gün sıx şəkildə harda yaşayırıqsa, o torpaqlar bizimdi, o torpaqlarda dövlətimizi qurmalıyıq. Başda İqrar Əliyev olmaqla tarixçilər xəyanətkar mövqe tutublar. Bu ərazidə mövcud olan türk sülalələri İran dövləti adlandırılıb. O dövlətlərin tərkibində İraq da, Azərbaycan da, İran da vardı.
Aydın Mədətoğlu:
- Orta əsrlər dövlət sistemi başqa idi.əBiz respublika qururuq, imperiya yox. Respublika quranda İranın öz, Azərbaycanın öz sərhədləri olacaq. Bizim heç kimin torpaqlarında gözümüz yoxdu. Elə olsa, gərək Ərzuruma, Qarsa iddia edək. Bizim əsas hədəfimiz öz ərazisi, öz sərhədləri olan müstəqil Cənubi Azərbaycan dövləti və sonra bütövləşmə məsələsidir. Rusiyanın Amerika ilə İran məsəsində mövqeyi toqquşacaq. İran neft ölkəsidir. XXI əsr neft savaşı əsridir. Bu mübarizənin əsas obyektlərindən biri İrandır.

l“Yeganə yol - Güneyin
istiqlalıdır”

l ABŞ dövlət katibinin müavini Riçard Armitacın “azərbaycanlılar İranda etnik çoxluqdur” fikri yəqin ki, təsadüfi deyil. Sizə elə gəlmirmi ki, artıq ABŞ molla rejiminə qarşı mübarizədə Güney Azərbaycan türklərinə “stavka” edir?
Ə.Səfərli:
- Amerika öz mənafeyi üçün Azərbaycan kartından istifadə edib və edəcək. İnqilabi hərəkatçılıq Amerikanın yox, Azərbaycanın mənafeyinə xidmət etməlidir. İstiqamətini başqa tərəfə çevirə bilməz. Ayıq-sayıq olmalıyıq. İran yolunda çox qurban vermişik. Milli Hərəkatımız Azərbaycan uğrunda vuruşmalıdır.
Ə.Rəhimli:
- Azərbaycan xalqı öz dərdlərini özü həll etməlidir. Əgər ABŞ İran məsələsində bizdən istifadə etmək istəyirsə, bu, normaldır. Sadəcə biz hər şeyi ölçüb-biçməli, xalqımızın mənafeyindən çıxış etməliyik.
A.Mədətoğlu:
- ABŞ Azərbaycan kartından həmişə istifadə edib. Onların öz proqramı, öz siyasəti var. Onlar Azərbaycanı öz çıxarlarına görə müdafiə edir. Bizim qarşımızda bir yol dayanır. Bunun adı istiqlaldı. Güneydə istiqlal olmasa, Bütöv Azərbaycan xülya olaraq qalacaq. Güneydə Milli Hərəkat gedir. Biz mükəmməl bir milli proqram hazırlayıb Güneyə göndərmişik. O proqramla bağlı ciddi işlər gedir. Altı aydı o proqram Cənubda fəaliyyətdədir. İnşallah o proqram həyata keçəcək.

u Elman Cəfərli