Bəzz yürüşü, yoxsa siyasi alver?

Altı ildir ki, Güney Azərbaycanda yaşayan soydaşlarımız Babəkin doğum günündə onun müdafiə qalası olan Bəzz qalasına yürüş edirlər. Hər il də bu yürüşlər bir neçə gün fərqli olmaqla, müxtəlif vaxtlara təsadüf edir. Bu ilsə yürüşün vaxtının təyin edilməsilə bağlı olduqca ziddiyyətli məqamlar ortaya çıxdı və Güneylə bağlı təşkilatlar bir-birlərinə qarşı açıq ittihamlara başladılar. Güney Azərbaycan Milli Oyanış Hərəkatı yürüşün iyulun 8-9-da, Dünya Azərbaycanlıları Konqresi 3-4-də, birbaşa İran hakimiyyətilə bağlı qüvvələrsə 1-2-də keçiriləcəyini bildirdilər. Azərbaycanı bütövləşdirmək, müstəqilləşdirmək şüarlarını irəli sürən təşkilatlar nə üçün belə bir məsələdə bir araya gələ bilmirlər? Nədən onlar bilə-bilə qüvvələrin parçalanmasına şərait yaradırlar? Məsələylə bağlı GAMOH Bakı bürosunun rəhbəri Hüseyn Türkelli və DAK-2-nin sədr müavini Teymur Eminbəyli öz fikirlərini bildirirlər.

DAK kimdir, neçədir?

Bəzz yürüşünün vaxtının dəqiqləşdirilməsilə bağlı problemlər nədən ortaya çıxdı? H.Türkelli bunun üç səbəbinin olduğunu deyir. "İyulun 1-2-si Fatmeyi Zəhranın vəfatı gününə, tələbələrin və abituriyentlərin imtahanı gününə təsadüf etdiyindən yürüşün məhz 8-9-na təyin olunması vacib bilinib". Türkelli DAK-dakıları öz işlərilə məşğul olmağa çağırır. "Onlar gedib öz problemlərilə məşğul olsunlar.
DAK kimdir, neçədir? Bəzz qalasına yürüşü GAMOH keçirir. Bunun da hansısa diaspor təşkilata aidiyyatı yoxdur, bu, gülüncdür".
DAK-ı ittiham edən H.Türkelli onların Şuşanın işğalı günü ilə bağlı Güney Azərbaycanda və dünyanın 50 ölkəsində böyük aksiyalar keçirəcəklərini xatırladaraq buna nail ola bilmədiklərini deyir. "Nəinki dünyanın 50 ölkəsində, Təbrizdə bir adam tapıb küçəyə çıxara bilmədilər. Sonra gördülər ki, biabır olurlar, dedilər, insanlar axşam dama çıxıb "Yaşasın Azərbaycan" deyəcəklər. Buna da bir adam tapmadılar. Hətta ən çox "güclü" olduqları Bakıda belə adam tapa bilmədilər".

GAMOH milləti parçalamaq məqsədi güdüb?

DAK təmsilçisi T.Eminbəylisə öz növbəsində qarşı tərəfi ittiham edir. O deyir ki, GAMOH yürüşün vaxtını dəyişməklə, xalqın iradəsinə qarşı çıxıb və milləti parçalamaq məqsədi güdüb. "Altı ildir ki, Babəkin doğum günü ilə bağlı Bəzz qalasına yürüş keçirilir və hər il məhz onun doğum günündə reallaşır. Bu, artıq bütün soydaşlarımız tərəfindən qəbul edilib. Məhz bu gün hamı yürüşə gəlir. Amma farslara xidmət edən bir sıra qüvvələr həmin tarixi iyulun 8-9-na təyin etməklə özlərinin iç üzlərini bir daha açdılar. Guya deyirlər ki, yürüşün həmin gün keçirilməsilə bağlı imzalar toplayıblar, amma o imzaları ortalığa çıxaran yoxdur. Əslində bu imza ilə həyata keçirilən bir tədbir yox, xalqın özünün həyata keçirdiyi aksiyadır". Müsahibimizin fikrincə, GAMOH bu addımla guya qərar dəyişmək iqtidarında olduğunu göstərmək istəyir, amma bunların hamısı boş şeydir.

Təqvimdən kimin xəbəri yoxdur?

Bəs indiyə kimi aksiyalar hansı tarixdə keçirilib? Aksiyaların keçirildiyi günlər məhz Babəkin doğum gününə təsadüf edibmi? H.Türkellinin sizlərinə görə, DAK-ın proseslərdən, ümumiyyətlə, xəbəri yoxdur. Çünki onlar hərəkatdan o qədər xəbərsizdirlər ki, iddia etdikləri tarixi də düzgün qiymətləndirə bilmirlər. Şəmsi tarixilə Tehran reжiminin əlaltıları tərəfindən təbliğ olunan və iflasa uğrayan alternativ yürüş tarixi İran təqvimilə 11-12-si tir (iyul) ayına düşür. "Dünən 11-i tirdir. Yəni bu gün yürüş başlamalıydı. Bunlar o qədər xəbərsizdirlər ki, heç təqvimə baxıb tarixi müəyyənləşdirə bilmirlər. Bu, cəmiyyətin ələ salınması və təhqir olunmasıdır. Bu gün tir ayının 11-dir. Yürüş hanı?".
T.Eminbəylisə deyir ki, onların ittihamları əsassızdır. Çünki məhz bu gün həmin günə təsadüf edir. Digər tərəfdənsə yürüş hər il istirahat günləri keçirildiyinidən bu dəfə istirahət günü məhz iyulun 2-3-ə təsadüf edir. "Biz təqvimə diqqətlə baxıb qərarı vermişik. Biz əminliklə deyirik ki, Cənubda 2 milyon soydaşımız bu yürüşə qatılacaq. Ola bilsin ki, 8-9-da da gələn olacaq. Amma o, barmaqla sayılacaq. Onlar iddia etdikləri kimi heç vaxt böyük qüvvəyə malik olmayıblar".
T.Eminbəyli onu da qeyd etdi ki, yürüşdə DAK rəhbərliyi olmasa da, Güney Azərbaycandakı nümayəndələri olacaq.

Tərəflər bir-birini İran rejiminə işləməkdə ittiham edir

Yuxarıda artıq altıncı ildir ki, yürüşün keçirildiyini vurğulamışdıq. Maraqlıdır, bu vaxta qədər yürüşlər kimi qərarı ilə keçirilib?
Türkelli yürüşü hərəkatın keçirdiyini və bunun DAK-a heç bir dəxlinin olmadığını deyir. "Sifarişi yerinə yetirib DAK-ı parçaladılar, indi də GAMOH-a əl atıblar. Bu, onların uğursuz cəhdlərindən biridir. İranın, Ağayanın BAB-dakı əlaltıları da bəyanat veriblər ki, onlar Babəkin doğum gününü dəyişirlər. Güneydə BAB-ı DAK-ı tanıyan yoxdur". T.Eminbəylisə aksiyaların keçirilməsilə bağlı hansısa təşkilatın qərar verməsini düzgün saymır. "Biz də heç vaxt yürüşün keçirilməsi qərarını vermirik. Heç vaxt Şuşanın işğalı ilə bağlı Təbrizdə aksiya keçirəcəyimizi də bildirməmişik. Hüseyn Türkelli bunu düz demir. Bu, millətin yürüşüdür və kiminsə qərarı ilə təyin edilmir. Hər hansı təşkilatın adı ilə bağlı deyil, GAMOH bunu öz üzərinə götürmək istəyir, amma baş tutmayacaq".

Elnur MƏMMƏDLİ