İran şahının azərbaycanlı xanımı Fərəh Pəhləvinin "Xatirələr"i
    Bu kitabı ilk dəfə yanvar ayında, Parisin kitab mağazalarının vitrinlərində, özü də ən gözəgəlimli yerdə görmüşdüm. Üz qabığındakı cazibədar və hökmlü xanımın ovsunlayıcı portreti diqqəti o dəqiqə cəlb edirdi. Bu, İran şahının xanımı Fərəh Pəhləvinin fransız dilində yenicə işıq üzü görmüş kitabıydı.
   Kitabın nəfis şəkildə nəşri və təmtəraqlı təqdimatı Fransa nəşriyyatının əsərin oxucular arasında böyük maraq doğuracağına əminliyindən xəbər verirdi.
   Bir müddət sonra - ötən ay İstanbulda həmin kitabı eyni tərtibatla yenidən gördüm. Amma bu dəfə türk dilində. Yenicə çapdan çıxmışdı. Tərəddüd etmədən kitabı aldım. "Taksim" meydanındakı oteldən başlayıb İstanbul-Bakı təyyarəsində davam edən mütaliə heç bir həftə çəkmədi. Sözün düzü, son illər bu qədər böyük maraqla oxuduğum ikinci bir kitab yadıma gəlmir.
   Kitabın müəyyən hissələrini oxuyarkən ürəyimdən bu xatirələrdən Azərbaycan oxucusunun da xəbərdar olması istəyi keçirdi və bu hisslər məni rahat buraxmırdı. Bir tərəfdən müəllifin - İran şahının həyat yoldaşı Fərəh Dibanın azərbaycanlı olması, o biri tərəfdən də təxminən 30 milyon nəfər soydaşımızın yaşadığı İranın yaxın tarixində baş vermiş çalxalanmaların, önəmli hadisələrin iştirakçısı olmuş bir adamın xatirələrinin xüsusi əhəmiyyət daşıması bu hissləri daha da gücləndirirdi. Bu deyilənlərdən əlavə, düşünürəm ki, kitab bir sıra başqa məqamlarına görə də bizim oxucular üçün maraqlı olacaq. Mən kiçicik bir yazıda bu məqamlar barədə geniş danışmağa lüzum görmürəm və güman edirəm ki, "Xatirələr"in qəzetimizdə işıq üzü görəcək ayrı-ayrı hissələrini oxuyanlar düşünməyə, fikirləşməyə bir xeyli səbəb tapa biləcəklər.
   Milliyyətcə azərbaycanlı olmasına baxmayaraq, "Xatirələr"dən aydın görünür ki, Fərəh xanım lap uşaqlıqdan İran təəssübkeşi olub. Amma bununla belə, onun ötən əsrin 40-cı illərində Güney Azərbaycanda, Təbrizdə baş verən siyasi proseslərə münasibəti maraqlıdır. Məhəmmədrza şahın İran dövlətinə rəhbərlik etdiyi 40 ilin təxminən yarısını onunla bir yerdə yaşamış, özü də bir sıra hadisələrdə proseslərə istisnasız təsiri olmuş və nəhayət, İran tarixində ilk tac qoyan xanım kimi düşmüş Fərəh Pəhləvinin xatirələri həm də hüznlü və kədərlidir.
   Söz vaxtına çəkər, bu günlərdə redaksiyamıza təbrizli jurnalistlər qonaq gəlmişdilər. Mən söhbət əsnasında bu kitabı onlara göstərdim və bir qədər İran islam inqilabı ərəfəsində baş verən hadisələrdən, şahın hakimiyyətdə olduğu dövrlərdən danışdıq. Şübhəsiz ki, bu adamlar tamam fərqli düşünürdülər. Onlar Fərəh Pəhləvinin yazdıqlarının tam əksi olan fikirlər söyləməyə cəhd edirdilər. Amma bütün bunlara baxmayaraq, mən onların bu kitabı maraqla vərəqlədiklərinin şahidi oldum. Hiss olunurdu ki, həmkarlarımız tərəddüd etsələr də, içəridən hansısa hiss - professional maraqmı, yoxsa o dövr haqqında alternativ fikirlər eşitmək istəyimi - onların diqqətini bu kitaba yönəldib. Həmin görüşdə mən cənublu qonaqlara son vaxtlar Azərbaycanda nəşr olunmuş çoxlu kitab və jurnallar bağışlasam da, aydın məsələdir ki, məhz həmin kitabı onlara vermək fikrində deyildim. Əslinə qalsa, heç onlardan hansısa bu kitabı İrana aparmağa cəsarət də edə bilməzdi. Amma bununla belə, cənublu soydaşlarımızın Fərəh Pəhləvinin "Xatirələr"inə ciddi maraq göstərmələri fakt idi.
