Dünya Türkləri Universiteti yaradılsın
Olaylar 26/05/2004

Əliyar Səfərli: "İqtisadi, mədəni, ədəbi əlaqələrin yeni konsepsiyası hazırlanmalıdır"

Türk Dünyası Araşdırmalar Vəqfi İqtisad Universiteti ilə birgə Bakıda Azərbaycan-Türkiyə simpoziumu keçirir. Simpoziumda iştirak etmiş Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əliyar Səfərli "OLAYLAR"a toplantı barədə fikirlərini açıqlayıb: "Simpoziumda çıxış edənlər yekdilliklə bildirirdilər ki, həmrəylik, birlik lazımdır. Amma halva-halva deməklə ağız şirin olmaz. Bunun üçün ciddi şəkildə düşünmək, iş görmək lazımdır. Türk-Azərbaycan, ümumən türk xalqlarının dostluğundan, ədəbi, mədəni, iqtisadi əlaqələrindən danışmaq lazımdır. Bunun konsepsiyasını hazırlamaq tarixi zərurət kimi qarşımızda dayanıb. 200 ildən artıqdır ki, düşmənlərimiz türk xalqlarının milli birliyini pozmağa cəhd edir. Türk birliyinə ağır zərbələr vurulub".
Əliyar Səfərliyə görə, iki qitədə yaşayan türk xalqlarının tarixi torpaqları əldən gedib: "Qarabağ, Kərkük problemləri bu saat önəmli məsələlər kimi türk xalqlarının qarşısında durur. Mən simpoziumdan çox şey gözləyirəm. Bu toplantı gərək türk birliyinin, qardaşlığının planını, konsepsiyasını hazırlasın, konkret təkliflər irəli sürsün. Türk xalqlarının iqtisadi əlaqələri bu və ya başqa şəkildə özünü göstərir və günbəgün möhkəmlənir. Amma türk xalqlarının ideoloji məfkurəvi yaxınlığı o səviyyədə deyil. Arzularımızın, imkanlarımızın səviyyəsində deyil. Düşmənlərimiz türk xalqlarının milli ideologiyasına qarşı daim mübarizə aparıb, türkçülüyü nüfuzdan salmağa cəhd etmişlər. Bu gün də düşmənlərin bu rəzil ənənəsi davam etməlidir. Biz konkret işlər görməliyik. Bu gün İqtisad Universitetində türk fakültəsi fəaliyyət göstərir. Bu gözəldi. Amma bir fakültə ilə iş bitmir". Ə.Səfərli təklif edib ki, türk cümhuriyyətlərinin birində dünya türklərinin ayrıca bir universiteti açılsın: "Bütün türk ölkələrindən gələn tələbələr burada təhsil almalıdılar. Onlara ümumtürk milli ideologiyası öyrədilməli, ümumtürk problemləri təlim-tərbiyədə ön planda olmalıdır. Əgər biz dünya türklərinin ayrıca bir universitetini açmasaq və burada türk xalqlarının dili, tarixi, ədəbiyyatı və qarşıda duran problemləri ilə bağlı təlim-tərbiyə işi ilə məşğul olmasaq, müasir tələblərə uyğun kadrlar hazırlaya bilməsək, bizim dostluğumuz istənilən effekti verməyəcək". Ədəbiyyatşünas alimin fikrincə, bu addım türkçülüyün inkişafında yeni mərhələnin əsasını qoya bilər. Ə.Səfərli deyib ki, dünya türkləri universiteti ümumtürk ruhunun, məfkurəsinin təcəssümünə çevrilməlidir: "Ümumtürk şərəfindən, ləyaqətindən danışırıqsa, onda bu universitet yaradılmalıdır. Dünya Türklərinin Araşdırma Mərkəzinin açılmasını da təklif edirəm. Bu mərkəz açılsa, burada müxtəlif türk uluslarından gəlmiş alimlər, ziyalılar çalışsa, biz dünya türklərinin qarşısında duran problemləri çözələyə bilərik. İqtisadi, mədəni, ədəbi əlaqələrimizin yeni konsepsiyasını hazırlayıb ortaya qoya bilərik".
Bu gün türk xalqlarının mənəvi-milli birliyini təmin edib möhkəmləndirmək üçün yeni-yeni üsullar, vasitələr axtarılıb həyata keçirilməlidir. Hər bir türk ölkəsində ümumtürk kitabxana və kitab mağazaları açılmalı, XXI əsr türk dünyasının problemləri əməli şəkildə öz həllini tapmalı, ümumtürk dərslikləri hazırlanmalı, tələbə mübadiləsi aparılmalı, türk ölkələrində şer-sənət günləri keçirilməli və s. Bundan başqa vahid türk əlifbasına da böyük ehtiyac var.
Eyni zamanda bütün türk dünyasını Güney Azərbaycanda milli hüquqları tapdalanan 40 milyon soydaşımızın taleyini düşünməyə səsləyirəm. Bu gün onların ana dilində bircə belə məktəbi yoxdur, ana dili ölü dilə çevrilməkdədir. Dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün dünya türklərini yeni bir türkçülük ideologiya və məfkurəsi ətrafında birləşdirmək tarixi zərurət kimi qarşımızda durur