| Gələn
il İran nüvə dövlətinə çevrilə bilər |
| Rusiyadan sonra Azərbaycanın yaxın qonşularından biri də nüvə dövlətinə çevrilə bilər. Artıq Tehran kosmosun öyrənilməsi adı altında hərbi məqsədli sınaqlara hazırlaşır. |
![]() Bu barədə xəbəri Fransanın Libersyon qəzetinə istinadən İzvestiya qəzeti yayıb. Libersyonun məlumatına görə, ayətulla rejimi Şimali Koreya mütəxəssislərinin köməyilə uzaq hədəfləri vurmaq gücünə malik ballistik raket yaradır. |
Bəs cənub qonşumuz ABŞ və Avropa dövlətlərinin təzyiqini önləmək üçün bu niyyətini necə pərdələməyə çalışır? Az öncə müdafiə naziri Əli Şamxani İranın ilk peykinin 2005-ci ilin sonunda buraxılmasının planlaşdırıldığını söyləmişdi. Raketin sınaqdan keçirilməsi birinci İran peykinin kosmosa buraxılması ilə üst-üstə düşəcək. Həmin peyki səmaya daşıyacaq raketin isə sonradan nüvə başlıqları ilə təchiz olunması da mümkündür. Mütəxəssislər isə bildirirlər ki, mülki məqsədlər pərdəsi altında 1998-ci ildə Şimali Koreya da Tepxodon-1 raketinin istehsalına başlayıb. O zaman Pxenyan da belə güclü raket daşıyıcısını ancaq peyk buraxılışı üçün yaratdığını bəyanlayırdı. Sonradan isə Tepxodon-1 raketi nüvə başlığının daşıyıcısına çevrildi. Qeyd edək ki, hələ iki il əvvəl İranın kosmik proqramlarına rəhbərlik edən Əhməd Vahid ərəb qəzetlərindən birinə müsahibəsində bildirmişdi ki, mütəxəssislər ilk növbədə 1300 km məsafəni vura biləcək raket üzərində işləyirlər (Bu, İsrailin paytaxtı Təl-Əvivə zərbə endirməyə imkan verir). O, həmin raketin gələcəkdə uçma məsafəsinin 1500 km-ə qədər böyütmək planlarının olduğunu da gizlətməmişdi. Keçən ilin yayında isə Rusiyanın kosmik qoşunlarının mətbuat xidməti 1500 km məsafəyə 8 ton ağırlığında başlıq daşıya bilən Şahab-3 raketinin sınağının keçirildiyi barədə məlumat yayıb. Mütəxəssislərin rəyinə görə, bu raketin hərəkət radiusu tək İsrailə deyil, ABŞ-ın regiondakı bir çox hərbi bazalarına da zərbə vurmaq üçün də yetərlidir. Şahab raketinin üç qurğusunu Müdafiə Nazirliyi elitar İslam İnqilabının Müdafiəçiləri korpusunun sərəncamına verib. Keçən ilin sentyabrında isə Tehranda keçirilən hərbi paradda artıq Şahab qurğusu nümayiş etdirilib. Şahidlərdən birinin dediyinə görə, raketlərdən birinin üzərinə İsraili yer üzərindən silmək! şüarı asılıbmış. Ђlkə rəsmilərinin ziddiyyətli açıqlamaları da İranın uzaq hədəfləri vurmağa qadir ballistik raketə yiyələnmək niyyətinin mövcudluğunu təsdiqləyir. Məsələn, Tehranda keçirilən paraddan sonra müdafiə nazirinin müavini Hüseyn Dekxan bildirib ki, onun ölkəsi gələcəkdə raketin göstəricilərini yaxşılaşdırmaq istəyir. Lakin bir neçə gün sonra müdafiə naziri Əli Şamxani müavinin sözlərinə qəribə düzəliş edib: Biz Şahab-4 adlanan raketə malik deyilik. Daha güclü raketin yaradılması məsələsini İran qarşısına məqsəd qoymayıb. Ђtən il prezident Məhəmməd Xatəminin bəyanatı da diqqət çəkib. O, Şahab-3D (döyüş raketinin mülki versiyası) raketinin yaradılmasını sülhməramlı niyyətdən qaynaqlandığını dilə gətirib. Ancaq avropalı ekspertləri narahat edən odur ki, raketin hərbi və mülki versiyası fərqlənmir və İran müəssisələrində istehsal olunur. Və adı çəkilən raketi əksər mütəxəssislər Şimali Koreyanın istehsalı olan Nadon raketinin yaxşılaşdırılmış variantı sayırlar. Bəzi məlumatlara görə, onun hazırlanmasına da koreyalı mütəxxəsilər kömək edib. Koreyalılar iranlı kolleqalarına kosmik məqsədlər üçün nəzərdə tutulmuş raket daşıyıcısının qısa zaman ərzində nüvə başlığı daşımağa qadir ballistik raketə çevirməyi öyrədiblər. Bir versiyaya görə isə, artıq 3000 km. radiusda hədəfi vurmağa qadir raketi İran artıq malikdir. Həmin raket hissələri ŞKDR-in müəssisələrində hazırlanıb, sonra isə təyyarə ilə Tehrana gətirilib və burada yığılıb. Bu baxımdan, son dövrlər Avropa ölkələrinin İrana yönəlik tənqidləri də təsadüfi sayılmır. Rəsmi Tehran isə Avropa öləkələri (ilk növbədə Almaniya, Fransa və Böyük Britaniya) tərəfindən İranın raket proqramlarıyla bağlı tənqidlərin sərtləşməsini və artmasını avropalı istehsalçıların biznes maraqları ilə izahlayır. Arqument də diqqət çəkir. Avropa Yaxın və Orta Şərqi çoxsaylı aerokosmik kompleksləri üçün təsir dairəsi sayır. Rəsmi Tehran iddia edir ki, peyklərindən ənənəvi olaraq bu regionda yerləşən ölkələrin yararlanması sonucunda avropalılar böyük gəlir götürür və ona görə də region ölkələrinin öz kosmik sənayesini inkişaf etdirməsini əngəlləmək istəyirlər. Alimlərin cəmləşdiyi Qlobal Təhlükəsizlik Uğrunda komitənin sədr müavini Aleksandr Pikaev isə deyir ki, İranın cəhdləri başa düşüləndir: İran sözsüz ki, uzaq hədəfləri vurmağa qadir raket yaradılması yönündə səylərini davam etdirəcək. Bu, nüfuz məsələsidir. Tehran çalışır ki, kosmosa öz istehsalı olan peyki buraxan ilk islam dövləti olsun. Digər tərəfdən, amerikalılar heç vaxt söz verməyiblər ki, öz təhlükəsizliklərinə təhlükə yarandıı zaman prespektivdə nüvə ölkəsi olmayan ölkələrə nüvə zərbəsi endirməyəcəklər. Uzaq hədəfləri vurmağa qadir raket gələcəkdə nüvə başlığı ilə təchiz edilə və İran hakimiyyətinin əlində ABŞ-ı Tehranın və onun müttəfiqlərinin işlərinə qarışmaqdan çəkindirən effektiv vasitəyə çevrilə bilər. Ramiz MİKAYILOĞLU |