   Beləcə, fikrimi qətiləşdirdim. Kitabdan müəyyən hissələri qəzetimiz vasitəsilə oxuculara təqdim etmək qərarına gəldim və gözəl publisist, tərcüməçi Nəriman Əbdülrəhmanlıdan bu işi boynuna götürməsini xahiş etdim. Sağ olsun, Nəriman da məmnuniyyətlə razılaşdı...
   
Rəşad MƏCİD



Xatirələr
YIXILAN REJİMİN VƏ BİTMƏYƏN EŞQİN HEKAYƏSİ
    Fərəh PƏHLƏVİ
   Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Tehranda doğulub. Atası Söhrab Diba İran Ordusunun zabitlərindəniydi. Eyni zamanda Sarbonnada (Fransa) hüquq təhsili almışdı. Diba (farsca "ipək" mənasını verir) ailəsinin kökləri Azərbaycanda, Xəzər dənizi sahillərində yaşayan Qütbi xanəndanına gedib çıxır. Fərəh Pəhləvi Tehrandakı Janna Dark və Razi məktəblərini bitirəndən sonra Parisdə memarlıq təhsili aldı. Memarlığa duyduğu böyük sevgi bütün həyatı boyunca davam etdi.
   1959-cu ildə dekabrın 21-də İran şahı Məhəmməd Rza Pəhləviylə ailə qurdu. 1967-ci ildə kraliçə (şahbanu) oldu və İran tarixi ərzində tac qoyan ilk qadın kimi tanındı. Ailə qurandan sonra bütün diqqətini sosial fəaliyyətə yönəltdi. Qadınların sərbəstliyinə, idman və sənət sahələrinin inkişafına önəm verdi. Təhsil, sağlamlıq, mədəniyyət və yardım yönümlü iyirmi dörd dərnəyə rəhbərlik elədi. Sənətə olan meylinin İrandakı mədəni mühitin canlanmasına böyük təsiri oldu. İranlı gənc sənətçiləri dəstəkləməsi, qədim ənənəvi sənətlər və memarlıqla bağlı muzeylərin açılmasına təkan verdi.
   Ölkədə yaranan qarmaqarışıqlıqlar ucbatından şahla birlikdə ölkəni tərk etdi. İrandakı şahlıq rejiminin 1979-cu il yanvarın 16-da devrilməsindən sonra Baham adalarından Meksikayacan uzanan geniş bir ərazidə sürgün həyatı yaşadı. Ciddi xəstəliyə tutulan şah 1980-ci il iyulun 27-də Misirin paytaxtı Qahirədə vəfat etdi.
   Rza, Fərəhnaz, Əli Rza və Leyla adlı dörd uşaq dünyaya gətirdi. Qızı Leyla 2001-ci il iyunun 10-da Londondakı bir otel otağında ölmüş vəziyyətdə tapıldı. 2003-cü ildə 65 yaşını qeyd eləyən Fərəh Pəhləvi "Xatirələr" adlı kitabını nəşr etdirdi. Hələ də uşaqlarıyla birlikdə Amerikada sürgün həyatı yaşamaqdadı.
   Aydınlığın düşmənləri tərəfindən qətlə yetirilənlərin xatirəsinə.
   İranın bütövlüyü üçün həyatlarını itirənlərin xatirəsinə.
   İran xalqına.
   Uşaqlarıma.
   Şahıma olan sevgim adına.
   ¯¯¯
   Son uçuşu xatırla,
   Quş ölümlüdür...
   Foruq FƏRRUXZAD
   ***
   Nə vaxt o 1979-cu il yanvar səhərini xatırlayıram, eyni dərin kədər gəlib ürəyimə saplanır. Aylardan bəri atəş və qan içində yaşayan paytaxtımız sanki qəfildən solub-saralmışdı, insanın hövsələsini daraldan bir səssizlik çökmüşdü Tehranın üzərinə. 16 yanvar günü ölkəmizdən ayrılırdıq. Şahın müvəqqəti olaraq geri çəkilməsinin, çaxnaşmanın yatmasına köməyi olacağını düşünüb yurdumuzu tərk edirdik.
   Getmək zorundaydıq. Bu qərar on gün öncə verilmişdi. Rəsmi olaraq, sanki bir neçə həftəlik tətil üçün xaricə gedirdik. Şah durumu xalqa bu şəkildə bildirməyi arzu eləmişdi. Amma zaman-zaman baxışlarında oxuduğum o dərin kədər buna özünün də inanmadığını göstərirdi. Mən də çox inanmırdım, amma bütün qəlbimlə ümid eləyirdim. Həyatının otuz yeddi ilini xalqına həsr eləyən bir insanın gələcəkdə nə vaxtsa millətinin inamını qazanmaması mənə görə, mümkünsüzüydü. Onun hökmdarlığı müddətində İran qarşısıalınmaz inkişafa nail olmuşdu. Aralıq sakitləşəndə, hamı bu həqiqəti əlbəttə, dərk eləyəcəkdi. Mən bu ümidimi qoruyub saxlayırdım. Bütün gördükləri xatırlanacaq və ona edilən haqsızlıq aradan qaldırılacaqdı.
