ŞAH BABAMIZ - XƏTAİ

Onun qurduğu Səfəvilər dövləti Avropa, Asiya və Afrika qitəsində yerləşməklə ərazisi 3.5 milyon kv.km. idi
Bu gün Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin (Səfəvi) anadan olmasının 517 ili tamam olur.
Lakin nədənsə Xətai ilə bağlı tarixi məqamlar Azərbaycanda dövlət səviyyəsində qeyd olunmur. Hələ üç il bundan əvvəl Xətainin taxta çıxmasının 500 ili tamam olanda da Azərbaycanda bu tarixi hadisə qeyd olunmadı. Məlumatlara görəsə, bunun üçün hətta hökumət komissiyası da təşkil olunubmuş.

Tarixi mənbələrdə yazılır ki, 1500-cü ilin sonunda Gülüstan qalası yaxınlığındakı döyüşdə Şirvanşah Fərrux Yasarın, 1501-ci ildə isə Naxçıvan yaxınlığındakı Şərur düzündə Ağqoyunlu Əlvənd Mirzənin qoşunlarını məğlubiyyətə uğradan qızılbaşlar Təbrizə maneəsiz daxil olaraq İsmayılı şah elan ediblər. Beləliklə, Səfəvilər dövlətinin əsası qoyulub.
Şah İsmayıl Xətai tərəfindən əsası qoyulan bu dövlət Azərbaycan, Şərqi Ermənistan, Şərqi Gürcüstan, İran, Cənubi Türküstan, Əfqanıstan (Bəlx vilayəti istisna olmaqla), bəzi dövrlərdə İraqi-Ərəb və digər əraziləri əhatə edib.
Beləcə, Səfəvilər dövləti 3 qitədə - Avropa, Asiya və Afrikada yerləşib və ərazisi 3.5 mln. kv.km. olub.
Səfəvilər sülaləsi tərəfindən idarə edilən bu dövlətin paytaxtı müxtəlif vaxtlarda Təbriz, Qəzvin və İsfahan, mühüm şəhərlərisə Təbriz, Gəncə, Naxçıvan, Ərdəbil, Şamaxı, Bakı, Dərəbənd, Marağa, Qəzvin, İsfahan, Həmədan, Şiraz, Məşhəd, Herat, Yəzd, Kirman olub. Bu dövlətdə Azərbaycanın qızılbaş tayfaları (dövlətin bəzən Qızılbaşlar dövləti adlanması da buradandır) və oturaq Ərdəbil feodalları əsas rol oynayıb. XVI əsrin sonlarınadək müstəsna hüquq və imtiyazlara malik olan qızılbaşlar dövlət və saray xadimləri, qoşun komandanları və əyalət hakimləri təyin ediliblər. Fars və başqa etnik nümayəndələrinsə yalnız mühasibatda, dəftərxanada və sair yerlərdə ikinci dərəcəli vəzifələr tutmaq səlahiyyətləri olub. Bircə onu xatırladaq ki, XVI əsrin ortalarında 74 əmirin 68-i azərbaycanlı idi. Sarayda və orduda Azərbaycan dilinin hakim olduğu Səfəvilər dövlətininin ictimai, iqtisadi, siyasi və mədəniyyət mərkəzi Azərbaycan idi.
Şah İsmayıl Xətai hakimiyyəti dövründə həm siyasət, həm də şer sənətinin klassiki kimi Azərbaycanı dünyada yaxşı tanıda bilmişdi. Bu mənada onun hakimiyyəti və yaradıcılığı birlikdə tarixi əhəmiyyət kəsb edir.
Xətai F.Bekon, Məhəmməd Füzuli və digər dahi şəxsiyyətlər, alim və şairlər tərəfindən yüksək qiymətləndirilmişdir.
Tarix elmləri doktoru, professor Oqtay Əfəndiyev Şah İsmayıl Xətainin qurduğu dövlətin Azərbaycan dövləti olduğunu ilk dəfə 1961-ci ildə yazdığını, amma Moskvada elmi işində onu Səfəvi dövləti kimi müdafiə elədiyini qeyd edir. "Elmi rəhbərim Zaxader mənə dedi ki, "onlar türkdürlər və bu, sizin tarixinizdir, ancaq oraya "Azərbaycan" sözü yazsan, səni müdafiə etməyə qoymayacaqlar". Düzü, mən aspiranturaya girəndə bu mövzunu da mənə o vermişdi. Ona qədər bizim