| Təbrizli
mollanın etirafları Olaylar 12/06/2004 |
| Artıq İranda mollalar da onların hakimiyyətinin sonuna az qaldığını yaxşı başa düşürlər |
1990-cı ildə Təbrizdə tanış olduğumuz, amma o gündən üzünü görmədiymiz və bir neçə gün öncə təsadüfən Bakıda rastlaşdığımız, nə qədər qəribə olsa da, tanıya bildiyimiz iranlı bir mollanı şəhərimizdəki türk restoranlarından birinə dəvət edib, uzun-uzadı söhbətləşə bildik. |
Eşitdiklərimiz bizi o qədər heyrətləndirdi ki, adını məlum səbəblərdən çəkmək istəmədəyimiz bu şəxsin söylədiklərinin oxucular üçün də maraqlı ola biləcəyini düşünürük. ![]() Köhnə tanışımızın dediklərindən belə məlum oldu ki, artıq İranda mollalar da onların hakimiyyətinin sonuna az qaldığını yaxşı başa düşürlər və bu üzdən də bütün güclərini sərvət toplamağa, başqa sözlə, qaçılmaz olacaq mühacirət həyatı üçün zəruri kapital yığmağa sərf edirlər. İmkanı çox olanlar artıq çoxdan özləri və ailələri üçün Avropa ölkələrində, imkanı az olanlar isə Suriyada ev-mülk hazırlayıblar. İndi kapitalın İrandan çıxarılması prosesi başlayıb və son üç ildə ölkədən təqribən 8 milyard dollar həcmində pul və ya zinət əşyası çıxarılıb. Təbrizli molla İranda xalqın mollaları sevmədiyini və vəziyyətin sadəcə bir qığılcıma bənd olduğunu etiraf etdi. Ən əsası isə güneyli soydaşlarımızın milliyyətçilik sahəsində bizi, yəni Quzey Azərbaycan türklərini çox-çox geridə buraxdığını iddia etdi. İranın bütün şəhərlərində türklərin yalnız Azərbaycanın TV kanallarını seyr etdiklərini, Arazın bu tayı ilə nəfəs aldıqlarını da sözlərinə əlavə etdi. Soydaşlarımızın daha çox xəbərləri, xüsusən də İlham Əliyevin səfərləri ilə bağlı süjetləri maraqla izlədiklərini bildirdi. Onun sözlərinə görə, güneyli soydaşlarımız arasında Lider TV-ni seyr edənlər üstünlük təşkil edir. Ən populyar verilişlər isə Mərc şou (Lider TV), Kamerton, Ötən həftə (ANS TV) Sizin saat (Space TV) və sairədir. Təbrizli mollanın özünün isə ən çox sevdiyi veriliş Ötən həftə (ANS) verilişidir. Tanışımız güneyli türklərin farslara ən azı ruslara və ermənilərə etdikləri qədər nifrət etdiklərini söylədi. 14 il öncə tanıdığımız, səhərdən axşama qədər ABŞ və İsrailə lənət yağdıran və şiəliyi türkçülükdən üstün tutan tanışımız keçən illər ərzində o qədər dəyişmişdi ki, əynindəki əbası və başındakı əmmaməsi olmasaydı, onu asanlıqla mərhum Alp Arslan Türkeşin tərəfdarlarından hər hansı biri ilə səhv salmaq olardı. Bu, hal bizi çox təəccübləndirdi. O, da biləndə ki, qarşısındakı şəxs 14 il öncə tanış olduğu ateist və kafir şəxs deyil, artıq mömin bir müsəlmandır, təəccübünü gizlədə bilmədi. Çünki Təbrizdə nə qədər əlləşmişdisə, bizi dinə-imana gətirə bilməmişdi. Deyəsən, bu fakt onu bir qədər qorxutdu da. Ola bilsin ki, ürəyində bəzi şübhələr də yarandı. Amma sonra meylimizin sünni-Hənəfi məzhəbinə olduğunu, şiəliyə rəğbət bəslədiyimizi müəyyənləşdirdikdən sonra cəsarətləndi (?!) və çox sensasion bir açıqlama verdi. Dediyindən belə məlum oldu ki, gələcək türk hökumətinin tərkibi barədə müzakirələr aparılır. Nə qədər qəribə olsa da, Mahmudəli Çöhrəqanlıdan bir qədər ehtiyat edirlər. Səbəb də odur ki, bu şəxslərin planının gerçəkləşə bilməsi üçün onların sadə xalqın dəstəyinə ehtiyacları var. Xalq isə Çöhrəqanlını dəstəkləyir. Odur ki, GAMOH lideri ilə rabitə qurmağın vacibliyini hamı çox yaxşı başa düşür. Yəni onun razılığı olmadan heç bir planının uğur qazanmayacağı gün kimi aydındır. Tanışımız rabitə qurub müzakirələrə başlamağa nə mane olduğunu heç cür izah edə bilmədi, ya da izah etmək istəmədi. Bütün bunları söyləsə də, özünün hansı əqidəyə qulluq etdiyini müəyyənləşdirə bilmədik. 14 il öncə Ettelaatla bağlı olduğunu bilirik. Çox güman ki, bu bağlılıq bu gün də davam edir. Lakin fakt budur ki, o artıq öncələr olduğu kimi paniranizm və şiə fanatizmi mövqeyindən çıxış etmir, əsl türkçü təsiri bağışlayırdı. Doğrusunu isə yalnız Allah bilir. Bəxtiyar Tuncay P.S. İranlı mollanın sözlərinə görə, Güneydə, demək olar ki, hər bir evdə Çöhrəqanlının şəkli ən hörmətli yerdən asılıb. Evlərin çoxunda Elçibəyin, Heydər Əliyevin və İlham Əliyevin də şəkillərinə rast gəlmək olar. Mollanın öz doğma qızı isə Azərbaycanın hazırkı prezidentinin xanımı Mehriban Əliyevanın şəklini həmişə üzərində gəzdirir. |