   Qar yağmışdı. Gün doğanda Elburz dağlarından əsən sərt rüzgar buz kimi qar dənələrini ətrafa sovururdu. Gecə qəribə şəkildə sakit keçmişdi, elə sakit keçmişdi ki, şah bir neçə saat yata bilmişdi, bu da az şey deyildi! Keçən bir il ərzində Şah xeyli arıqlamışdı, olaylar onun içini yeyib-tükədirdi, bu da bəs deyilmiş kimi, xəstəlik də onu zəiflətmişdi. Üstəlik, son həftələrdə tez-tez asayiş qaydalarının ziddinə, əsgərləri heçə sayan və binaların damlarına dırmanan nümayişçilərin kin dolu səs-küyü saraya, bizə qədər gəlib çatırdı: "Allahu-Əkbər!", "Qəhr olsun şah!" Bu həqarətlərdən şahı qorumaq üçün hər şeydən keçərdim.
   Artıq uşaqlarımız yanımızda deyildi. Kiçik Leylamın qəfildən qapını açıb içəri girmələri, Fərəhnazın atasına bir az ürkək, sevgi dolu baxışları, Əli Rzanın elədiyi və ərimin həmişə şəfqətlə qarşıladığı şaqraq zarafatları... Bütün bunlardan məhrum olduq. Saray zülmətə bürünmüşdü. İyirmi il ərzində bizi xoşbəxt eləyən bir ailə həyatının qətiyyətlə sonu demək olduğunu öncədən hiss eləsəm də, uşaqlarımın gedişini son ana qədər gecikdirmişdim. Böyük oğlum Rza Amerikada hərbi pilot olmaq üçün təhsil alırdı. O zaman on yeddi yaşındaydı və hər gün bizə zəng eləyirdi. Amerika televiziyalarının araşdırdığı tərzdə olan İrandakı durum onu son dərəcə qayğılandırırdı. Ölkənin çarəsiz bir şəkildə xaosa sürükləndiyini görməklə bərabər, oğlumu sakitləşdirməyə çalışır, dözməsi və tamamilə ümidini itirməməsi üçün onu ruhlandırmağa can atırdım.
   Ölkənin büsbütün hər yerində insanlar işlərini atmışdılar, müəssisələr dayanmış, iqtisadiyyat pozulmuşdu. Hər gün yeni nümayişlər keçirilir, kinlə dolu yeni təhdidlər səslənir, uydurma xəbərlər sel kimi axırdı. Şah oğluyla telefonla çox qısa danışırdı, o da atasına qayğısını heç bildirməməyə çalışırdı. Və insanlar qaçırdılar. Hər ay firma şefləri, mühəndislər, araşdırmaçılar, dövlət məmurları ölkəni tərk edirdilər. Qısa bir müddətdən sonra biz də qara qüvvələrin qətiyyətlə batırmaq qərarı verdikləri bu gəmidə son "mühacirlər" kimi yerimizi tutacaqdıq.
   Uşaqların yola düşməsindən lap öncəki bir neçə gün qorxulu keçmişdi. Yalnız səkkiz yaşında olan Leyla elə bil yaşadığımız o insanı dəhşətə salan gərginliyin çox fərqində deyildi, amma on beş yaşlı Əli Rza və on iki yaşlı Fərəhnaz narahatlıqlarını gizlətmirdilər. Böyük qızımızın bağçanın barmaqlıqları önündə uzun müddət durduğunu və sakitcə boş küçələri izlədiyini görürdüm. Əvvəllər ara-sıra oynadığı, söhbətləşdiyi həminki nəşəli uşaqları görməmək onu təəccübləndirirdi. Bütün o uşaqlar haraya qeyb olmuşdular? Bu arada generallar, siyasətçilər, pedaqoqlar və bəzi din adamları bir-birinin ardınca saraya gəlib ərimə düşüncələrini ərz eləyirdilər. Bəziləri barış imkanları və siyasi çözüm yolları göstərirdilər, bəziləri isə vaxt itirmədən orduya atəş açmaq əmri verməsi üçün şaha yalvarırdılar. Amma o, hər dəfədə: "Bir hökmdar taxtına yurddaşlarının qanı bahasına xilas eləməyə cəhd göstərməz, bir diktator bunu düşünə bilər, amma bir hökmdar bunu əsla eləməz!" deyib hamısını qətiyyətlə rədd edirdi.
