Fəlsəfə İnstitunda fars meyillilik

Olaylar 02/05/2004

Əliyar Səfərli: “Belə getsə, Elmlər Akademiyası İranın təsiri altında qalacaq”


Azərbaycan dadlı bir torta bənzəyir və xarici dövlətlər ona tamah salır. Onu öz aralarında bölüşdürmək üçün əllərindən gələni əsirgəmirlər. Kimisi elm-təhsil, mədəniyyət əlaqələri adı ilə, kimisi də iqtisadiyyat sahəsində əməkdaşlıq bəhanəsi ilə və kimisi də din adı altında öz kəşfiyyatçılarını və missionerlərini ölkəmizə göndərir.

Azərbaycanın keçid dövründə yaşadığı sosial-iqtisadi problemlərdən istifadə edərək, guya müxtəlif sahələrin inkişafı üçün investisiya ayırır, həmin sahələrdən əldə etdikləri gəlirlərin hesabına isə öz təbliğatlarını həyata keçirmək üçün əməlli-başlı “maya” qoyurlar. Şimaldan Rusiya, cənubdan İran, okeanın o tayından isə Amerika Azərbaycanı “özəlləşdirmək” istəyir. İmperialist müharibələr hesabına genişlənmiş o ucsuz-bucaqsız ərazilərin içərisində kiçik Azərbaycan dövlətini də əritmək üçün səy göstərir. Allah özü köməyimiz olsun! Tarix boyu dövlətlərarası çəkişmələrdən yalnız 86,6 kvadratmetrlik ərazisini qoruya bilmiş Azərbaycana Allah özü yardım etsin!
“Tort”un ən böyük hissəsini yemək üçün İranın şansı daha çoxdur. Birincisi, ona görə ki, qonşu dövlətdir - Amerika kimi okeanın o tayından təyyarə ilə gəlmək üçün bilet pulu ayırmır. İkincisi və ən əsası ona görə ki, İslam dövlətidir - Rusiya və Amerika kimi öz dini missionerlərini Azərbaycana göndərmək və onları maliyyələşdirmək üçün “əlini cibinə salası” olmur. Yəni nə əlavə vaxt, nə də əlavə pul itkisinə yol verir. Əvəzində həmin pulları Azərbaycanın elm, təhsil və mədəniyyət sahəsinə təsir və təzyiq etmək üçün xərcləyir. İran İslam respublikasının Azərbaycandakı səfirliyi və İran Mədəniyyət Mərkəzinin bu sahədəki fəaliyyətinin izlərini demək olar ki, bütün elmi tədqiqat institutlarımızda çox asanlıqla görmək mümkündür. Görməyənlərə isə biz nümunə göstəririk.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunda yeni bir şöbə açılıb. Şöbənin adı “İran sosial-siyasi və fəlsəfi fikir tarixi”dir. Şöbə, 2003-cü il dekabrın 17-də İran Mədəniyyət Mərkəzi (İMM) və AMEA-nın Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutu arasında birgə əməkdaşlığa dair bağlanmış müqaviləyə əsasən üç aydır ki, fəaliyyət göstərir. Şöbə üçün ayrılmış otaq İMM tərəfindən təmir edilib və kitablarla təchiz olunub.
İnstitutun ümumi və xarici elmi əlaqələr üzrə direktor müavini Qabil Camalovun sözlərinə görə, şöbə tarix boyu İranda yaşayıb-yaratmış, milliyyətcə azərbaycanlı olan filosofları tədqiq etməklə məşğuldur. Özü də ki, İMM bunun üçün maliyyə sərf edir: “İran Mədəniyyət Mərkəzi çalışıb ki, kitablar ancaq Azərbaycana aid olsun. Kitabları öz maliyyəsi hesabına bizə hədiyyə edib. Hələ bizə bir kompüter də bağışlayıb. Müqaviləyə görə, mərkəz imkan daxilində köməyini əsirgəməyəcək”.
Q.Camalov belə bir xəbər də dedi: “Gələcək üçün çox gözəl planlarımız var ki, Şərq fəlsəfəsini, Şərq ictimai-siyasi fikrini dünyaya tanıdaq. Çünki Qərb həmişə Şərqə dırnaqarası baxıb. Qərb təbliğat maşını imkan vermirdi ki, biz bu mənəvi dəyərlərimizin qayğısına qalaq. Bununla yanaşı gələcəkdə Mozdokdan Fars körfəzinədək yerləşən Azərbaycan toponimlərini, coğrafi adlarını da öyrənməyi planlaşdırırıq. İran səfirliyinin və İran Mədəniyyət Mərkəzinin də bu işdə bizə yaxından kömək edəcəyinə ümidliyik”.
Əvvəlcə İranın Azərbaycan coğrafi adlarının öyrənilməsində yaxından kömək göstərəcəyinə şübhə ilə yanaşdıq. Fikirləşdik ki, axı İrana nə düşüb, bu işdə bizə yardım əlini uzatsın? Qabil müəllimə sual verdim ki, “siz inanırsınız ki, İran kömək edəcək və heç bir problem olmayacaq?” Qabil müəllim isə dedi ki, bu, müxalif sualdır: “Axı burda nə var ki? Gəlin, bu müxalifət yönümlü düşüncələrimizi kənara ataq. Bu, elmdir. Azərbaycan kəndinə necə demək olar ki, bu, İran, fars kəndidir?”
