İstiqlal və azadlıq carçısı:

Şeyx Məhəmməd Xiyabani

 

Abdulla Əmir Haşimi (Cavanşir)

abdulla_55@yahoo.com

 

İstiqlal və azadlıq carçısı –Şeyx Məhəmməd Xiyabaninin şəhadətinin 84-cü ildönümü münasibəti ilə milli və müstəqil hərəkatımızın fəalları, daxildə və xaricdə toplaşaraq, Xiyabani Hərəkatı barədə fikirlər söyləməkdədirlər. Bu barədə Xiyabani dövründə Azərbaycanda, regionda və dünyada baş verən hadisələr, Xiyabaninin onlardan aldığı təssüratı və bu istiqamətdə yaratdığı ideyalar, apardığı işlər və nəhayət hərəkatın məğlubiyyət səbəbləri, Xiyabani Hərəkatının tə’siri Azərbaycanlıların həyatında geniş müzakirə olunur və Xiyabaninin həyat yoluna nəzər salınır.

 

Hamımızın bildiyimiz kimi, Xiyabani, 1880-də Təbriz ətrafında yerləşən Xamne kəndində dünyaya göz açmışdı. Atası –hacı Əbdülhəmid, 30 il ərzində Dağıstanın Maxaçkala şəhərində ticarət ilə məşqul idi. Şeyx Məhəmməd Xiyabani, Xamnedə məktəbə getmiş, sonra isə Dağıstana səfər edərək bir müddət atasının ticarətxanasında işləyib oxuduqdan sonra, Təbrizə qayıtmışdı. Dini elmlər üzərində təhsilini davam etmiş, elm və əxlaqda yüksək səviyyəyə çatmışdı. O, ana-dilimizdə və başqa dillərdə gözəl çıxış qabiliyyətinə sahib olmuşdu. Məşrutədən əvvəl, Təbrizdə Kərimxan məscidində mindən artıq dinləyici qarşısında çıxış edərdi. Təbriz məşrutəçiləri ilə əncümən-e islamiyyə arasında gedən mübarizədə, Xiyabani, Səttarxan ilə Bağırxan və məşrutəçilərin tərəfində dayandı və ictimaiyyun-amniyyun firqəsi ilə əməkdaşlıq etdi. O dövrdə, Azərbaycanın əyaləti əncüməninin üzvlüyünə seçildi və dəfələrlə Vasmınc kəndində oturaq edən Mərkəzi Hökümət nümayəndəsi olan Şazda Eyniddövlə ilə Təbriz məşrutəçiləri arasındakı müzakirələrdə nümayəndəlik etdi. Milli Şura Məclisinin ikinci dövr seçkilərində Azərbaycanlılar tərəfindən deputat seçilib, Tehrana yollandı. 1911-də rusların mükərrər ultimatumlarına qarşı, Xiyabani, sərt çıxışlar etdi.

 

Fransada –ictimai, İngiltərədə –iqtisadi və Amerikada baş verən siyasi inqilabları dərindən öyrənən Xiyabanidə, bölgədə və dünyada baş verən hadisələr –o cümlədən Məşrutə Hərəkatı, Turkiyədə tənzimat inqilabı, birinci dünya müharibəsi və elə həmin müharibədə iştirak edən və qarşı-qarşıya duran xarici ölkələrin (İngiltərə, Rusya və Osmanlı İmperatorluqlarının) kəsik nöqtəsi olan Azərbaycanımız və burada baş verən hadisələr, dərin iz buraxmışdı.

 

Təcəddüd, təməddün, millətlərin istiqlaliyyəti və azadlığı, təkamül, radikalizm və yüksək əxlaqi dəyərlər, xalq kütlələrinə rifah və zəngin mənəviyyat arzuları, Xiyabaninin dünya görüşünü təşkil etmiş, onu yorulmadan ictimai mübarizəyə sövq edərək, 1917-ci ilin fevral ayında Rusyada baş verən burjua-demokratik inqilabı, Tsar İmperatorluğunun dağılması və rusların Xiyabani ölkəsindən çəkilib getmələri, Xiyabani Hərəkatında yeni mərhələnin başlanğıcı idi ki, Azərbaycanda azadlıq hərəkatına təkan verdi.

 