   Şah ən ağıllı çözümün ölkədən getmək olduğunu düşünürdü, beləcə, uşaqlardan ayrılmağı qərara aldıq. Fərəhnaz elə bir ay öncə, 1978-ci il dekabrın ortalarında böyük qardaşı Rzanın yanına, Amerikaya getmişdi. Leyla və Əli Rzanı da anamla birlikdə onların yanına göndərdik. Əli Rzanın bütün qəlbiylə bağlı olduğu hökmdarlıq bayrağıyla mühafizə alayı uniformasını özüylə götürdüyünü xatırlayıram. Onları bir də nə zaman görəcəkdik, görəsən? Amerika öncə bizi qəbul edəcəyini açıqlamış, sonra sözünü dəyişdirmişdi; anlaşılırdı ki, orada artıq çox arzulanmırıq. Prezident Sədatın ölkəsi, dost Misir bu səbəblərə görə, ilk dayanacağımız olacaqdı. Uşaqlarımızdan nə qədər uzaq düşürdük!
   O səhər qəhvəmizi ayrı-ayrı içdik. Şah erkəndən qalxmışdı və həmişəki kimi, iş otağına getmişdi. Həddən çox sevdiyi bu ölkədə son saatlarını keçirdiyini düşünürdümü? Bundan sonra ölkəsinə heç dönə bilməyəcəyi görəsən, beynindən keçmişdimi? Bu gün belə, bunları düşünəndə ürəyim sancır.
   Bəzi lazımlı əşyaları yığışdırmaq üçün günortaya qədər vaxtım varıydı. Gecə uşaqların şəkilləri, ailə albomları ağlıma gəlmişdi, onları burada qoymaq fikri məni həqiqətən rahatsız eləmişdi. Albomları tez toplamalıydım. Keçmişdə qalan xoşbəxtliyimizin bütün xatirələri bu səhifələrin içində yaşayırdı. Bəs, başqa nələri götürməliydim? Elə alt-üst olmuş ruhi vəziyyətdəydim ki, qəfildən şəhərdən kənarda geyməyi sevdiyim bir cüt idman ayaqqabısını götürüb ayırdığımı xatırlayıram. Gözüm ayaqqabılara dikilmişdi, çünki bundan belə istədiyimiz qədər gəzməyə vaxtımız olacağını düşünmüşdüm. Cəsarətimizi itirməmək və müvazinətimizi saxlamaq üçün gəzmək son dərəcə önəmliydi. Bəli, bu ayaqqabılar mənim ən dəyərli dostlarım olacaqdı. Ayaqqabıları özümlə götürmək fikri nagəhan bir şəkildə məni sakitləşdirmişdi. Bir neçə gün sonra onları əşyalarımın içində görəndə, özüm-özümə acı-acı güldüm. Bu cür ayaqqabıların dünyanın hər yerində tapıldığını necə olub ki, ağlıma gətirməmişdim, yarəbbim! Necə zülmət və soyuq sürgünə doğru yol başlayırdıq?
   Sonra kitabxananı dolaşdım, ən sevdiyim kitabları, İranda və dünyanın hər yerində tanıdığım şairlərin, dövlət rəhbərlərinin və yazarların mənə ithaf etdikləri kitabları ayırdım. Saray xidmətçilərindən mənə yardım eləməyə gəlmiş bir adamla birlikdə mənim iş otağımdaydıq.
   "Miniatürlər sizindi, Şahbanu. Onları götürün!" dedi mənə. Böyük bir hüznlə bu adama baxdığımı xatırlayıram.
   "Xeyr, olmaz, hamısı qalmalıdı. Bu incilərdən heç birini götürmək istəmirəm".
   Qərarsızıydım: bir tərəfdən, bir gün geri dönəcəyimizə ümid eləyir, digər tərəfdən də, gözümün önünə gələn bir görüntüylə sarsılırdım: qəzəbdən çılğınlaşmış nümayişçilərin saraya girdiklərini, dolablarımızı, siyirmələrimizi yağmaladıqlarını görürdüm. Hər nəyin bahasına olursa-olsun, kiminsə dəyərli əşyalarımızı özümüzlə götürdüyümüzü düşünməsini istəmirdim! Təkcə ölkəmizin xeyrinə yorulmadan çalışdığımızı bilirdik və ölkəmizdən başımız dimdik ayrılırdıq. Bəli, bəzi xətalar eləmiş ola bilərdik, amma həmişə yalnız ölkəmizin rifahını düşünmüşdük.
