Doktor Cavad Heyət: "Məni siyasətə qarışdırmayın"

"Doktor Cavad Heyəti Azərbaycanda tanımayan kimsə tapılmaz" desəm, zərrə qədər səhv etmərəm. Gözəl cərrah və türkoloq Cavad Heyət Tehran Azad İslam universitetinin professorudur. Əlli ildən çoxdur ki, cərrahlıqla məşğuldur. Tehran-Pars xəstəxanasında çalışmaqla yanaşı, özünün də xüsusi klinikası var. İranda ilk dəfə açıq ürək cərrahiyyəsini məhz Cavad Heyət həyata keçirib. Fars dilində cərrahlıqla bağlı üç cildlik dərs kitabının, eyni zamanda ikisi fars və beşi türk dilində olan yeddi cildlik türkoloji kitabın müəllifidir.
Doktorun Bakıya tez-tez yolu düşür. Budəfəki səfərində iki məqsədi var: biri həkimlik, biri də azərbaycanlılarla görüşmək, dərdləşmək.
Biz də onunla görüşüb sadəcə, dərdləşmək istədik. Təklifimizi qəbul edən Cavad Heyət söhbətə "Varlıq" dərgisindən ilə başladı:

- 26 ildir ki, türk və fars dilində ədəbi-mədəni "Varlıq" dərgisini çıxarıram. Dərgi Bakı, Türkiyə, ABŞ və Avropa ölkələrinə də yayılır. Bizdə İslam inqilabından sonra dilimiz sərbəst buraxıldı. "Varlıq" dərgisi bir məktəbdir. Xalqımıza ədəbi dilini, dilimizin ədəbi qaydalarını, qrammatikasını, ədəbiyyatmızı, tariximizi öyrədir. Bu mövzuda silsilə məqalələr gedir. Dərgi İranda uzun müddət təkbaşına çıxırdı, amma indi ana dilimizdə 50-dən çox qəzet və dərgi var. Hansı şəhərdə universitələr və orda azərbaycanlı tələbələr varsa, onlar toplanıb iki dildə dərgi və ya qəzet çıxarırlar.
- Ancaq mətbuatdan İranda türk dilinə bir yasaq olduğu barədə məlumatlar oxuyuruq...
- Belə yasaqlar Pəhləvilər zamanında da vardı. Sizin informasiya bundan 27 il əvvələ aiddir.
- Bəs Azərbaycan dilində məktəblər barəsində nə deyə bilərsiniz?
- Məktəb başqa, qəzet, dərgi başqa. Mən sizə söylədim ki, "Varlıq" bir məktəb halına gəlib. Çünki məktəblərdə türkcə yox idi və bu işi "Varlıq" öhdəsinə götürmüşdü. İndi məktəblərdə də bu işi başlamışlar. Təbriz, Urmiyə, Tehran və Ərdəbildə universitələrdə "türk dili və ədəbiyyatı" kafedraları açılıb. Günü-gündən mədəniyyətimiz irəliləməkdədir və yasaq deyil.
- Eşitdiyimizə görə, bu yaxınlarda Krımda düzənlənən I Türkoloжi simpoziumda türkoloq kimi məruzə etmisiniz?
- Bəli, orada bir dəfə çıxış yapmalıydım, ancaq beş dəfə çıxış yapdırdılar. Əsas məruzəm də "İranda türk kültürünün durumu" haqqında idi.
- Bəlkə bu haqda bizə də məlumat verəsiniz?
