| Erməni-fars
riyakarlığı |
| NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində Bakıda keçirilən tədbirə qatılan ermənilərlə eyni vaxtda başqa bir qrup erməni Güney Azərbaycanın Ərdəbil şəhərinə səfər edib. |
Əslən fars olan Ərdəbil valisinin dəvətilə bu şəhərə gələn nümayəndə heyətinin əsas məqsədi iqtisadi əlaqələri genişləndirmək üçün görüşlər keçirmək olub. İyunun 23-də Ərdəbilə gələn erməniləri şəhər əhalisi etiraz çıxışlarıyla qarşılayıb. |
Şəhər ziyalılarından və din xadimlərindən ibarət 50 nəfər icra hakimiyyətinə müraciət edərək etiraz aksiyası keçirmək üçün icazə istəsə də, icra hakimi şəxsən məsələyə münasibət bildirərək aksiyaya icazə verməməkdən əlavə, onları təhqir edərək hər hansı aksiyanın keçiriləcəyi təqdirdə həbslə hədələyib. Vali kimi, icra başçısının da milliyyəti bu məsələdə xüsusi rol oynayıb. Ümumiyyətlə, Ərdəbil Şərqi Azərbaycandan ayrılıb müstəqil vilayətə çevrildikdən sonra şəhərə bir nəfər də olsun, azərbaycanlı rəhbər təyin olunmayıb. Valiliyin qarşısına toplaşan aksiyaçılar şəhərin əsas küçələrindən keçərək Çeşməbaşı məscidində oturaq piketə başlayıblar. Bu etiraz növü İranda geniş yayıldığından soydaşlarımız qanuni tələbləri yerinə yetirilməyənə qədər aksiyaya son qoymayacaqlarını vurğulayıblar. Aksiyaçılar arasında Ərdəbilin tanınmış din xadimi Höccətülislam Əzim Qədimi və Milli Hərəkatın fəallarından olan Abbas Leysanlı da var. Aksiyaçılara dəstək verən Ərdəbil əhalisi erməni nümayəndə heyətinin şəhərə gəlməsinə etirazını bildirmək üçün aksiya keçirmək istəsələr də, icra hakimiyyəti onların hamısına eyni cavabı verib. İcra hakiminin tapşırığıyla polis şəhərə nəzarəti gücləndirib, başqa yerlərdən xüsusi təyinatlıların da Ərdəbilə gətirildiyi bildirilir. İcra hakimi hətta məscidə toplaşan aksiyaçıların bəyanatını da qəbul etməkdən imtina edib. Ağır cinayətlər törədən ermənilərin qədim Azərbaycan torpağına ayaq basmasını azərbaycanlılara qarşı təhqir kimi dəyərləndirən bəyanatda deyilir: Son illər erməni təcavüzünə məruz qalan Dağlıq Qarabağ, işğal olunan torpaqlarımız, soyqırıma məruz qalan xalqımızın iradəsinin əleyhinə olaraq, işğalçı Ermənistan respublikasının nümayəndələrinin Ərdəbilə gəlməsi bütün Azərbaycan türklərinin heysiyyatıyla oynamaqdır. Onların təcili surətdə Ərdəbildən çıxmasını tələb edirik. Bəyanatı icra hakimiyyətinə aparan Höccətülislam Əzim Qədimi şəxsən icra hakiminin təhqir və təzyiqləriylə üzləşib. İcra hakiminin təkcə Ərdəbildə yox, bütün Azərbaycanda xüsusi nüfuza malik olan Höccətülislama qarşı hörmətsizliyi vəziyyəti daha da gərginləşdirib. Ermənilərin Ərdəbildən çıxarılmasını istəyən soydaşlarımız eyni zamanda fars icra başçısının və valinin istefasını istəyirlər. Vəziyyətin daha da gərginləşəcəyindən qorxuya düşən rəsmilər erməni nümayəndə heyətinin bütün görüşlərini təxirə salıb. Hazırda onların harada saxlanıldığı məlum deyil. Aprelin 24-də Tehranda baş verən erməni-türk qarşıdurmasından sonra ermənilərin daha da həyasızlaşaraq asanlıqla Azərbaycan torpaqlarına səfərinin arxasında başqa niyyətlərin durduğu bəllidir. Tehran hadisələrinə görə hələ də təzyiqə məruz qalan, günlərini məhkəmə dəhlizlərində keçirən, hansısa tədbirə qatılmamaq barədə iltizam yazmağa məcbur edilən soydaşlarımızın hiddəti səngiməmiş Ermənistandan dəvət olunan nümayəndə heyətinin etirazla qarşılanacağı əvvəldən bəlliydi. Bununla belə hansısa fars şəhərindən Ərdəbilə göndərilən vali azərbaycanlıların başı üzərindən bu qədim türk torpağına bir gecədə 10 min azərbaycanlının qanını tökən erməni cəlladlarının sələflərini çağırmağa cəsarət edib. Bu cəsarəti ona verən təkcə ermənilərlə sərfəli işbirliyi qurmaq arzusu və azərbaycanlılara bəslədiyi münasibət yox, həm də 50 milyonluq bir xalqın alnındakı qara ləkəni təmizləmək üçün birlik nümayiş etdirə bilməməsidir. Nə qədər ki, ermənilər Bakıya, Ərdəbilə, Təbrizə maneəsiz gəlib-gedəcəklər, Azərbaycanın bütövlüyünə qovuşacağı gün hər gün bir az daha uzaqlaşacaq. ƏMİR TURQUT |