TEHRAN REJİMİNİN
İSLAH OYUNU

Mahiyyətcə mühafizəkar olanlar özlərini cəmiyyətə
"abadlaşdıranlar" kimi sırımağa çalışırlar
SOLTAN
Ötən 25 ildə millətin ictimai-siyasi və iqtisadi
tələblərini ödəyə bilməyən mollakratiya çeşidli
islahlardan istifadə etməyə başlayıb. İnqilabdan
sonrakı ilk illərdə Cihade-Sazəndegi (quruculuq cihadı)
təşkilatı quruldu. Bu qurum, adından göründüyü kimi, ölkənin
yenidən qurulması üçün cihad elan etdi. Həmin təşkilat
bu gün də fəaliyyət göstərməkdədir. Amma
illər ötdükcə, hər dəfə parlamentin tərkibi
və ya prezident dəyişdirildikcə yeni terminlərdən
istifadə olunur; məsələn: Rəfsəncani prezident
olan illərdə onlar özlərini "iş görənlər"
(karquzeran) adlandırırdılar.
Sovetlər dağıldıqdan sonra vəziyyət dəyişdi.
Onlar da dünyanın yeni düzəninə özlərini hazırlamağa
başladılar. Düzdür, bu proses hələ davam
etməkdədir. Ölkədəki ictimai-siyasi və iqtisadi durum,
habelə dünyanın şərtləri Tehran rejimini yeni söz
oynatması ilə manevr etmək zorunda qoydu. Odur ki 1997-ci ildə
M.Xatəmi prezident kürsüsündə oturduqdan sonra "islahat"
terminini cəmiyyətdə hallandırmağa başladılar.
Bununla ölkədə islahat aparmaq niyyətində olduqlarını
dünyaya car çəkdilər. Hətta iqtidariçi "islahatçı"
və "mühafizəkar" xətlərin mövcudluğunu da
gizlətmədilər.
Ötən yeddi ilə yaxın bir dövrdə islahatçılığın
mahiyyəti ölkə vətəndaşlarına və dünyaya
bəlli oldu. Məlum oldu ki, hakimiyyət bu söz oyunu ilə
vətəndaşların ictimai-siyasi və iqtisadi
tələblərini nəinki ödəmək istəyir, əksinə,
cəmiyyətdə artan narazılıqları bu minvalla
sakitləşdirməyə cəhd edir. Bəziləri əvvəlki
illərlə müqayisədə islahatın hansısa uğur
qazandığını da dilə gətirə bilərlər.
Amma dünyanın gərdişi ilə müqayisədə bu
proseslər nailiyyət kimi çox-çox azdır; məsələn:
sivil dünya daşqalağa, şallağa, əhalinin gözü qarşısında
edama vəhşilik kimi baxır. İranda isə bunu çox adi
şəkildə həyata keçirirlər. Yəni ölkənin hüquq
sistemində islahatdan əsər-əlamət belə yoxdur.
Bu ilin fevralında ölkə parlamentinə seçkilər keçirildi.
Seçkilərdə nə islahatçı, nə də mühafizəkarların
qalib gəldiyi elan edildi. Yeddinci parlamenti "abadlaşdıran"
(abadgəran) cərəyanının udduğu bildirildi. Əslində,
bu cərəyanın təmsilçiləri mühafizəkarların
görünməyən tərəfidir. Onların bir çoxu əvvəllər
islahatçı kimi Xatəminin prezidentliyini müdafiə etmişdilər.
Lakin zaman və şərait, eləcə də rejimin
diktəsi belələrini "abadlaşdıranlar"
xəttində birləşdirdi. Heç kimə sirr deyil ki, ölkə
parlamentinə namizədlər Nəzarət Şurasının
süzgəcindən keçdikdən sonra təsdiqlənib. Eləcə
də bu şuranın rəyi ilə onlar deputat mandatı
əldə ediblər.
"Abadlaşdıranlar" əvvəlki parlamenti daha çox
siyasiləşdiyi üçün tənqid etməyə başlayıblar.
Onlar mövcud ictimai-siyasi və iqtisadi problemlərin həll
olunmamasında altıncı parlamenti günahkar bilirlər. Bu
metod iş görmək qabiliyyəti zəif olan ali icraedici,
qanunverici orqanlara xarakter xüsusiyyətlərdir.
Yuxarıda qeyd etdik ki, "abadlaşdıranlar" elə
əslində mühafizəkar xəttin təmsilçiləridir.
Sadəcə olaraq onlar cəmiyyətdə siyasi fəallıq
baxımından az tanınıblar. Habelə bir qayda olaraq
rejimin və fars şovinist ideologiyasının dayağı,
təbliğatçıları olublar. Belələrindən bir neçəsi
haqda məlumatı diqqətinizə çatdırmaq istərdik.
