Bu gün Elçibəy günüdür
Çağdaş tariximizin ən şanlı səhifələri Elçibəyin adı ilə bağlıdır


Bu günlərdə ardıcıllarından biri Əbülfəz Elçibəyin prezident seçildiyi günün - iyunun 7-nin milli demokratiya günü kimi qeyd olunmasını təklif edib. 12 il öncə Milli Azadlıq Hərəkatının və Azərbaycana istiqlaliyyət bəxş etmiş təşkilatın - AXC-nin lideri Əbülfəz Elçibəy məhz həmin gün

alternativ əsasda keçirilən demokratik prezident seçkilərində 60 faizə yaxın səs toplayaraq prezident seçilmişdi. Həmin seçkiyə ölkə siyasi spektrinin bütün qütbləri - solçular, Rusiyapərəstlər, milli demokratlar qatılmışdılar. Seçki keçirilən ay Xalq Cəbhəsi artıq hakimiyyəti Ayaz Mütəllibovun qorxaq komandasından təhvil almışdı. Bütün güc strukturları əldə idi. Xarici müşahidəçilər 7 iyun prezident seçkilərini postsovet ölkələrində keçirilən azad seçki kimi dəyərləndirmişdilər. Bu, müstəqil, azad, demokratik Azərbaycan qurmaq istəyən Elçibəyin qələbəsi idi. AXC-nin darqursaq hakimiyyət hərisi liderlərindən olsaydı, prezidenti Ali Sovetdəcə elan edər və ya Dövlət Şurası yaradıb, yağlı postları qamarlayıb daha “vacib iş”lərini davam etdirərdilər. Yeri gəlmişkən, Elçibəy hakimiyyətinin 7-ci ayında AXC-ni parçalayanlar bu fikrə düşmüşdülər. Lakin Elçibəy prinsip adamı idi, “demokratiya qururuqsa, demokratik seçkidən qaçmamalıyıq” deyib seçkiyə girdi və qalib gəldi. Tarix səhifəsinə yeni bir gün - demokratiya günü yazdı. Belə də olmalı idi. Çünki Elçibəy tarix yaradan şəxsiyyətlərdən idi. Ölkənin birinci disidenti olmağı, ləyaqətsizlər və satqınlar mühitində istiqlalçı ruhunu saxlamağı Tanrı onun taleyinə yazmışdı. XX əsrdə ikinci istiqlal savaşımızın başında durmaq missiyası onun çiyninə düşmüşdü. Milli Azadlıq Hərəkatının öncül təşkilatının lideri, ilk milli hökumətin rəhbəri, milli valyutanın dövriyyəyə buraxılmasına imza atmış prezident, XVIII əsrdən Azərbaycan torpaqlarına soxulmuş rus qoşunlarını ölkədən çıxaran siyasətçi, milli dövlət yıxılmasın deyə, hakimiyyəti təhvil vermiş dövlət başçısı... Bütün bu çətin missiyanı, bu ağır yükü yalnız Elçibəy daşıya bilərdi. Baxın, tarixdə millətin Elçibəyin adı ilə bağlı nə qədər uğurları var. Elçibəyin yaratdığı neçə tarix var. 16 iyul - AXC-nin yarandığı gün, 18 oktyabr İstiqlal günü, 7 iyun - Demokratiya günü, 15 avqust milli valyutanın dövriyyəyə buraxıldığı gün... və rəsmi statistikaya düşməmiş başqa neçə millətin taleyində əlamətdar hadisələrin baş verdiyi günlər. Bu günləri əlamətdar edən, milli bayram səviyyəsinə qaldıran Elçibəydir. Siyasi opponentlərinin Elçibəyin məğlubiyyəti kimi tarixə sırımaq istədikləri 17 iyun, 24 iyul da millətə ziyan gətirmədi. Birinci tarix Surət Hüseynovun rəhbərlik etdiyi qiyamçı quldur dəstəsinin Bakıya hücumu zamanı Əbülfəz bəyin paytaxtı tərk etdiyi gündür. Çoxları bununla da Elçibəyin siyasətçi kimi bitdiyi iddiasında bulundular. Doğrudur, Elçibəy hakimiyyəti təhvil verib, dörd il ucqar kənddə sürgündə qaldı. Amma tarix göstərdi ki, bu müdrik addımla Elçibəy ölkəni illərlə çəkə biləcək üzücü vətəndaş müharibəsindən qurtardı. Hakimiyyətə azman dövlət xadimi Heydər Əliyevi dəvət etməklə Azərbaycan dövlətinin cahil, əqidəsiz, vətəni satmağa hər an hazır olan Moskva uşaqlarının əlinə keçməsinə, Moskva və Tehranın dəstəklədiyi qiyamın böyüməsinə imkan vermədi. Elçibəy öz zərərinə razı oldu, amma zərbənin millətə dəyməsinə, dövlətə dəyməsinə imkan vermədi. 24 iyul onun səlahiyyətlərinin bir hissəsinin alındığı gündür. Amma bu şəxsi itkisi də millətin nəfinə işlədi. Qudurmuş qiyamın qarşısını ala biləcək yeganə güc - Heydər Əliyev əlavə səlahiyyətlər almaqla rusbaşlı “polkovnik”in başa çıxmasını əngəllədi. Millət Elçibəyin doğum gününü və haqq dünyasına qovuşduğu günü də bayram edir. Bəyin dünyaya göz açdığı gün Türklük günüdür.
22 avqust - Əbülfəz bəyin haqqa, ölümsüzlüyə qovuşduğu, ruhunun pirlər piri, dağlar sultanı - Savalana qalxdığı gündür. Bunlar adi statistika, quru rəqəmlər deyil. Bütün həyatını türk dünyasının birliyini, türk millətinin hürr olmasına həsr etmiş bir insanın doğum gününü ayrı necə adlandırmaq olar? Savalanı Azərbaycan türkünün qibləsinə çevirmiş, millətə Bütöv Azərbaycan hədəfini göstərmiş liderin ölüm günü adi gün deyil. Savalanı ziyarət günüdür. Elçibəy ideoloq, yol göstərən idi. Bioloji cəhətdən mövcud olmasa belə, ruhu, ideyaları, adı milləti böyük hədəflərə səsləyir.
Aslan