Qabil müəllimin sюzlərindən belə çıxdı ki, bu gün Azərbaycan coğrafi adlarının, toponimlərinin tədqiq edilməsində bizə kömək edən İran, sabah da böyük ideoloq Əbülfəz Elçibəyin Bütöv Azərbaycan ideyasını gerçəkləşdirməyə kömək edər.
Onu da qeyd edim ki, şöbənin qapısı üzərindəki lövhəcikdə şöbənin adı əvvəlcə farsca, sonra azərbaycanca yazılıb. Qabil müəllimdən soruşdum ki, “nə üçün Azərbaycan Milli Elmlər Akademiyasında qapı üzərindəki yazı əvvəlcə farsca yazılır?” Qabil müəllim dedi ki, bu, diqqətsizliyin nəticəsidir: “Yəqin onu hazırlayanların səhvidir. Heç mən də fikir verməmişəm. Sizdən əvvəl bunu bizə deyən də olmayıb. İlk dəfədir ki, siz deyirsiniz. “Olaylar” qaşınmayan yerdən qan çıxartmaq istəyir. Mən elə bu dəqiqə göstəriş verərəm ki, bunu düzəltsinlər”.
Azərbaycanın İrandakı keçmiş səfiri professor Əliyar Səfərlinin sözlərinə görə, İran İslam Respublikası İran İslam İnqilabını Azərbaycana ixrac etmək istəyir: “Mən bu şöbənin İran Mədəniyyət Mərkəzi tərəfindən açılmasına qəti etiraz edirəm. İranda səfir kimi fəaliyyət göstərdiyim dövrdə güneyli soydaşlarımız məndən xahiş etmişdilər ki, bizim kitablarımızı oxuya bilmələri üçün kirill əlifbası kursu təşkil edək. Lakin səfir olmağıma baxmayaraq, adi bir əlifba kursunun açılmasına mənə icazə vermədilər. Burda isə İran Mədəniyyət Mərkəzi gündə bir müəssisə, bir məktəb açır. İndi dəb düşüb ki, ayrı-ayrı evləri kirayə edib, həmin evlərdə İran məktəbləri açırlar. Azərbaycan təhsilinə, elminə, ideologiyasına, müdaxilə etməyə heç kəsin ixtiyarı yoxdur. Əgər İran sosial-siyasi və fəlsəfi fikir tarixi şöbəsi İranda yaşamış Azərbaycan filosoflarını öyrənirsə, onda nəyə görə şöbənin adı onun mahiyyətinə, fəaliyyətinə uyğun gəlmir? Əgər burda hiylə və şər yoxdursa, nəyə görə şöbənin adı Güney Azərbaycan və ya Vahid Azərbaycan fəlsəfi fikir tarixi qoyulmur? İranın elmi-tədqiqat institutlarımıza, universitetlərimizə nüfuzu son dövrdə özünü daha çox göstərir və çox pis nəticələrə gətirib çıxarmaqdadır. Bunun nəticəsidir ki, gün-gündən belə şöbələrin sayı daha da artır. Akademiyanın rəhbərliyi İran şöbələrinin sayını artırmaqdansa, yeni Güney Azərbaycan şöbələri açmaqla məşğul olsun və güneyli alimlərimizi də bu işə cəlb etsin. Hələ sovet illərində, o ağır dövrdə Güney Azərbaycandan gələn alimlər bizim elmi-tədqiqat institutlarımızda fəaliyyət göstərirdi. Çox gözəl əsərlər yazıb-yaradırdılar. Bu gün isə Azərbaycanda güneyli ziyalılarımızı axtarıb-tapmaq çox müşkül məsələdir. Əgər belə getsə, Elmlər Akademiyası İranın təsiri altında qalacaq. Çünki İranın məqsədi İran İslam İnqilabını Azərbaycana ixrac etməkdir”.
Qaldı, filosof qardaşımızın fikirlərinə. Filosof alim elə bil ki, fil qulağında yatıb. “Azərbaycan kəndinə necə demək olar ki, bu, İran, fars kəndidir” - mülahizəsi nə qədər naşılıq əlamətidir?! İran Güney Azərbaycanı 200 ilə yaxındır ki, öz ərazisi sayır, burada isə bir kənddən danışılır.
Ümumiyyətlə, Azərbaycan alim və şairlərinin İran adı altında öyrənilib araşdırılması, doğma milli elm və sənət tariximizi İranın içərisində əritmək deməkdir. Əgər İran rejimi xalqımıza səmimi xidmət göstərmək istəyirsə, getsin Güney Azərbaycanda ana dilimizdə elm və təhsil ocaqları açıb fəaliyyətə başlasın. Azərbaycan yer adlarının öyrənilməsi əvəzinə, İran bu gün həmin adların farslaşdırılması və dəyişdirilməsi ilə məşğuldur. Bu günə qədər İİR-in Bakıdakı səfirliyinin lövhəsi belə beynəlxalq norma və etikaya zidd olaraq həm də Azərbaycan dilində yazılmırsa, buna nə ad vermək olar?!
Azərbaycan elm və sənət tarixi öz adımız altında öyrənilməlidir. Qondarma fəlsəfə şöbəsinin açılması ancaq təxribat və missioner əməlidir.
Şəbnəm