Özünü neytral hesab edən iranlı analitiklərin fikrincə,
sonuncu - yeddinci parlament seçkisində seçicilərin 50 faizinə
yaxını iştirak edib. Əvvəllər Tehran əhalisi
bu siyasi kampaniyaya bir fikirlə qatılırdısa, indi seçkiyə
fərqli fikirlərlə gedib. Tehrandakı 39 namizəddən
29-u deputat vəsiqəsi ala bilib. 9-u isə 2-ci turda onu əldə
edib.
Bu 39 nəfərin arasından iki nəfərin qalib
gələcəyi çox ehtimal olunurdu. Onlardan biri məclisin
indiki sədri Qulaməli Həddad Adildir. Onun haqqında
qəzetimizin ötən saylarında məlumat vermişdik. Bu
şəxs "abadlaşdıranlar" siyahısına başçılıq
edənlərdən olub. O, Tehran universitetində Kant
fəlsəfəsini tədris edirmiş. İran İslam Cümhuriyyətinin
maarif və elm sahəsində tanınmış şəxslərdəndir.
Q.H.Adilin fars şovinistlərindən biri olduğu ölkədə
fars olmayan millətlərin ziyalılarına çoxdan bəllidir.
O, çətinliklə də olsa, 6-cı məclisə yol tapa
bilmişdi. Parlamentdə böyük bir qrup özünü islahatçı, o
biri qrup mühafizəkar adlandırırdı. Fraksiyası
bəlli olmayanlar isə "azlıqlar" fraksiyasında
cəmləşmişdilər. Onların başında isə
Q.H.Adil dayanırdı. İndi 6-cı məclisi tənqid
edən parlament sədri o vaxtlar islahatçıların qarşısında
susurdu. Çox nadir hallarda o bu məclisə qarşı tənqidi
münasibət söyləyirdi.
Adil ölkədəki mövcud rejimin ən qatı tərəfdarıdır.
Sonuncu seçkidən sonra "Röyter" agentliyinə bildirmişdi
ki, İranı islami Yaponiyaya çatdıracaq. Çoxları hesab
edirdi ki, o, siyasətdən gedərək maariflə məşğul
olacaq. Amma Adil bu deyilənlərin əksinə olaraq
siyasətdə qalmasını belə izah etmişdi: "İşgüzarlıq
məni siyasətə çəkib".
Əhməd Təvəkkülini etirazçı siyasətçi kimi tanıyırlar.
O deyib ki, 7-ci məclis 6-cıdan daha çox M.Xatəmi hökumətini
müdafiə edəcək. Ə.Təvəkküli Behşəhrdən
deputat olub. O, seçkidən dərhal sonra parlament rəyasət
heyətinin sədri seçilib. Bu deputat əvvəllər keçmiş
baş nazir Musəvinin kabinetində əmək naziri və hökumətin
sözçüsü olub. Bir sıra yazarlar bildirirlər ki, onun etiraz
səsi 1983-cü ildən eşidilməyə başlayıb. O,
həmin illərdə hökumətin iqtisadi proqramını
tənqid edirmiş. Əmək naziri postundan istefa verdikdən
sonra heç bir dövlət vəzifəsində çalışmayıb.
Ümumiyyətlə, hakimiyyətdəki böyük
vəzifələrdən kənarlaşdırılanlar uğurlu
qəzetçi də ola bilirlər. Ə.Təvəkküli 1985-ci ildə
"Risalət" qəzetini açıb. Sonralar o, "Fərda"
adlı mətbuat orqanını təsis edib. Hər iki
qəzet davamlı surətdə rejimin ana xəttini
cidd-cəhdlə müdafiə edib. Bu o adamlardandır ki, birinci
olmasa da, həmişə ikinci olub. Onun əsas fəaliyyət
dairələrindən biri hakimiyyətdəki rüşvətxorluq
və bu kimi fəsadlarla mübarizə olub. Ə.Təvəkküli
7-ci məclisə "Təmiz iş sistemi, təmiz hökumət
və təmiz millət!" şüarı ilə gəldiyini
bəyan edib. 20 ildən sonra ilk dəfədir o, məsul bir
vəzifəni boynuna götürüb. Onun da deputat olacağı öncədən
bilinirdi. Ə.Təvəkküli seçkilərdən öncə
bildirmişdi ki, 7-ci məclisdə büdcə və planlaşdırma
komissiyasının sədri olacaq. Onu gələn il keçiriləcək
prezident seçkisində namizəd kimi görənlər də var.
Hüseyn Müzəffər - çoxları onu İki xordad
cəbhəsindəki (Xatəmini müdafiə edən təşkilat)
cinahlardan birinin məğlub olmuş üzvü kimi tanıyırdılar.