- İranda türk kültürü türkdilli xalqın arasında yayılır. Bu kültür daha çox min ildən bəri şifahi sahədə inkişaf etmişdir. Məsələn, aşıq ədəbiyyatı formasında. Amma bizim eyni zamanda 700 illik yazılı ədəbiyyatımız, mədəniyyətimiz də var. Bildiyiniz kimi bu, siznən ortaqdır. Həsənoğlu ilə, Nəsiri Bakuvi ilə başlayıb bu günə qədər də davam edir. Amma İranda Azərbaycan türklərindən başqa türklər də var. Məsələn, türkmənlər, kiçik-kiçik türk xalqları olan sonqurlar, xələclər, Xorasan türkləri və s. Onların kültürləri daha çox sözlü, şifahi xalq ədəbiyyatı olub. Türkmənlərin Məhtimquludan bəri 200 sənə yazılı ədəbiyyatı da vardır. Amma ən əski bizimkidir. Bizim 700 illik yazılı ədəbiyyatımız, mədəniyyətimiz var. Pəhləvilər dönəmində 50-60 ilə yaxın yazı dilimiz, yazılı ədəbiyyatımız qadağan olmuşdu. Onun üçün də yazı dilimiz geriləmişdir. Ancaq buna rəğmən o dövrdə bizim böyük şairlərimiz ana dilində əsərlər yazmışdılar. Şəhriyar "Heydər baba"nı ana dilində yazmışdı. Səhənd Dədə Qorqud dastanlarını şerə çəkərək, o dövrdə gizli surətdə "Sazımın sözü"nü yaratmışdı. Yəni Pəhləvi dövründə də bizim fəaliyyətimiz olmuşdu. Elə o dövrdə Şəhriyarı Təbrizdən Tehrana gətirib evdə türk və farsca ədəbi məhvil düzəltdik. Bizim əsas yazı dilimiz, yazılı ədəbiyyatımızsa İslam inqilabından sonra çiçəklənməyə başladı. Çünki İslam inqilabından sonra bizim dilimizdə də bütün xalqların dilləri ilə birlikdə rəsmiyyətlə tanındı. Pəhləvi zamanında türkcə qəzet çıxarmaq qadağan idi. Bu qadağa İslam inqilabından sonra aradan qalxdı. Hətta Ana Yasamızda dilimizin rəsmi tanınması, oxunması və öyrənilməsi 15-ci maddədə öz əksini tapıb. Biz də bu haqdan faydalanırıq, "Varlığ"ı çıxarırıq. İndi bu iş məktəblərdə, universitələrdə də başlayıb. Amma biz istəyirik ki, bu iş ilk məktəblərdə də başlasın və başlayacaq. Çünki bu istiqamətə gedirik.
- Mətbuatın yazdığına görə, İranda azərbaycanlıların hüquqları pozulur, mətbuata basqılar var və s. Mətbuatda təqdim olunan İranla sizin yaşadığınız arasında hansı fərqlər var?
- Mən İranı sizə siyasi yox, ancaq mədəniyyət baxımından təqdim edirəm. Mən siyasi adam deyiləm, siyasətə də qarışmaq istəməm. Çünki mənim düşündüyüm hava, nə burda var, nə orda. Onun üçün də qətiyyən siyasətə girmərəm və girməmişəm də. Siz də siyasi sual versəniz, cavab vermərəm. Mən bir aliməm, kültür adamıyam, elmlə, mədəniyyətlə məşğulam, siyasət adamı deyiləm. Mən siyasət adamlarını çox kiçik görürəm, nə qədər böyük yerlərdə otururlar-otursunlar. Siz mənə siyasi suallar verməyin. Mən Çöhrəqanlı deyiləm ki, siz mənə siyasi suallar verəsiniz, mən də ağzıma gələni deyəm. Ondan sonra da düşəm dərbədər, bu diyara, o diyara. Öyləmi yapmaq istəyirsiniz məni?
- Allah eləməsin...
- Bəs nədən böylə siyasi suallar verirsiniz?
- Yaxşı, mövzunu dəyişək. Müasir dövrdə türk dilinin problemləri barədə nə deyə bilərsiniz?
- Onunla mədəni baxımdan biz məşğul oluruq, siyasi baxımdan da siz məşğul olun.
- Mən ümumi türk dilinin problemləri barədə soruşurdum...
- Ymumi türk dilinin problemləri başqa. Bu, min ilin müddətincə bir-birindən ayrılıb. Çünki türklər müxtəlif yerlərdə yerləşib vətən yapmışdılar. Müxtəlif ləhcələr, müxtəlif dillər törənmişdir. Bu gün əski sovetlərdəki türklər bir-birilə hələ də, rusca danışıb anlaşırlar. Bu, doğru-düzgün bir şey deyil. Baxın, ərəblər 22 il ölkədə yaşayır, amma bir ortaq dilləri var: Quran dili. Onlar Quran dili ilə anlaşa bilirlər. Türk dünyasındasa hələlik belə bir şey yoxdur. Amma yavaş-yavaş ortaq türkcəyə getmək lazımdır ki, rusca analaşmaya ehtiyac olmasın. Türk dilinin problemi konkret şəkildə yeni ortaya çıxmışdır. Çünki siz nə qədər ki, Sovetlərin tərkibində idiniz, belə bir problem yox idi. Çünki rusca anlaşardınız. İndisə türk türklə qarşılaşanda necə anlaşsı problemi ortaya çıxıb. Bu problem zaman gələndə həll olunacaq.
- Doktor, biz rusca danışırdıq, siz də farsca...
- Mən elə demədim. Elə biz ikimizdə bir-birimizə tayıq. Bizim orda dilimiz yeni rəsmiyyətə girməyə başlamışdır. Hələ də ilk məktəblərdə bizim dilimiz oxunmur. Amma zamanında oxunacaq. Hətta bu baxımdan siz bizdən bir az da irəlidəsiniz, ilk məktəblərinizdə dərs oxunur. Amma siz bir özbəklə qarşılaşan zaman dediyim problem ortaya çıxır. Rusca danışmağa məcbur olursunuz. Bu da bu günün işi deyil.