   Bəzi hökmdarlar və dövlət başçıları tərəfindən bizə verilmiş bir neçə hədiyyəni və bəzi şəxsi əşyaları götürmələri üçün bir neçə gün öncə muzey rəhbərlərini çağırmışdım. Heç olmasa, bu əşyalar oğurlanmayacaqdı. Onların maddi dəyərinin mənim üçün bir önəmi yoxuydu. İnsanın keçmişindən, ruhundan bir parça qoyurmuş kimi, istəyə-istəyə, bilə-bilə ənənəvi İran geyimlərim də daxil olmaqla, digər hər şeyin, rəsmlərin, şəxsi əşyalarımızın, xalıların və b. eləcə yerlərində qalmalarını istəyirdim. Talanın, pis niyyətli cəhdlərin qarşısını almaq üçün televiziyadan bir neçə nəfəri sarayın içini lentə almaları üçün dəvət eləmişdim. Bizim həyatımız İranın taleyilə birgə keçmişdi və bu gün şəxsi əşyalarımızın ölkəmizdən çıxarılmadığından qürur duymaqdayam.
   Duyğulu əzablardan son dərəcə yorğun anlar, Tehran qışının sərt havasında parkın ağaclarını seyr edərkən fikrə dalmalar, o qədər qayğısız yaşadığımız, bizdən ötrü ilıq xatirələrlə dolu meydanlar arasında son saatlar çox tez keçib getdi. Bu əhval-ruhiyyədəykən, Amerikada Fərəhnazı aradığımı xatırlayıram. Qəfildən onun bir ay öncə otağına və gənc yaşına uyğun xoşbəxtliklərinə yenidən qovuşacağına əmin halda getdiyinin fərqinə vardım.
   Zavallı uşaq! Bu xatirələri yazdığım ana qədər İranı bir daha görməyəcəyi heç ağlıma gəlirdimi? Ondan nə istədiyini soruşdum:
   "Yaxşı fikirləş, Nanazcığım, xüsusi götürməyimi istədiyin bir şey varmı? Söylə..."
   Qızımın o zaman İranda çox bəyənilən bir müğənni olan Səttarın, otağının baş tərəfindən asılmış rəsmini istədiyini biləndə, heyrətləndim. Başqa heç bir arzusu yoxuydu. Elə bilirəm ki, mənim ayaqqabılarım kimi, bu afişa da onu sakitləşdirəcək, şüuraltında daha sonra yaşayacağını sezdiyim bədbəxtliyi zəiflədəcəkdi.
   Rzaya gələndəsə, o, sarayda xüsusi bir dairədə yerləşirdi; Amerikaya gedəndən bəri bir iliydi ki, tamamilə qapalıydı. Böyük məhəbbətlə saxladığım uşaqlıq qığıltılarını, ilk kəlmələrini, ilk addımlarını yazdığımız kaseti, foto-albomları, bütün xatirələri orda dururdu. Oğlumu aramağı ağlıma gətirmədim, hər şeyi atdım. Bu gün mənim üçün xəzinə dəyərində olan həmin əşyalara təkrar qovuşmağı nə qədər istəyərdim.
   Günortaya yaxınıydı. Şah iş otağına çəkilmişdi, sarayın içindəki hava hər keçən dəqiqə bir az da ağırlaşırdı. Çaşqın halda ora-bura qaçan qadın-kişi saray xidmətçilərini xatırlayıram. Ən yaşlısı ərimin atası Rza şaha xidmət eləmiş kəsləriydi, bəziləri isə iyirmi il öncəki evlənmə mərasimimizdə iştirak eləmiş adamlarıydı. Və hamısı da bizim ölkədən getməli olmağımızdan özlərini itirmiş durumdaydılar. Vərdiş eləmədiyimiz səssizlik içində gedib-gəlirdilər, dinməz-söyləməz dolaşmalarından artıq heç bir ümidləri qalmadığını sezirdim. Belə ayrılıb gedə bilməzdik, inamlarını itirməmələri lazım gəlirdi.
   Bizi yola salmaq üçün toplaşmışdılar. İranın uzun tarixindəki acı dönəmlərindən birini də yaşamağa hazırlaşdığımızı onlara anlatmağa çalışdım; ilk bahar gələndə, yenidən görüşəcəyimizi və şahın qayıtmasını bayram edəcəyimizi söylədim. Əslində, qorxunc bir kabusun ölkənin gələcəyini necə zülmətə salacağını o anda kim bilərdi ki? Göz yaşlarımızı içimizə axıdırdıq. Bəziləri özlərində gülümsəməyə güc tapdılar. Hər birinə dəyərli əşya, öz qiymətli şeylərimdən birini, ya da bir az pul verdim. Uzun ayrılıq dönəmi ərəfəsində bizi bağlayan tellərin olduğunu göstərmək istəyirdim.
