| Elçibəyin
mənəvi varisləri və 24 iyun |
| Varislik ildə bir dəfə yox, hər gün əməldə özünü göstərir |
![]() Siyasətdə və ideologiyada mənəvi varislik karyera baxımından çox vacibdir. Varis olmaq ideya daşıyıcısı olmaq deməkdir. Ustadın mənəvi dünyasını daim özündə ehtiva etməyi bacarmaq deməkdir. |
Aşıq Ələsgər təsadüfi deməyib: Bir şagird ki, ustadına kəm baxa, onun gözlərinə qan damar-damar. Yəni ustadının varisi olmağı bacarmayanların işləri yerimir, uğura vara bilmirlər. Elçibəy bir irs qoydu getdi. Onun yaratdığı siyasi məktəb Azərbaycanda millətsevərliyin, vətənpərvərliyin qaynağıdır. Elçibəyin mənəvi varisi olmaq çox çətindir. Hər yerindən duran o keyfiyyətdə ola bilməz. Bizim siyasi meydanda bir çoxları özlərini Elçibəyin siyasi və mənəvi varisləri sayır. Neçə illərdir ki, bu amil üzərində manevrlər edilir, siyasi spekulyasiyalar yapılır. Ancaq konkret əməl mövqeyindən baxanda kifayət qədər dolaşıq situasiya görürük. Mənəvi varislik məsələsində xeyli suallar meydana çıxır. Əvvəla, Ə.Elçibəyin vəfatından sonra onun bəzi varisləri, ümumiyyətlə, ustadlarının ideyalarını dilə gətirmədilər. Hətta Bəyin sağlığında onlar bir-biriylə ciddi intriqalara giriblərmiş. AXC-nin sonrakı parçalanmaları bunu sübut etdi. İndi hətta lətifə kimi sual edirlər ki, neçə AXCP var və onlardan hansı əsasdır? Ancaq hamısı danışanda özlərini Elçibəyin əsl varisləri (mənəvi) sayırlar, qarşı tərəfi isə saxtakar adlandırırlar. Üstəlik, Müsavat da özünü Ə.Elçibəyin mənəvi varisliyinə aidiyyatı olan sayır. Yaxşı, Elçibəyin bir-birindən fərqlənən neçə mənəvi və siyasi varisi var? Təbii ki, onlardan yalnız biri əsl ola bilər, qalanları surətdirlər. Deməli, bu ada iddiaçılar spekulyasiya edirlər. Bu mənada Elçibəyin mənəvi varisi olmaq məsələsini hələ dəqiqləşdirmək lazımdır. Söz hələ reallığı əks etdirmir. Mənəvi varislikdə şübhə doğuran məqamlardan biri neçə ildir ki, göstərilən fəaliyyətdə Elçibəyin ideyalarına əməl olunmamasıdır. Özünü mənəvi varis sayanlar onun nə bütövləşmə, nə dövlətləşmə, nə də millətləşmə tezisinə əməl etmirlər. Bütövləşmək əvəzinə bir-birini qırırlar. İndiyə qədər iki partiyanın bağladığı sazişə sona kimi əməl etdiyi görünməyib. Sazişin qüvvədə olduğu müddətdə də min bir oyundan çıxıblar. Bunu seçki ərəfəsi də, ondan sonra da aydın gördük. Yaratdıqları bütün qurumlar şəxsi ambisiyalar səbəbindən sabun köpüyü kimi dağıldı. Partiya səviyyəsində birləşə bilməyənlər Azərbaycanı necə bütövləşdirə bilərlər? Elçibəyin bütövləşmə ideyasına necə varislik edə bilərlər? Sonra dövlətləşmə ilə bağlı aspektdə eyni mənzərəni görürük. Azərbaycan üçün bütün prinsipial məqamlarda dövlətçiliyə badalaq gəlinib. Siyasi məhbus oyununda, demokratiyaya aid hesabatlarda, baş verən hadisəni beynəlxalq təşkilatlara çatdırmaq tərzində və digər hallarda bu, özünü aydın göstərib. Özünü Elçibəyin mənəvi varisi sayan prezidentliyə namizəd İran KİV-də təbliğ olunursa, bunun harası dövlətləşməyə xidmət oldu? Fars rejimi, ümumiyyətlə, Güneydəki haqqımızı qəbul etmir, o ki qala dövlətimizin möhkəmlənməsini. Onda Elçibəyin dövlətləşmə ideyasına sadiq olduğunu deyəni İran KİV-i hansı səbəblərdən təbliğ edir? Deməli, ortada sözdə bir cür, əməldə başqa cür situasiyası var. Daha sonra Elçibəyin millətləşmə tezisi başqa çalarlarla yanaşı milli barışı da nəzərdə tutur. Bəzilərinin milli barışı nə dərəcədə arzuladıqlarını 2003-cü il oktyabrın 16-da gördük. Ondan əvvəl və sonra da siyasi qüvvələrlə dialoq təkliflərini necə rədd etdiklərini müşahidə etdik. Hətta biri yazmışdı ki, yeri get, alə, yekə kişisən! Bu məntiqlə milli barışa nail olmaq olar?! Milli barış hər şeydən öncə səmimiyyət tələb edir. Bunların siyasi fəaliyyətində də ən çox çatışmayan cəhət bundan ibarətdir. Öz siyasi tərəfdaşına səmimi olmayan siyasətçi heç vaxt milli barışçı ola bilməz. Elə isə onun millətləşməyə yönəlik hər bir çağırışı qəbul edilməyəcək. İnsanlar tükü tükdən gözəl seçirlər. Eyni zamanda, millətləşməyə yönəlik hər hansı ideoloji addım real cəhd kimi qəbul edilməyəcək. Bu qısa təhlil göstərir ki, Elçibəyin mənəvi varisi olmaq çox çətin bir prosesdir. Seçki platformasında Elçibəyin ideyalarını yada salmayanların iyunun 24-də də əlüstü davranacaqları tam gözləniləndir. Elçibəyin doğum günündə ürəkdən və real tədbirlər görmək üçün ən çətin anlarda onun siyasi və mənəvi irsindən bəhrələnib hərəkət etmək gərək idi. Onda bu hərəkət edilməyibsə, indi Elçibəyin mənəvi varisliyindən danışmaq yersizdir. İyunun 24-də formal mərasimlər, sözlər, andiçmələr və iyunun 25-dək hər şey yenidən unudulacaq. Başqa cür ola bilməz, çünki mənəvi varislik daim siyasi əməldə özünü göstərir, tədbirdən-tədbirə yox! Kommunistsayağı spekulyasiyalarla yalnız baş aldatmaq olar. İndi bu cür saxtakarlıqlar isə keçmir! Mirzə Turan |