- İran-Azərbaycan mədəni əlaqələrinin bugünkü durumu və problemləri barədə düşüncələriniz necədir?
- Yaxşılığa, dostluğa, mənim arzu etdiyim tərəfə doğru gedirik. Bunun 6-7 aydır ki, şahidiyəm. Belə davam etsə, gələcəkdə çox problemimiz çözüləcək.
- Türkoloq kim hazırda hansı mövzu üzərində işləyirsiniz?
- İndi kitablarımın redaksiyası ilə məşğulam. Türkiyədə tərcümə olunmuş "Türk dillərinin tarixi" adlı böyük kitabımın redaksiyası ilə məşğulam. "Varlığ"ın yaşaması üçün də elmi məqalər hazırlamaq lazımdır. Bunlar məni məşğul edir. Əgər vaxt tapsam, xatirələrimi təkmilləşdirəcəm.
- Rəhmətlik Şəhriyarın müasiri və dostu olmusunuz. Bu xatirələriniz də necə qalıb?
- Şəhriyar mənim çox yaxın dostum idi, onunla 60 il dost olmuşam. Təbrizdən Tehrana gətirmişəm, gəlib altı ay bizdə ailəsi ilə qalıbdır. Orada biz türk və fars dillərində iki dilli ədəbi məhvil yaratmışdıq. Şəhriyar "Varlığ"ın redaksiya heyətinə daxil olub, dərgiyə çoxlu şerlər yazıb. "Varlığ"ın birinci sayı çıxandan sonra bizə məktub göndərdi və "Azadlıq quşu-Varlıq" adlı bir şer yazdı. O həmişə bizimlə bərabər idi. Mən Şəhriyarı çox sevərdim. O bizim həm müasir Hafizimizdir, həm türk dünyasının ən böyük şairlərindəndir.
- Bəlkə böyük ustadla bağlı xatirələrinizdən birini danışasınız?
- Şəhriyar Tehranda bizim evdə qalanda bir gün şahın xanımı kraliça Fərəh köməkçisini onun yanına göndərmişdi. Kraliça köməkçisindən Şəhriyara çoxlu salam və belə bir sifariş göndərmişdi: "Mən razı deyiləm ki, Şəhriyar ailəsi ilə Doktor Cavad heyətin evində daimi qalsın və onlara zəhmət versin. Mən istəyirəm, ustada Tehranda bir ev alam. Ustad icazə versin, ona bir ev alım və ailəsi ilə o evə köçsün". Ustad Şəhriyarsa bunun əvəzində salamını kraliçaya çatdırmağı xahiş etdi: "Kraliçaya deyin ki, çox sağ olsun. Mənim evə ehtiyacım yoxdur. Kraliça öz lütfünü göstərmək istəyirsə, göstəriş versin mənim Divanım türkcə də basılsın. O kitabın satışından özümə ev də ala bilərəm". Mən buna şahidəm ki, kraliça ustadın xahişinə əməl etmişdi.
- Doktor, əlinizin birində bıçaq, birindəsə qələm tutmusunuz. Həm gözəl cərrah, həm də istdadlı qələm sahibisiniz. Sizin qisminizdə bıçaq və qələm müqəddəs olmaqla yanaşı, müqəddəs niyyətlərə də xidmət edir. Ancaq bu çox ağır yükdür və olduqca məsuliyyətlidir. Bu iki məsuliyyəti bölüşmək çox çətindir. Ağır yükün altından necə çıxa bilirsiniz?
- Yüküm ağırdır və onun üçün deyirəm ki, sən də bir siyasət yükünü yükləmə mənə. Bu iki yük kafidir mənimçün, ayrısını istəmirəm. Mənim işim qələmdir. Bu gün üçün qələm daha vacibdir. Bilirsiniz, siyasət mədəniyyətə dayanmasa, bir gün gələr, bir gün gedər. Onun üçün hər şeyin bünövrəsi, təməli mədəniyyətdir, kültürdür, fərhəngdir.
- Mənə elə gəlir ki, Sovetlər dönəmindəki əlaqələrimiz indikindən daha sıx idi. Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin Şəhriyarla yazışmasından, digərlərinin də bu əlaqələrin yaradılmasında körpü olmasından çoxlarının xəbəri vardı. Ancaq indiki əlaqələr sanki yetərli deyil...
- Səbəbi budur ki, o vaxt bir həsrət vardı, görüş yox idi. Onda göz yaşlarımız, nalə-əfqanlarımız göyə gedirdi. Ancaq indi dəmir pərdə yırtılıb gəlib görüşürük.

Xanoğlan ƏHMƏDOV