“İran 13 iyun müqaviləsini xaincəsinə pozdu”
Əkrəm Rəhimli: “Pişəvəri təzyiqlər nəticəsində Tehrana güzəştə getdi”

Olaylar 50/06/2004


Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulmuş Güney Azərbaycan Milli Hökuməti ilə Tehran rejimi arasında imzalanmış 13 iyun müqaviləsinin imzalanmasından 58 il ötür. Sülh yaratmaq məqsədilə Tehran hökuməti adından baş nazirin müavini Müzəffər Firuz və Güney Azərbaycanın baş naziri Seyid Cəfər Pişəvəri arasında bağlanmış müqavilə Şah hökuməti tərəfindən xəyanətkarcasına pozuldu.

İranın baş naziri Qəvamülsəltənənin hiyləgər siyasəti nəticəsində Azərbaycan yenidən fars şovinistlərinin əsarəti altına düşdü. Bağlanması və mətni çoxsaylı suallar doğuran müqavilə ilə əlaqədar güneyşünas alim, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Əkrəm Rəhimlinin fikirlərini öyrəndik.
Əkrəm müəllim, müqavilənin bağlandığı tarixi şərait necə idi?
- Tehranla Təbriz arasında 1946-cı il iyunun 13-də (1325-ci il, 2 Ordibehişt) bağlanmış müqavilə (rəsmi sənədlərdə qərardad adlandırılır) ərəfəsi Güney Azərbaycanda siyasi, sosial-iqtisadi və mədəni durum Azərbaycan Milli Hökumətinin xeyrinə idi. Milli Hökumət istər ölkə daxili, istərsə onun hüdudlarından kənarda inkişaf və quruculuq sahəsində zəmanəsi üçün böyük tədbirləri icra edirdi. Azərbaycan İran xalqlarının diqqətini çəkən cazibə mərkəzinə çevrilmişdi. İran ərazisinin bir hissəsində başlanmış bu renesans Pəhləvi rejiminin əsaslarını laxladıb, onu İran xalqlarının böyük oyanış hərəkatı ilə üzbəüz qoydu. Belə bir şəraitdə Şah və mürtəce qüvvələr çıxış yolunu əcnəbilərin süngüsünə və yardımına söykənməkdə, Azərbaycandakı muxtariyyat hərəkatını dəstəkləyən Sovet rəhbərliyi ilə “dil tapmaqda” gördülər və bu imkanlardan yararlanmağa başladılar. 1946-cı ilin dekabrında Milli Hökumətin süqutu ilə bağlı konkret başlıca səbəblər uzun müddət nə İranda, nə də keçmiş SSRİ məkanında obyektiv şərh olunmamışdı. Buna nə İrandakı şahlıq rejimi, nə də SSRİ-dəki kommunist hakimiyyəti imkan verməmişdi. Azərbaycandakı milli-demokratik hərəkatı qan dəryasına çevirməkdə ABŞ və İngiltərənin o zamankı hökumətlərinin Məhəmmədrza şaha səxavətlə göstərdikləri külli miqdarda hərbi və maliyyə yardımından söz açmağa yol verilmədiyi kimi, Kreml rəhbərliyinin Güneydəki olaylara xəyanəti haqda demək və yazmaq da yasaq idi.
- Azərbaycandakı muxtariyyat hərəkatının yatırılmasında və qətl-qarət əməllərində böyük dövlətlərin də əlləri olub. Bəs böyük dövlətlər, konkret desək, ABŞ, İngiltərə və sovetlər şahlıq rejimini hansı məqsədlə müdafiə edirdilər?
- Onların hər birinin öz məqsədi və niyyəti var idi. Hər şeydən əvvəl İranı həmişəlik öz nüfuz orbitində saxlamaq istəyi böyük dövlətləri rəqabətə sövq etmişdi. ABŞ və İngiltərə İranı öz asılılığında saxlamaq, onun təbii sərvətlərinə, ilk növbədə bol neftinə sahiblikdə şərik olmaq, İrandakı sovet təsirini və kommunist təbliğatını yox etmək üçün Məhəmmədrzanı və onun şahlıq rejimini müdafiə etməyə üstünlük vermişlər və bu məqsədlə də Azərbaycana hücum çəkən şah ordusuna hərtərəfli dəstək vermişlər. Sovetlərin mövqeyinə gəldikdə məsələ bir qədər başqa cürdür. Sovet rəhbərliyi 1941-1946-cı illərədək Güney Azərbaycandakı xalq hərəkatını müdafiə edib və yeri gəldikdə ona yardım göstərdiyi kimi öz mənafeyi xatirinə hərəkata xəyanət etməkdən də çəkinməmişdi. 1946-cı ilin fevralında baş nazir Əhməd Qəvamülsəltənənin Moskvaya 14 günlük səfərindən sonra İranın şimal əyalətlərindəki nefti çıxartmaq “ixtiyarını” sovet rəhbərliyinə vəd etdikdən sonra Kreml rəhbərliyi tərəfindən Azərbaycan Milli Hökuməti göstərilən təzyiqlər və onun hansı səviyyədə olursa-olsun, Tehranla “dil tapmağ”a məcbur edilməsi Güneydəki hərəkata sovetlərin açıq xəyanəti idi.