O özünü ənənəvi islahatçı hesab edir. Ona görə
də çağdaş islahatçılar tərəfindən
qəbul edilməyib. Müzəffər 5-ci məclisə seçkilərdə
az səs toplamışdı. Sonralar o, islahatçı kimi tanınmağa
çalışdı, bu parlamentdə isə "abadlaşdıranlar"ın
fraksiyasında deputat oldu. 1997-ci ildə Təhsil Nazirliyində
o, "siyasi təmizləmə əməliyyatı" keçirdi.
Bu o vaxtlar idi ki, həmin dövrdə onlar Xatəmiyə səs
vermədilər. Hüseyn Müzəffər iki cinahda da təmsil
olunmuş adamlardandır.
Hüseyn Fədai - o da "abadlaşdıranlar" birliyinin
fəal üzvlərindəndir. Bu qurumun nəzarət-təftiş
komissiyasının sədri olub. Bir müddət məşhur
"Rifah" ticarət şəbəkəsinin sədr müavini
vəzifəsində çalışıb. Əvvəllər
İslam İnqilabı Mücahidləri Təşkilatının
üzvü olub. H.Fədai islam inqilab keşikçiləri qvardiyasının
məclisdəki təmsilçilərindən biri imiş. Başqa
sözlə, indi "abadlaşdıranlar" fraksiyasında olsa
da, mühafizəkarlar adlandırılan xəttin müdafiəçilərindən
olub.
Əmirrza Xadim - idmançıdır. Heç bir siyasi çevrəyə
aid olmadığı bildirilsə də, əslində, onun
siyasi fəaliyyətindən xəbərsiz olan az adam tapılar.
Rejim bu tip idmançılardan öz marağı üçün istifadə edib.
Hətta o, Tehrandakı seçki siyahısında üçüncü yeri tutub.
Səid əbu-Talib - ölkə televiziyasında sənədli
filmlər hazırlayıb. Aparılmış təbliğat
nəticəsində ən qısa müddətdə "milli
qəhrəman"a çevrilib. Bir zamanlar əsirlikdə olub. Ölkənin
Xarici İşlər Nazirliyi və media onun əsirlikdən
qurtarması istiqamətində çox çalışıb. 100 gündən
artıq bir müddətdə S.əbu-Talib haqda məlumatlar
xəbər başlığı olub.
Seyid Mehdi Təbatəbai-Şirazi - o, ölkə radio və
televiziyasında rejimin əxlaqla bağlı verilişlərində
çıxış edib. Buna görə də hesab olunur ki, çox yüksək
səs qazanıb. Bir neçə il öncə o, Musa ibn-Cəfər
məscidində camaat imamı işləyib. Mühafizəkarların
aparıcı təşkilatlarından sayılan Mübariz
Ruhaniyyət Cəmiyyətinin üzvü olub.
Əhməd Əhmədi - fəlsəfə üzrə doktorluğu
ABŞ-da müdafiə edib. 1997-ci ildə Xatəminin prezidentliyini
dəstəkləyib. Sonralar Tehranda çıxan "Keyhan"
qəzetinə müsahibə verərək mövqeyini dəyişdiyini
bəyan edib.
İmad Əfruğ - Tehran universitetindəki "abadlaşdıranlar"ın
tanınmış nümayəndələrindəndir. O, bir müddət
öncə keçmiş elm və ali təhsil naziri doktor Moininin
hərəkətlərinə etiraz edərək tutduğu
vəzifədən istefa vermişdi. Xatırladaq ki, Moini də
hazırda nazir işləmir. Ötən ilin yayında
tələbələrin etiraz aksiyaları zamanı həbs
edilmişlərin universitetlərdən qovulması ondan
istənilmişdi. O zaman doktor Moini buna etiraz edərək istefa
verməyi üstün bilmişdi. Göründüyü kimi, İ.Əfruğ
tələbə hərəkatına qarşı çıxanların
ən bariz nümunəsidir. O, 1991-ci ilin sonlarında İran
Strateji Araşdırmalar Mərkəzinin rəisi olub. Bu qurumun
siyasi bölməsinə isə 1998 - 99-cu illərdə həbs
edilərək ETTELAAT-ın təcridxanasında müəmmalı
şəkildə intihar etmiş Səid Həccarian (İmami)
başçılıq edirdi. Əfruğ iqtisadi-ictimai və
ieoloji baxımdan dünyəviləşmənin, eləcə
də hər cür sərmayədarlığın əleyhinədir.
O da bir vaxtlar Xatəmini dəstəkləyənlərdən
olub.
Bu siyahıdan göründüyü kimi, özünü "abadlaşdıranlar"
elan etmişlər siyasi-ictimai və ideoloji baxışlarına
görə heç də mühafizəkarlardan fərqlənmirlər.
Sadəcə olaraq özlərinə yeni ad qoyublar. Ehtimal olunur ki,
2005-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərində
də onlar bu addan yararlanacaqlar...