Adını türk tarixinə yazmış lider
“Elçibəy millətin türklük ruhunu oyandırdı”

Elçibəyin İrsini Araşdırma Komissiyasının 24 iyun türklük günü ilə bağlı tədbirləri davam edir. qurum Elçibəy və türklük mövzusunda elmi-parktiki konfrans keçirdi.

Məruzəsini “Elibəy işıqlı zülməti yarıb, bizləri aydınlığa aparacaq” sözləri ilə başlayan AXCP (k) sədrinin müavini Aydın Mədətolğu Əbülfəz Elçibəy siyasi-ideoloji görüşlərindən söhbət açdı.
Onun sözlərinə görə, Elçibəy tarixi, əxlaqi məfkurəsi, dili, ədəbiyyatı, mənəviyyatı ilə minlərlə türklərin yaşadığı torpaqda təşəkkül tapmış türk mədəniyyətinin, türklük ideologiyasının yaradıcısı sayırdı: “Yaranmış dinlərin zaman-zaman millətçiliyə xidmətə yönəldilib. Bütün orta əsrlər boyu İslam dininin qarantı olan türklər tarixin heç bir dönəmində bir milləti əzmək üçün istifadə etməmişlər. Türklər tabeliyində olan xalqların dilinə, mədəniyyətinə hörmətlə yanaşmışlar. Bütün bunları nəzərə alan, dünya dövlətçilik tarixini mükəmməl bilən Elçibəy belə bir qənaətə gəlmişdi ki, dövlətçilik məsələsində dünyada türklərdən üstünü yoxdur. Türklər aldıqları ölkələrdə heç dinə toxunmamışlar, yerli xalqların dilinə dəyməmiş, dövləti ədalətlə idarə etmişlər. Ancaq rusların əlinə düşən kimi bizi əritməyə başlayıblar, ingilislər hərtərəfli asmilyasiya siyasəti aparıblar. Halbuki dövlət yalnız humanizm və ədalətlə idarə olunmalıdır. Elçibəy belə düşünürdü”. Mədətoğlunun fikrincə, xalqı təkamülə və tərəqqiyə doğru aparmaq istəyən Elçibəy bir türk milliyyətçisi kimi öz fikir və düşüncələrini, güc və qüvvəsini türk millətinin ruhundan, onun bəşəri inanclar sistemindən almışdır. Onun sözlərinə görə, Elçibəyin ideoloji, tarixi, siyasi və fəlsəfi araşdırmalarının, düşüncə dartışdırmalarının çıxış nöqtəsi məhz türk milliyyətçiliyi ideologiyasının təməlləri üzərində qurulub. “Elçibəyə görə, türkçülük bir sistemdir” - deyən məruzəçi qeyd etdi ki, böyük öndərin əsas idealları aşağıdakı sistem üzərində qurulub. Quzey Azərbaycanın müstəqilliyi, demokratik Azərbaycan Cumhuriyyətinin qurulması, Qarabağın erməni işğalından qurtulması, Güney Azərbaycanın müstəqilliyi, Quzey Azərbaycanla Güney Azərbaycanın birləşməsi və Bütöv Azərbaycan dövlətini yaratması, Azərbaycanla Türkiyənin birləşməsi və Türkiyə-Azərbaycan konfederasiyasının yaranması, Türk dünyasının mədəni, iqtisadi və nəhayət, konfederativ əsasda birliyi: “O, bu ideyalardan birini - Azərbaycanın müstəqilliyini gerçəkləşdirə bildi. İqtidarı qiyam yolu devrilməsəydi “və ölümü vəfa etsəydi, bu ideyalardan bir neçəsini də gerçəkləşdirə biləcəkdi. Təəssüflər olsun ki, adı Azərbaycanın bağımsızlığı ilə birgə səsləşən Elçibəy Rusiya, İran və bir sıra Qərb ölkələrinin müştərək