   Nəhayət, Şah gəldi. Onu görəndə hamısı ağlamağa başladılar. Hisslərinə həmişə son dərəcə hakim olan Şah elə bil, həyəcanını saxlamaqda çətinlik çəkirdi. Bir neçə qısa kəlməylə ayrı-ayrılıqda hər birinin könlünü almağa çalışdı. Bir çoxu hıçqırıqlar içində onları atıb getməməsi üçün yalvardılar. Bizi Mehrabad təyyarə limanına aparacaq iki vertolyotun hazır olduğu bildiriləndə, saray xidmətçiləri pilləkanlarda sıraya düzüldülər. Artıq gedirdik, əşyalarımız qabaqcadan aparılmışdı. Bəziləri əllərini uzatdılar, pərişan üzləri gözümün önündədi. Şah hamısını son dəfə salamladı, mən də özümə yaxın olanları qucaqladım, sonra pərlərin gurultusu arasında sarayın, şəhərin evlərinin arxasında gözdən itdiyini gördüm. Mühafizə qrupunu gətirən vertolyotun müşayiətilə şahlıq pavilyonuna endik. Sərt və dondurucu rüzgar altında titrəşən, bir-birinə qısılmış zabitlərdən və bəzi mülki şəxslərdən ibarət qrup orda bizi gözləyirdi. Əslində, şah hamısından bu çətin günlərdə Mehrabada gəlməmələrini, vəzifələrinin başında qalmalarını tələb eləmişdi. Həmişə mühərrik gurultularından titrəyən təyyarə meydanı qəfildən ölüm səssizliyinə bürünmüşdü. Qarışıqlıq üzündən yerdə hərəkətsiz qalan təyyarələrin görünüşü adamın qanını qaraldırdı. Bomboş göy üzündə sadəcə, Elburz təpələrindən əsən rüzgarın inadcıl qəzəbi duyulurdu.
   Ərim gərginliklə, amma dimdik durub bir neçə dost və sadiq yaxınını salamladı. O anda mühafizə alayından bir zabit şahın ayaqlarına yıxılaraq, getməməsi üçün yalvardı. Həmişə özünü ələ almağı bacaran Şah onu qaldırmaqdan ötrü əyiləndə gözlərinin yaşardığını gördüm. Ağladıqlarını gizlətməyən bir neçə zabit də özündən, ölkədən ayrılmamasını təvəqqe elədilər. Şah Baş Qərargah rəisiylə xüsusi və qısa söhbətdən sonra vidalaşdı. İranlı qəzetçilər də bir az geridə çaşqın vəziyyətdə mərasimi izləyirdilər. Xarici mətbuat dəvət olunmamışdı. Qısa bir müddətdən sonra Şah qəzetçiləri görüb onlara doğru yönəldi. Hökumətin başına Şahpur Bəxtiyarı gətirmişdi və elə həmin o vaxt baş nazir məclisdə etimad səsləri almağı gözləyirdi. Şah qərarına məclis qismən səs verməmiş ölkəni tərk etmək istəmirdi.
   Qəzetçilərə: "Hökumət qurulanda söylədiyim kimi, özümü yorğun hiss edirəm, dincəlməyə ehtiyacım var, işlər yoluna düşəndə və hökumət vəzifəsinə başlayanda, səyahətə çıxacağımı da söyləmişdim. Elə bu səyahət indi başlayır", dedi.
   Mən də ölkəmizin uzun tarixi ərzində bəzən zor anlar yaşadığını, amma İran mədəniyyəti və mənəviyyatının hər şeyin öhdəsindən gələcəyinə qətiyyətlə əmin olduğumu ifadə etdim.
   Budu, ən axırda "səyahətə" çıxırdıq. İnsanların özünə gəlməsi və kinin yatması üçün zamana ehtiyac varıydı; biz də bir müddət gözlərdən uzaq qalaraq, onlara bu zamanı verirdik. Bir neçə həftə sonra insanlar anlayacaqdılar... Bəli, inanmaq, gələcəyə inanmaq lazım gəlirdi. Nə olursa-olsun, ümidsizliyə boyun əymək istəmirdim.
   İztirab dolu bir gərginlik içində keçən bir neçə dəqiqədən sonra Şaha məclisin Şahpur Bəxtiyara etimad göstərildiyi bildirildi. Özü vertolyotla təyyarə limanına gəlirdi.
   Qısa bir müddətdən sonra Bəxtiyarın əyilərək vertolyotdan endiyini, üst-başını düzəldib pavilyonun pilləkanlarına doğru gəldiyini gördük. Məclis rəhbəri Cavad Səid onunla birlikdəydi. İkisi də gəldilər, önümüzdə əyilib bizi həyəcanla salamladılar.
