| Güney
hərəkatı möhtəşəmləşir
|
| Mollalar müqavimət gücünü itirirlər və məğlub olurlar |
Bəzz yürüşünün vaxtı çatdı. Bu möhtəşəm tədbirlərlə bağlı hazırlıq işləri yekunlaşdı. Bu günlərdə molla rejiminin əl-ayağa düşdüyü daha aydın hiss edilir, artıq növbəti yürüş zamanı səsləndiriləcək şüarların mətni dəqiqləşdirilir. |
Aktivliyin əvvəlki illərdən daha çox olduğu da göz qabağındadır. Bu da təbiidir, ötən illər ərzində Güneydə türkçülük və azərbaycançılıq ideyalarının yayılma arealı daha da genişlənmiş, millətçilik təkcə üfüqi deyil, şaquli istiqamətdə də önəmli məsafə qət edib. Yəni millətçilik ideyalarının yayılma coğrafiyasının genişlənməsinə paralel olaraq, bu ideyanı qəbul edən və öz ictimai-siyasi mənsəbinə görə sosial ierarxiyanın müxtəlif qatlarında mövqe tutan sosial təbəqələrin də sayı artıb. Əgər üfüqi genişlənmə Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Ərdəbil ostanları və Tehranla yanaşı Qəzvin və Həmədanda da aktivliyin daha da artması, Xorasan türkləri, qaşqaylar və türkmənlərin də ümumi prosesə daha çox və daha sıx inteqrasiya olunması ilə müşayiət olunursa, şaquli genişlənmə burjuaziya, dövlət məmurları, hərbiçilər və hətta türk mollaları içərisində də Milli Oyanış Hərəkatına açıq və gizli rəğbətin artması formasında özünü göstərir. Bu günlərdə Təbrizdə baş verən, hərəkatçıları müəyyən qədər çaşdıran və təbii ki, şübhələr içərisinə salan olay da deyilənlərə ən gözəl sübutdur. Söhbət Təbriz Universitetində təşkil olunan Qoca yurdum adlı toplantıda dini rəhbər Xamneyinin Şərqi Azərbaycan ostanı üzrə xüsusi nümayəndəsi Feyzulla Vahidin səlis türk dilində söylədiyi fikirlərdən gedir. Xatırladaq ki, o, Azərbaycan torpaqlarının (Quzey Azərbaycan nəzərdə tutulur - B.T.) 80 faizinin kafirlər tərəfindən işğal olunduğunu, İrəvanın qədim Azərbaycan-türk şəhəri olduğunu söyləməklə və ümumiyyətlə, sözügedən tədbirə qatılmaqla bir yandan azərbaycançılıq və türkçülük hisslərinin ona da yad olmadığını ortaya qoymuş, o biri yandan da Tehranın rəsmi siyasəti ilə üst-üstə düşməyən mövqe sərgiləmişdi. Güneydəki ülküdaşlarımızın əksəriyyəti bu olayı Tehranın fitnəsi, başqa sözlə, mollaların yeni oyunu hesab etsə də, bizcə, məsələyə bir qədər fərqli yanaşmaq və məsələni milli hisslərin tədricən, dövlətdə tutduğu vəzifədən asılı olmayaraq, hər kəsə hakim olmağa başladığının təsdiqi kimi baxmaq daha doğru olar. Bu yaxınlarda Həmədanda milli tələbə qəzet və jurnallarının toplantısı keçirilib. Belə toplantının keçirilməsində qeyri-adi bir şey yoxdur və bu normal haldır. Fəqət sevindirici olan odur ki, bu tədbir türklərin daha çox fəallığı ilə seçilən Təbriz, Urmiya, Tehran, Zəncan və ya Astarada yox, məhz Həmədanda keçirilib. Bu gün Həmədan hər hansı bir milli tədbirə ev sahibliyi yapırsa, bu, artıq çox böyük irəliləyişin olduğunu göstərir. Başqa bir fakt. Məlum olduğu kimi, bəzi məsələləri nəzərə alan cənab Mahmudəli Çöhrəqanlı Bəzz qalasına yürüşün vaxtında dəyişiklik etdi. Bu dəyişiklik, demək olar ki, müzakirə edilmədən və önəmli etiraz səsləri eşidilmədən hər kəs tərəfindən qəbul edildi. Bu, nə deməkdir? Bu o deməkdir ki, Güneydə artıq hər bir türk, hər bir türk təşkilatı Çöhrəqanlının qeyd-şərtsiz və şəriksiz lider olduğunu qəbul edir. Lakin ortada bütün bu faktlardan daha çox sevindirici və ümidverici bir fakt da var. Söhbət mollaların Bəzz yürüşünə eyni gündə Tehranda Ümumİran Tələbə Hərəkatına mitinq keçirməyə icazə verməsindən gedir. Güneyli soydaşlarımız haqlı olaraq, Tehran rejiminin bu addımını Güney Azərbaycan Hərəkatını parçalamaq üçün atılmış addım kimi dəyərləndirir. Doğru və qüsursuz məntiqdir. Lakin bir məsələni də unutmayaq. Ümumİran Tələbə Hərəkatı molla rejiminə heç də dost olan bir hərəkat deyil və rejim üçün Güney Azərbaycan Hərəkatı qədər təhlükəlidir və əgər bu addım atılıbsa, deməli, rejim türklərin hərəkatından daha çox qorxur. Qorxursa, deməli, hərəkatımız gerçəkdən də çox güclənib. Bu, məsələnin bir tərəfidir. Məsələnin başqa bir tərəfi də var. Tehran rejiminin bu addımı, yəni bu gün Tehranda tələbələrin mitinqinə icazə verməsi, mollaların dilə gətirmədiyi, fəqət təhtəlşüur səviyyəsində hər kəsin beynində özünə möhkəm yer etmiş bir həqiqəti ortaya qoyub: Rejimi qoruyub saxlamaq mümkün olmayacaq, heç olmazsa, İranın bütövlüyünü qoruyub saxlayaq. Bu fikir təhtəlşüura yerləşmişsə, deməli, mollalar artıq müqavimət gücünü itirirlər. Psixoloji cəhətdən məğlub olurlar. Bəxtiyar Tuncay |