| İranın
daxili milli siyasətinin iki tərəfi |
| Bəzz qalasına yürüş və Təbrizdə ermənilərlə ticarət əlaqəsi qurumu |
![]() İranda Güney Azərbaycan məsələsi yenidən qabarır. Güneylilərin Bəzz qalasına yürüşü ətrafında baş verənlər getdikcə daha geniş miqyasda diqqətləri cəlb edir. O mənada ki, rəsmi Tehranın bu hadisəyə reaksiyası ilə ermənilərin tədbirlərinə münasibətini müqayisə edirlər. |
Burada siyasi baxımdan çox əhəmiyyətli sayıla bilən məqamlar var. Fikrən aprelin 24-nə qayıdaq. Ermənilər uydurma soyqırım bəhanəsiylə kütləvi aksiya təşkil etmişdilər. İran polisi onları qoruyurdu. Ermənilərə yürüş üçün və türk bayrağını yandırmaq üçün rəsmi şərait yaradılmışdı. Hüquq-mühafizə orqanlarının davranışlarından açıq duyulurdu ki, onlar bu tədbirin keçirilməsində maraqlıdırlar. Ən azından ermənilərə heç bir maneə törədilmirdi. İrandakı türklər (soydaşlarımız) ermənilərin əsassız çıxışlarına son qoymaq üçün fədakarlıq etdilər. Onlar əvvəlcədən silahlanmış ermənilərin inadını qıraraq tədbirlərini pozdular və onları rəzil hərəkət etməyə qoymadılar. İran polisi isə soydaşlarımızın bu fədakarlığından çox qəzəblənərək, onları cəzalandırdı: həbslər, işgəncələr və sair... Bu, adi epizod deyil. Rəsmi Tehranın İrandakı qeyri-fars millətlərə qarşı yeritdiyi siyasətdə söykəndiyi meyarların ifadəsidir. O mənada indi Təbrizdə Ermənistanla ticari əlaqələr quran təşkilatın şöbəsinin açılması heç təəccüblü deyil. Özü də bunu elə təqdim edirlər ki, guya Ermənistanla ticarət əlaqəsi quran iş adamlarının əksəriyyəti Təbriz türkləridir. Həm farsların, həm də ermənilərin informasiya agentlikləri gecə-gündüz məsələni bu cür təqdim edirlər. Guya təbrizlilərin Ermənistanla əlaqələrə xüsusi marağını nəzərə alaraq Təbrizdə həmin şöbəni açıblar. Bunların məsələni hansı müstəviyə gətirmək istədiyinə diqqət edin-Təbriz Bakının düşməninə dostdur! Yəni erməni Quzey Azərbaycandakı türkə qarşı hər bir vəhşiliyi törədirsə, bunun güneyliyə aidiyyatı yoxdur, çünki güneyli iranlıdır, onun Quzeydə heç bir marağı yoxdur. Fars rejiminin müsəlmançılığı və Azərbaycana dostluğunun mahiyyəti bundan ibarətdir. Bütün bunlardan əlavə Azərbaycanı İranın enerji sisteminə qoşmaq arzusundadırlar. Rus Çubays Bakıda o barədə açıq eyhamlar edib. Bir tərəfdə türklərə qarşı soyqırım, təqib, onu erməninin ayağına vermək, o biri tərəfdə Azərbaycanın Quzeyi ilə Güneyini düşmən etmək cəhdi və Quzeydəki dövləti İranın enerji sistemindən asılı vəziyyətə salmaq. Bölgədəki düşmənlərin bir yerdə həyata keçirdikləri gerçək siyasət bundan ibarətdir. Və bütün bunların Bəzz qalasına yürüşə rəsmi Tehranın münasibətinin necə olmasına birbaşa aidiyyatı var. Bəli, o, hansısa təsadüfi və ya lokal mahiyyətli münasibət deyil, qlobal səviyyədə rəsmi Tehranın apardığı sistemli siyasi xəttin bir təzahürüdür. İndi rəsmi Tehranın ideoloqları hərəkatın alınmaması üçün insanları çaşdırırlar. Yürüşün tarixini iyulun 3-ü və 4-ü kimi göstərirlər. M.Çöhrəqanlı isə iyulun 8-i və 9-u deyir. Bunun səbəbi var. Güneylilər əsassız olaraq belə qərar çıxarmazlar. Ancaq rejim elə bir situasiya yaratmaq istəyir ki, hərəkatçıları vura bilsin. Müqayisə edin, ermənilərin haqsız işinə olan dəstəklə, soydaşlarımızın öz tarixinə göstərdiyi hörmətə münasibət arasındakı fərqləri. Bəzz qalasına olacaq yürüş ətrafında yaradılmağa çalışılan xaotikliyin mənası onda daha aydın özünü göstərəcək. Bunların bir mənası da var. İran hakimiyyət orqanları Güneydəki oyanışdan əməlli-başlı ehtiyat edir. Onlar hər üsuldan istifadə edib, xalqımızın özünüdərkinin qarşısını almağa çalışırlar. Təbrizdə ermənilərlə ticarət əlaqəsi quran təşkilat yaratmaqla, Bəzz qalası ətrafında qarışıqlıq yaratmaqla, erməniləri üstümüzə qısqırtmaqla da eyni təlaşı keçirirlər. Güney özünə qayıtmaq istəyir, fars rejimi onu səhv yola salmağa çalışır. Tarixən gələn bu savaş davam edir... Bəzz qalasına yürüş bir rəmzdir. Millətimizin öz tarixi yolu ilə getmək istəyini ifadə edən rəmz. Ona görə də o, baş tutmalıdır. Lakin bu rəmzlə iş bitmir. Hətta bu, işin çox az hissəsidir. Milli haqlar uğrunda geniş miqyasda savaş aparmaq lazımdır. Güney məsələsi Bəzzlə məhdudlaşmır. Ona görə də təşkilatlanma güclənməlidir. O dərəcədə ki, əks tərəfin hər cür hiyləsinə tab gətirə bilsin və bütövlüyünü qorusun. Bəzz qalasına olan yürüşlər kimi tədbirlər də əsasən, bu ruha xidmət etməlidir. İndi orta əsr Koroğluluğu dövrü deyil. Yalnız güclü təşkilatlar, aparıcı və mütəşəkkil qurumun olması ilə məqsədə çatmaq olur. Güneydəki yürüşlər və tədbirlərin əsas amacı bu kimi işlər olmalıdır. Hadisələr göstərir ki, güneylilər bərkiyir, təşkilatlanır və haqqını daha sivil tələb etməyi öyrənir. İran demokratikləşdikcə Güney məsələsi də çözüləcək. Bəzz qalasına yürüş həm də türkün demokratiya zirvəsinə yürüşünün rəmzi olmalıdır. Elçibəy bu iki amili həmişə qoşa görərdi. Yəni türkün gücü demokratikliyindədir. Xaqan Məhəmmədoğlu |