   Ərim yumşaq səslə Şahpur Bəxtiyara: "İndi hər şey sizin əlinizdədi. Bacaracağınıza inanır, İranı sizə, sizi də Allaha əmanət edirəm", dedi.
   Otuz yeddi gün sonra Şahpur Bəxtiyar Ayətullah Xomeyninin yaratdığı birinci İslam hökuməti tərəfindən devriləcək və ölümdən qurtulmaq üçün İrandan qaçmaq zorunda qalacaqdı.
   Hər səfərə çıxanda ənənəvi duaları oxumaq üçün daim hazır olan Tehran Cümə məscidinin imamı doktor Həsən İmani bu dəfə bizimlə birlikdə deyildi. Sonradan saraya çox yaxın olan bu din adamının yola salmağa gəlməməsiylə bizi qınadığını, gedişimizə tərəfdar olmadığını göstərmək istədiyini iddia elədilər. Acı gerçəyi bir müddət sonra öyrəndik: Cenevrədə xəstəxanaya yerləşdirilmişdi. Bir neçə həftə sonra öldüyünü eşitdik.
   Artıq gedə bilərdik. Küləyə qarşı irəliləyib rəsmi ziyarətlər üçün istifadə etdiyimiz "Şahin" adlı mavi-bəyaz "Boinq-707" təyyarəmizə çatdıq. Pilləkanın altına çatanda Şah döndü, bizi müşayiət eləyən kiçik qrup dayandı. Üz-üzə gəldiyimiz vaxt gizlədilməsi çətin olan bir həyəcan yaşadığımızı xatırlayıram. Bizi yola salmağa gələn zabitlər, saray məmurları, pilotlar, saray mühafizə alayı mənsubları cəsarətlərini sübut eləmiş insanlarıydı. Ancaq yenə də o anda güclə gizlədikləri üzüntü içində olduqları görünürdü. Göz yaşlarından boğula-boğula bir-bir Şahın əlini öpdülər. Əsasən, bizim getməyimizi tələb eləyən Şahpur Bəxtiyarın da gözləri yaşarmışdı.
   Şah daha sonra xatirələrini yazdığı kitabında (Məhəmməd Rza Pəhləvi, "Tarixə şəhadət", Paris, 1979), "Yurdumdan ayrılanda mənə sədaqətlərini göstərənlər məni çox duyğulandırmışdı; hıçqırıqlarla pozulan, insanın ürəyinə bıçaq kimi saplanan bir sükut hakimiydi ətrafa" deyə yazacaqdı.
   Nəhayət, bizimlə gəlmək istəyən bir neçə adamla birlikdə özümüzü təyyarənin içinə saldıq. Protokol şefi Əmir Aslan Əfşar, atası Əbülfət Atabəy, ərimdən öncə sıra-sıra Əhməd Şaha və Rza Şaha xidmət eləyən Kambiz Atabəy, bizim şəxsi təhlükəsizliyimizi qoruyan Kiomərs Cahanbini və Yazdan Nəvisiylə mühafizə zabitləri bunların arasındaydı. Uzun zamandan bəri xidmətimizdə olan başqa insanlar da vardı. Sarayda son anda ətrafımda heç bir qadının olmadığını görüb dörd uşağımızın həkimi olan qohumlarımızdan doktor Lyossa Pirniadan sonu naməlum bu səfərə mənimlə getməyi istəyib-istəmədiyini soruşmuşdum. Dərhal qəbul eləmiş, ailəsini orada qoyub, sadəcə, paltarlarını yığdığı kiçik bir çemodanla bizə qoşulmuşdu. Aşpazımız da bizimləydi, İranı, vərdiş elədiyi mətbəxi bir daha görməyəcəyini sezdiyindəniydi, deyəsən, son dərəcə vasvası olan bu adam özüylə iri yemək qazanlarını və çuvallar dolusu noxud, düyü və mərcimək götürmüşdü... Qısaca, hər kəs bir şeylə təskinlik tapmağa çalışırdı.
   Təyyarəyə minər-minməz Şah komanda hissəsində əyləşdi. Bu əvvəldən ən böyük zövqlərindən biriydi. Beləcə, yaşadığı iztirablara baxmayaraq, hətta bəlkə də bu sarsıntı üzündən özünü sonsuzluğadək İrandan uzaqlaşdıracaq, yaxınlarının əlindən qoparacaq bu səyahətdə təyyarəni şəxsən sürmək istəyirdi. Yaşadığımız olayların çoxluğundan çaşıb qalmışdım, amma için-için də dözməyi bacardığımdan özümlə qürur duyurdum. Təyyarəmizin havaya qalxmasıyla bağlı daha bir xatirəm yoxdu.