tarixi oturaq mədəniyyətdə arayırdılar, amma biz oturaq deyildik ki... Biz yarımköçəri idik və dövlətin hərbi qüvvəsi də burada idi. Belə baxanda oturaq əhali heç tarixə düşmür, tarixə əsasən hərbi yürüşlər düşür. Bunlar isə Azərbaycan tarixində həmişə türklərlə bağlı olub və həmin türklər də bizik. Ruslar isə bizi Dədə Qorquddan ayırdıqları kimi, türklərdən də ayırmaq istəyirdilər. Deyirdilər ki, "türklər vəhşi köçərilərdir, düşməndirlər". Amma bizim keçmişimizdə isə türklərdən başqa heç nəyimiz yox idi".
Professor daha sonra qeyd edir ki, o dövrdə Petruşevski kimi böyük alim ilk dəfə yazdı ki, "Səfəvilər - bu türkmənlər sarayda və orduda Azərbaycan dilində danışırdılar".
O.Əfəndiyev deyir ki, hətta Petruşevski bunu yazanda çox qorxurmuş. "Qorxurmuş ki, tutub soxarlar içəri. Yəni bizə işarə verirdi ki, Səfəvilər öz ana dilində danışırdılar. Ondan sonra biz başladıq. İndi bunu türkiyəlilər də qəbul edir".
O.Əfəndiyev Şah İsmayıl Xətainin guya farsca da yazması barədə deyilənlərə də aydınlıq gətirdi. Onun məlumatına görə, Xətainin farsca heç nəyi yoxdur, "Divan"ı da, "Dəhnamə"si, də "Nəsihətnamə"si də türkcədir.
Fəlsəfə elmləri namizədi Nazim Hüseynovsa qeyd edir ki, "Hatayi divanı"nda öz əksini tapmış "Bir olsun, birlik olsun, dirlik olsun..." ifadəsi Xətainin siyasi mövqeyini əks etdirir və mühüm elmi-nəzəri, əməli əhəmiyyət kəsb edir. Onun fikrincə, Şah İsmayıl türk dilini dövlət dili elan etmiş və xarici müəlliflərdən birinin yazdığı kimi bu dili fars dili ilə yanaşı şer, poeziya dilinə çevirmişdir. Xətai rəsmi dövlət sənədlərinin türk dilində yazılmasında və türkcə divanında elmi terminologiyanın yaranmasında böyük xidmət göstərmişdir. O, türk dilində elmi-fəlsəfi əhəmiyyətə malik olan şerlər yazmışdır. "Xətaninin saray və orduda türk dilini hakim mövqeyə çatdırması, dini şerlərini bu dildə yazması dilimizin inkişafında müstəsna xidmətidir".
N.Hüseynova görə, Xətai Azərbaycan ədəbiyyatının əvəzolunmaz klassikidir. "Peşəkar alimlər şair Xətaini hökmdar Xətaiyə uyğun hesab etmişdir. Yaradıcılığı Azərbaycan ədəbiyyatında Nəsimi və Füzuli mərhələsi kimi də qəbul edilir. O, şifahi xalq ədəbiyyatının yazıya köçürülməsi və sarayda ədəbi məclislər keçirməsi ilə Azərbaycan ədəbiyyatına əvəzolunmaz xidmət göstrəmişdir".
N.Hüseynov Şah İsmayılı həm də böyük bir sərkərdə kimi xarakterizə edir. Dediyinə görə, Xətanin döyüş taktikasında "Turan taktikası" - "qurd-qurd" oyunu haqqında da yazılmışdır. "Bu taktika belə izah edilir: rəqibin qarşısından qaçan kimi görünərək, münasib hesab edilən yerə kimi təqib olunursan və qəfildən əks hücuma keçirsən".
Şah babamızın hakimiyyətdə olduğu illər Azərbaycan hərbi, iqtisadi və siyasi qüdrətinə görə ən böyük dövlətlərindən biri idi. Azərbaycanın Avropa ölkələri ilə siyasi, iqtisadi və müdafiə sahələrindəki əlaqələri Xətainin hökmdarlığı illərində sistemli xarakterə malik olmuşdur və o, bu sistemli əlaqələrin banisidir.

Xanoğlan ƏHMƏDOV