1917-də Tsar ordusu qalıxlarının Urumiyyədə və digər Azərbaycan şəhərlərində cinayətləri, həmin ildən 1920-dək,  ingilis, fransız və amerikanların müxtəlif to’tələri və qurğuları ki, nəticədə erməniləri, assoriləri və kürdləri Marşimonlar, Simitqolar və Andraniklərin rəhbərlikləri ilə silahlandıraraq Azərbaycan türklərinin Azərbaycan şəhərlərində dəfələrlə qətl’am edilmələri, üstə gəl –Azərbaycanda baş verən qıtlıq və qəhətlik, bunlara əlavə 1907-ci il müqaviləsinin ardı olan 1919-da İngiltərənin təklif etdiyi müqavilənin təsdiqlənməsinə çalışan Vüsuqüddövlə Hökümətinin əcnəbilərin əlində oyuncağa çevrilməsi, Xiyabani və onunla bərabər çalışan hacı Məhəmmədəli Badamçı, Kərbəla Əli Həriri, Nöbərilər və digərlərini qət’i qərar almağa gətirib çıxartdı. Belə ki, aprel 1920-də, Şura Məclisinin 4-cü dövr seçkilərindən sonra, Xiyabani və onunla birlikdə çalışan Azərbaycan Demokrat Partiyasının üzvləri, bir İctimai Hey’ət təşkil edərək, müxtəlif dillərdə, Məşrutə Rejiminin həyata keçirilməsi və ümumxalq rifahının tə’min edilməsi barədə bəyanat yaydılar. Bununla, Xiyabaninin başçılığı ilə Azərbaycanda üsyan baş verərək, həmin gündən partiyanın qərargahı İctimai Hey’ətin oturaq yeri oldu. İctimai Hey’ət Təbrizin Alaqapısına köçdükdən sonra Azadistan Məmləkətinin Milli Höküməti adı ilə fəaliyyətini davam etdi. Azərbaycan adının Azadistana dəyişilməsi, Azərbaycanlıların,  Məşrutə dövründə və ondan sonrakı illərdə fədakarcasına azadlıq yolunda apardıqları fəaliyyətlər və qiyam başçılarının xüsusilə mərhum Əmirxizin təklifi ilə inqilab və azadlıq yolunda verilən şəhidlərin xatirəsinin yad edilməsi və yüksək qiymətləndirilməsi üçün olmuşdur. Həmin adın, Mərkəzi Hökümətə qəbul etdirilməsi barədə qərar qəbul edilmişdi. Xiyabani və onun başçılıq etdiyi hökümət, verilən təkliflərin həyata keçirilməsinədək, Mərkəzi Hökümətlə əlaqələri dayandırmışdı.

 

22 şəhrivər 1299 (12 sentyabr 1920)’dək Azərbaycanda illər boyu xarici hücum, işqalçılıq, müharibə, istibdad, aclıq, ölüm və qətl’amlardan sonra sakitlik, rifah, əmin-amanlıq, azadlıq, inkişaf, firavanlıq bərpa edilmişdi.

 

Hər gün Xiyabani, partiyanın orqanı olan təcəddüd binasının qarşısında nütq söyləyirdi, xalqımızın amac və amalını bəyan edirdi, azadlıq, müstəqillik, modernizm, millətin inkişafı, sağlam əxlaq, kənd və şəhər zəhmətkeşlərinin rifahı, qanunun bərpası, iste’mara qarşı mübarizə və gündəlik həyat və məişət məsələləri barədə ana-dilimizdə gözəl və dərin çıxışlar edirdi və xalqımızı inkişafa sövq edirdi –baxmayaraq ki, əcnəbi qüvvələr və onlara qulluq edən əl-altıları yenə də Azərbaycana qarşı to’tələr hazırlayırdılar. Özlərini “demokrat” adlandıran Müşirüddövlə və Müxbirüssəltənələr, üsyançıların səhvlərindən istifadə edərək Qazax ordusu vasitəsi ilə Alaqapıda yerləşən Milli Hökümətin qərargahını ələ keçirirlər. Bu silahlı hücum nəticəsində Azadistan Məmləkətinin Milli Höküməti məğlub olsa da, Xiyabani, həyatının son anlarınadək cəsarətlə dayandı.

 

Şeyx Məhəmməd Xiyabani, 22 şəhrivər 1299 (1920-də) Azərbaycana vali göndərilən Müxbirüssəltənənin verdiyi fərman əsasında, satqınların yardımı ilə Qazax ordusunun muzdurları vasitəsi ilə, şəhadətə yetirildi. Bundan əvvəlki gün, gedib validən Xiyabani üçün əmannamə alınmasının icazəsi ondan istənilmişdi. Xiyabani cavab verir ki: “Mən, düşmən qarşısında dizə çökmərəm! Mən, Məşrutə İnqilabının oğluyam! Mən, Babək Xorrəmdinin nəvəsiyəm ki, ərəb xəlafəti qarşısında böyük rəşədət göstəribdir! Mən, ölümü, təslim olmaqdan üstün tuturam!”

 

Xiyabani Hərəkatı məğlub olsa da, bu hərəkatın ideyaları bu günədək yaşayır və bu ideyaları həyata keçirtmək üçün, Azərbaycanımızın Güneyində, müstəmləkəçi, totaliter və diktator fars şovinizmininə qarşı mübarizə davam edir –Xiyabanidən sonra Rzaxan Mirpənc həmin ideyaları oğurlayıb, möhtəvasından boşaldıb, təcəddüd, modernizm, yeniləşmə adı ilə sun’i şəkildə həyata keçirməyə çalışsa da. Hansı ki, bütün irticai və diktator irqçi və nejadpərəst rejimlərin xasiyyətidir –Hərəkatı qanda boğub, ancaq xalqı sakitləşdirmək üçün yarım-yapalaq hərəkat ideyalarını sözdə tətbiq etmək. Biz bunu, Məhəmmədrza Şahın Ağ İnqilab adı altında, Pişəvərinin həyata keçirtdiyi həqiqi su və torpaq islahatının yamsılamasında da gördük.

 

Azərbaycanın parlaq ulduzu - Şeyx Məhəmməd Xiyabani, və onunla bərabər mübarizə aparıb şəhid olan demokratların ruhları şad, xatirələri əbədi yad ediləcəkdir!