ssenarisi və böyük güclərin türk dünyasındakı əlaltıları tərəfindən uzaqlaşdırıldı”. “Vətən Elçibəyin anlamında böyük Türküstandı. Böyük Türküstanın hər yeri Elçibəyin nəzərində müqəddəsdir” deyən A.Mədətoğluna görə, Elçibəy şüurlu həyatını bu müqəddəs vətənin azadlığı, birliyi uğrunda mübarizəyə sərf edib. A.Mədətoğlu Elçibəyin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Quzeydə baş vermiş hərəkatın Milli Azadlıq Hərəkatı hesab etmədiyini bildirdi: “O deyirdi ki, bu, xalq hərəkatı idi. Çünki bu hərəkatda 40 milyonluq Azərbaycan xalqı deyil, 6 milyonluq bir xalq iştirak edirdi. Azərbaycan özünü Milli Azadlıq Hərəkatına hazırlamalıdır. Bu, zamanın tələbidir. Bu, Azərbaycan xalqının XXI əsr imtahanıdır. Bu imtahandan şərəflə çıxmasaq, mövcudluğumuz sual altında qalacaq. Milli birliyimizi təmin edə bilməsək, özgələrə yem olacağıq”.
Məruzəçinin sözlərinə görə, Elçibəy rus imperializminin və fars şovinizminin qarşısına ürəkli, cəsur, bilikli bir türk kimi çıxdı: “Quzey Azərbaycanın müstəqilliyini təmin etmək üçün uzun illər edam, sürgün və digər zorakı üsullarla sındırılmış türklük ruhunu oyandırdı”. Məruzəçi Elçibəyin ortaq türk dilinin yaradılması türk cümhuriyyətləri arasında inteqrasiyanın dərinləşdirilməsi istiqamətində göstərdiyi fəaliyyətə toxundu. Elçibəyə görə, türk dövlətlərinin ortaq mədəniyyət siyasəti olmalıdır: “Elçibəy deyirdi ki, ortaq türk dilinin yaranması üçün türk xalqlarının mədəniyyətlərinin birliyi gərəkdir. Türk xalqlarının intellektual gücü bu birliyi gerçəkləşdirməyə yetər”.
Konfransda çıxış edən natiqlər Əbülfəz Elçibəyin təkcə türk milliyyətçisi yox, həm də böyük demokrat olduğunu söylədilər. Onların fikrincə, sağlığında adını türk tarixinə yazmış şəxsiyyətlərdən olan Əbülfəz Elçibəy tarixdə daha çox Quzey Azərbaycanı müstəqilliyə qovuşdurması, Bütöv Azərbaycan ideyasını ümummilli ideyaya çevirə bilməsi və türk milli şüurunu azərbaycanlılara yenidən qaytarması ilə qalacaq. Çıxış edən Əbülfəz bəyi Azərbaycanda demokratik hərəkatın banisi, gözəl müəllim, ləyaqətli insan, müsbət keyfiyyətləri ilə siyasi məktəb yaratmış şəxsiyyət kimi xarakterizə etdilər.
AXCP (k) sədri Mirmahmud Mirəlioğlu çağdaş siyasətimizin lideri səciyyələndirdiyi Əbülfəz Elçibəyin millətə olan sevgisinin qarşılığını aldığını vurğuladı: “Amma həm də almadı. Hakimiyyət qəsb olunanda ümummilli sevgi dəstək görünmədi”. Cəbhə liderinin fikrincə, digər millətlərin nümayəndələri də etiraf edirlər ki, onlar milləti sevməyi Elçibəydən öyrənibəlr. M.Mirəlioğlunun fikrincə, Elçibəyi, elçibəyçiliyi öyrənmək lazımdır: “Gözümüzün qabağında olanda öyrənmədik, bəyənmədik, amma indi öyrənməliyik. Çünki bu millətimizə lazımdır.”
Elman Cəfərli