   İranın hava məkanında umduğumuz müddətdə ərim təyyarəni idarə elədi. Sonra komandanı pilotlara verib yanımıza gəldi. Elə o zaman tarixin bizi içinə itələdiyi uçurumu bütün dərinliyilə hiss etdim. O anda dərhal dözmək üçün bəzi şeylər eləməsəydim, bəzi cəhdlər göstərməsəydim, ağlımı itirəcəkdim. Dünyaya zavallı ölkəmə yardım üçün müraciət eləməyi düşündüm. Üsyançılara qarşı olan, amma müdafiə imkanları olmayan xeyli adamı orda qoymuşduq, bu yaxınlarda mütləq ayaqlarına yıxılacaqdılar. Onlara tez kömək çatdırmaq lazım gəlirdi, bizə yaxın olan dövlət başçılarına xəbər verilməliydi. İçəridən bəzilərinə mesaj göndərmək üçün dərhal Şahdan izin istədim. Mənə qəribə tərzdə baxdı, sonra istəməyə-istəməyə razı qoydu. Əfşar bəyin köməyilə bu çağırışları qələmə aldım. Sonra ilk dəfə Misirin güneyində, Assuana doğru uçanda, həyəcanla dəftərin ilk səhifələrini qaralamağa başladım. Bu dəftəri on səkkiz ay ərzində, şahin ölümünə qədər özümdə saxladım. Aşağıda o dəftərdən bir neçə sətir çatdırıram:
   "16 yanvar 1979.
   Sarayda durum qorxuludu, çox qorxuludu. Görülməsi lazım gələn çox işlər, telefonla tapılmalı olanlar, ətrafdakı insanların hıçqırtıları...
   Ümidsizliyə qapılmamalı, ağlamamalıyam, ürək-dirək verməliyəm. Bütün həyatımı arxada qoyuram, geri dönmək ümidimi qoruyub saxlayıram, amma eyni zamanda üzüntüdən ürəyim darıxır. Sarayda ayaqlarımızı qucaqlayan, yalvaran, suallar verən insanlar: "Hara gedirsiniz? Nə vaxt qayıdacaqsınız? Niyə bizi tərk eləyirsiniz? Bizi başlı-başına buraxmayın..."
   "Xeyr, ayağa qalxın, Allaha güvənin. Siz zabitsiniz, ağlamamalısınız" dedim. Mən içimdə ağlayırdım, amma onlar görmürdülər.
   Vertolyotdan düşəndə gülümsəməli, inandırıcı sözlər tapmalı, daim güclü olmalıyam. "Əminəm ki, beynəlxalq birlik bu durumun öhdəsindən gələcək, mən İran xalqına güvənirəm".
   Qəzetçilərə dediklərim bunlarıydı. İçlərindən biri mənə "Allah köməyiniz olsun!" deyə pıçıldadı. Sonra hamı təyyarəyə doğru yönəldi. Orda insanlar Şahın qarşısında diz çökdülər. Ərim pərişan olmuşdu, gözləri yaşla doluydu. Pilotlar, zabitlər, qəzetçilər, mühafizəçilər, hamı hıçqıra-hıçqıra ağlayırdı.
   Bomboş səmaya qalxdıq. Hər şeyi itirməyin qorxusu içimi qorxunc bir şəkildə parçalayır. Uşaqlarım, dostlarım, ölkəm... ürəyim param-parça! Bu sonu bilinməyən səfərə çıxmaqdansa, yurdumda ölməyi üstün tutardım. Sonu bilinməyən bu səfər bizi hara aparacaq? Qəlbim bu qədər parçalanıbsa, yaşamağa, təpərli olmağa necə davam edəcəyəm?"
   İlk gənclik illərimdə gələcəyimi düşünəndə, özümü mədəni, qürur duyacağım bir kişinin yanında təsəvvür edərdim. Get-gedə daha çox qadının İranın inkişafına qoşulmaq üçün səfərbər olduqları bir vaxtda, 50-ci ilin axırlarında təhsilimi bitirmədən ərə getməyi fikirləşmirdim. Günlərin birində ölkəmizin ən böyük şəxsiylə evlənmək ağlıma belə, gəlməzdi. Şahdan bir gün:
   "Niyə məni seçdin" soruşmuşdum.
   "İlk görüşlərimizin birində, günortadan sonra yeddi daş (uşaq oyunu-N.Ə.) oynamışdıq, xatırlayırsanmı? Olduqca çoxuyduq. Daşların çoxu hədəfə dəymədən yerə düşürdü, sən də çox incə bir tərzdə dərhal qaçıb oyunçuların daşını toplayırdın. Səni ondan öncə də bəyənmişdim, amma o gün nəcibliyini sevdim..."
   
Türkcədən çevirəni:
Nəriman ƏBDÜLRƏHMANLI
(Davamı növbəti şənbə sayımızda)