| Tehran
informasiya müharibəsində |
|
| İran bu savaşda yeni
strateji proqrama keçdi... |
|
![]() İran İslam Respublikasının hökumət və dövlət strukturları, məxfi qurumlar və islami təbliğat idarələri, strateji araşdırmalar mərkəzləri yeni informasiya strategiyasına keçib. Olaylar 26/05/2004 |
|
Keyhan qəzeti yazır ki, Ayətullah Xamneyinin fikrincə, son günlər NATO-ya üzv ölkələrin, xüsusən İsrailin və Azərbaycanın kütləvi informasiya vasitələrində İslam inqilabının nailiyyətlərinə qarşı qərəzli, dostluğa və qonşuluq əlaqələrinə ziyan vuran yazılar dərc olunur, informasiyalar yayılır. Politoloq Rövşən Novruzoğlu bildirib ki, İranda qəbul olunmuş XXI əsr: İnformasiya müharibəsində yeni strategiya proqramına əsasən ... ölkədə dövlətçilik və dövlətçilik əsaslarının qorunub saxlanılması üçün informasiya ən ciddi strateji resursdur... Araşdırmalarımıza görə, Ayətullah Xamneyi ölkəsinin informasiya bazasından narazılığını da gizlətməyib: O, qeyd edib ki, Qərbin, xüsusən Vaşinqtonun və Təl-Əvivin sərhədlərimizədək yaxınlaşması amerikalı və yəhudi diplomatların, iş adamlarının qonşu dövlətlərin sərhəd məntəqələrində torpaq sahələri alaraq məskunlaşmaları ölkənin güc strukturlarının nəzərindən yayınmamalıdır. Ölkənin əsas aparıcı qüvvələri ABŞ-da, İsraildə, MDB məkanında (əsasən Orta Asiya və Qafqaz regionlarında) İran İslam Respublikasına qarşı fəaliyyət göstərən informasiya bazalarına ciddi mübarizəyə keçməlidirlər. Tehran mətbuatının fikrincə, bu informasiya bazalarının böyük bir qismi məhz Vaşinqtonun, Təl-Əvivin maliyyə dəstəyilə fəaliyyət göstərir. Xamneyinin çıxışını şərh edən Tehran eksperti C.Həmidi isə iddia edir ki, xarici iş adamları Azərbaycan-İran sərhədlərində kəşfiyyat işilə məşğuldur. Araşdırmalarımıza görə, İran öz sərhədlərində narkotik qaçaqmalçılıqla, qadın alveri və silah oğurluğu, terrorizm və korrupsiyaya qarşı mübarizədə ciddi iş rejiminə də keçib. Lakin ölkənin mətbuat səhifələrində Azərbaycana qarşı mövqe çoxmənalıdır. Maraqlıdır ki, Ermənistana birmənalı şəkildə yanaşan Tehran rejimi, Azərbaycanın daxili və xarici siyasətinə, onun beynəlxalq imicinə çoxmənalı yanaşır. Biz bunu da təbii qəbul etməliyik. Çünki Azərbaycan torpaqlarının işğalında İran həmişə gözləmə mövqeyi tutub. Siyasi tənzimləmədə Tehran Yerevanın mövqeyinə üstünlük verib, onun sosial-iqtisadi həyatına nüfuz edib. Halbuki Bakı Yerevandan daha yaxın olmalı idi. İnformasiya müharibəsilə bağlı qəbul olunmuş proqramda maraqlı məqamlardan biri də budur ki, Tehran bu qarşıdurmada Yerevandan arxayındır. Və onun yeganə qorxusu yenə Bakının informasiya bazasıdır. Rövşən Novruzoğlunun sözlərinə görə, Azərbaycan informasiya müharibəsi ilə bağlı fəaliyyətində ciddi dönüş yaratmalıdır. Hələ də ölkənin şimal və cənub bölgələrinin strateji ərazilərinə ardıcıl səfərlər edən xarici diplomatlar və iş adamları üçün hədd qoyulmur: Xarici diplomatların məsələn, Qusara, Şəkiyə, Balakənə, Qəbələyə, Astaraya, Lənkərana, Cəlilabada, İmişliyə... Gəncəyə məqsədi bilinməyən səfərləri istər-istəməz bizdə şübhə doğurur. İsrailin, ABŞ-ın, Fransanın, Yaponiyanın, Almaniyanın, İngiltərənin... diplomat qiyafəli adamlarının qapalı və açıq səfərləri ölkənin Xarici İşlər Nazirliyinin sənədlərində öz əksini tapmalıdır. Lakin XİN-də, eləcə də digər məxfi idarələrdə bu ciddi məsələni nizama salan, nəticələri təhlil edən mexanizm yoxdur. Sərhədlərimizdən öz dövlətlərinin maraqları üçün istifadə edən və bu istiqamətdə xüsusi strateji proqramları olan şəxslərə, iş adamlarına xatırlatmaq lazımdır ki, Azərbaycan dövlətdir. Və bu dövlətin hüquq normalarına ehtiram və hörmət etmək vacibdir. Bir vacib məqamı da xatırladaq ki, Tehranda qəbul olunmuş proqramın əsas strateji xətti Azərbaycana qarşı yönəlib. Görünür, Azərbaycan da İranın informasiya müharibəsilə bağlı yeni strateji proqramına ciddi arqumentlərlə cavab verə biləcək sənəd hazırlamalıdır. Nəticədə İran radio-televiziyasının yeni rəhbəri təyin olundu. Mustafa Zəkərniya Ayətullah Xamneyinin fərmanı ilə başçı təyin edildi. |
|