- Deməli, 1946-cı il iyunun 13-də S.C.Pişəvərinin M.Firuzla bir masa arxasında oturmasında və Azərbaycan üçün məqbul olmadan müqavilənin bağlanılmasında sovetlərin təzyiqi mühüm rol oynamışdı...
- Nə Azərbaycan Milli Hökumətin rəhbərliyi, nə də hökumətin başçısı Pişəvəri bu məzmunda müqavilənin (qərardadın) bağlanılmasına razı deyildilər. Bunu həmin dövrə aid sənədlərdən bir daha aydın görmək olur. Təslimçi xarakterə malik olan bu müqavilədə Tehran nümayəndəliyi hakim, Azərbaycan isə məhkum, uduzan tərəf kimi görünür.
- Tehranla Təbriz arasında bağlanmış müqavilədə nələr nəzərdə tutulurdu.
- Mərkəzi dövlət hələ aprelin 24-də 7 maddədən ibarət olan təklifini bağlanılacaq müqavilənin layihəsi üçün əsas olaraq irəli sürmüşdü. Həmin dövrdə AMH nümayəndəliyi ilə Tehran arasında aparılan danışıqlarda bu layihə Azərbaycan tərəfindən qəbul edilmədi. Səbəbi bu idi ki, layihədə irəli sürülən maddələr açıq-aşkar Azərbaycanı yenidən şah rejiminin əsarətinə sürükləyirdi. Təbrizdə aparılan danışıqlarda isə sovetlər tərəfindən AMH rəhbərliyinə, şəxsən Pişəvəriyə olan ardı-arası kəsilməyən təzyiqlər MH rəhbərliyini Tehrana güzəştlərə getməyə məcbur etdi. Nəticədə 1946-cı il iyun ayının 13-də Tehranla Təbriz arasında məlum müqavilə (qərardad) imzalandı. 14 maddədən və bir neçə əlavədən (təbsirədən) ibarət olan bu müqavilədəki maddələrin çoxu Azərbaycan tərəfini təmin etmirdi və bu, tərəflər arasında mübahisə yaratdığından müqavilədə qeyd olunmuş əlavələrdə onlara yenidən qayıdılacağı vəd olunurdu. Müqavilədəki mübahisəli məsələləri aydınlaşdırmaq və dəqiqləşdirmək üçün danışıqların Tehranda davam etdirilməsindən də heç bir nəticə alınmadı. Azərbaycan tərəfi çıxılmaz vəziyyətdə qalıb Təbrizdə bağlanılmış müqaviləni qəbul etmək məcburiyyətində qaldı. Sonrakı hadisələr göstərdi ki, Tehran Təbrizdəki bağlaşmaya nəinki əməl etmədi, elə ilk addımda qərardad əsasında Zəncanı müqavimətsiz təhvil aldıqdan sonra oktyabr-noyabr aylarında burada törətdiyi qanlı cinayət və olmazın vəhşiliklərlə bağlanmış müqaviləni ayaq altına saldığını nümayiş etdirdi. Zəncan əhalisinə qan uddurmuş və buna görə də fərdi dəstələri tərəfindən qovularaq Tehranda sığınacaq tapmış Zülfüqari və onun dəstəsi mərkəzi hюkumətin verdiyi əlavə qüvvələrlə yenidən Zəncana qayıtdı və buradakı demokratik qüvvələrə divan tutmaq imkanı əldə etmiş oldu. Halbuki bağlanmış müqavilədə Zülfüqarinin və onun dəstəsinin Zəncana buraxılmaması haqda Tehran tərəfi öhdəçilik götürmüşdü. Zəncanın işğalından sonra şahənşah qoşunlarının törətdiyi qanlı əməllər, minlərlə insanın qətlə yetirilməsi, zorakılıq və talanlar, Milli Hökumət dövründəki siyasi, iqtisadi və mədəni uğurların məhv edilməsi - Azərbaycanda qanlı diktaturanın daha amansız formada bərpası göstərdi ki, məfkurəsi hakim millətçilik və şovinizmlə zəhərlənmiş Tehran rejimi öz vədinə asanlıqla xilaf çıxmağa həmişə hazırdır. Bunu 1946-cı il 13 iyun müqaviləsindəki maddələrə edilmiş xəyanətdən də bir daha aydın görmək olar.

Elman Cəfərli