Şərəfli lider, ləyaqətli şəxsiyyət, doğrucul insan
Gənclər Elçibəyin doğum günü ilə bağlı tədbir keçirdilər

Milli Azadalıq Hərəkatının lideri - Əbülfəz Elçibəyin doğum günü - Türklük günü ilə bağlı tədbirlər davam edir. Dünən “Rəsulzadə-Elçibəy” Ocağı, “Elçibəy gənclərin gözü ilə “ mövzusunda dəyirmi masa keçirdi.

Tədbirdə çıxış edənlər Elçibəyin gənclərə verdiyi tövsiyə və tapşırıqlardan danışdılar. Müasir gənclərin xeyli hissəsinin Elçibəy ideyalarının daşıyıcıları olduğunu vurğulayan “Rəsulzadə-Elçibəy” Ocağının başqanı Zahir Əlisoy təəssüflə qeyd etdi ki, müxtəlif qurumlarda fəaliyyət göstərən gəncləri bir araya gətirmək müşkülə düşüb. O, gənclərin siyasi yönümlərə görə parçalanmasında siyasi partiya liderlərini də suçladı: “Biz o gənclik bazasını Elçibəy ideyaları və bütöv Azərbaycan ətrafında birləşdirə bilsək, bu, bizim böyük uğurumuz olardı. Amma cəsarətlə demək olar ki, Azərbaycan gəncliyi, ölkənin sabahını, taleyini həll edən Əbülfəz Elçibəy yolundadır”. Gənclərin fikrincə Əbülfəz bəy XX əsrin II yarısında Azərbaycan tarixində mühüm rol oynayıb: “Son iki yüz ildə, ADR dövrünü çıxmaq şərti ilə elə böyük inqilablar və islahatlar aparılmayıb. Məhz Əbülfəz Elçibəy dövründə Azərbaycan öz müstəqilliyini bərpa etdi. Onun kimi şərəfli bir şəxsiyyət, ləyaqətli, ədalətli, doğrucul bir insan, sözü düz və açıq deyən, son dərəcə enerjili və çalışqan, millətinin hədəflərini aydın göstərməyi bacaran ikinci bir lider göstərmək mümkün deyil”. Ocaq başqanına görə, Elçibəy disident illərində üzləşdiyi təqib və təzyiqlərdən də şərəfli və üzüağ çıxıb: “Gələcək nəslin formalaşması baxımından mühüm məsələdir ki, millətin öndə gedən lideri siyasi proseslərdən ləyaqətlə, sınmadan çıxır”. Elçibəyin Milli Azadlıq Hərəkatında və AXC-nin qurulmasında mühüm rolunu vurğulayan natiqlər qeyd etdilər ki, Cəbhənin qurulması Azərbaycan türkünün güclü təşkilat qura bilmə qabiliyyətini göstərdi. Masada çıxış edənlər Elçibəyin rəhbərlik etdiyi bir illik milli hökumətin Azərbaycan türkünün taleyini dəyişmiş islahatlarından danışdılar. Gənclərin fikrincə, milli hakimiyyətin devrilməsi o vaxtkı liderlərin Elçibəyi müdafiə etməməsi nəticəsində mümkün oldu. O zamankı liderlər öz siyasi maraqlarına, Azərbaycan dövlətçiliyini, Elçibəyi qurban verdilər”. Gənclər Elçibəyin Bakıya dönəndən sonra ölkənin siyasi həyatında bir canlanma yaratdığını bildirdilər. Gənc elçibəyçilərə görə, bəzi partiya sədrlərinin “Elçibəy siyasətçi kimi bitib” kimi fikirlərinin cəfəng olduğu üzə çıxdı. Millətçi gənclərin fikrincə, Bütöv Azərbaycan Birliyini yaratmaqla Elçibəy Azərbaycan siyasətində dönüş edib: “BAB qısa müddətdə güclü partiyalarla rəqabətə girə biləcək təşkilata çevrildi. Elçibəy Bütöv Azərbaycan ideyasını siyasi müstəviyə çıxartdı”. Çıxış edən gənclər söylədilər ki, Elçibəy gənclərə bir neçə örnək qoyub: “Elçibəy bizə türk milləti ilə fəxr etməyi, dünyada baş verən prosesləri milli mənafedən dəyərləndirməyi və vətəni sevməyi öyrətdi”.
BAXCP sədrinin gənclərlə iş üzrə müşaviri İlham Fərzəli gəncləri əli Azərbaycan türkünün qanına bulaşmış sovet generalı Primakovun Bakıya gəlişinə etiraz etməyə çağırdı.
Elman