| Naxələf
varislər |
| Milli demokratlar Elçibəyin
doğum gününü unudublar |
![]() İyunun 24-ü Türklük günüdür. Həmin gün böyük öndər, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günüdür. Artıq neçənci ildir ki, Elçibəysevərlər iyunun 24-nü əziz bir bayram kimi qutlayırlar. |
Doğum günündən bir neçə ay öncə hazırlıq görülür, Türklük gününədək müxtəlif tədbirlər həyata keçirilir. Amma bu il fərqli davranışları müşahidə edirik. Özünü Elçibəy yolunun yolçuları, böyük öndərin davamçıları sayan, Bəyin siyasi varisiyəm deyib yaxa cıran siyasi partiya liderlərinin yadına nə Türklük bayramı düşür, nə də Əbülfəz bəyin doğum günü. Onların laqeydliyi bir neçə ildi, hiss edilir. Türklük günü 2002-ci ildə də zəif qeyd edildi. Başı Bəyin miras qoyub getdiyi böyük bir təşkilatı - AXCP-ni didib-parçalamağa qarışmış siyasət dəllallarının vaxtı vardı ki, Türklük bayramını da qeyd etsinlər? Elçibəyin davamçıları həmin il Bütöv Azərbaycan ideyasının banisinin ruhuna töhfə verdilər: Cəbhə dörd yerə parçalandı. Bir il sonra 2003-cü ildə başı prezident seçkilərinə qarışmış naxələf varislər yenə də Bəyin ad gününü candərdi yola verdilər. Almurad ağanın rəhbərlik etdiyi Ağsaqqallar Birliyinin təşəbbüsü ilə yaradılmış Təşkilat Komitəsi iki-üç ayda tək bircə dəfə tam tərkibdə toplaşa bildi. Əli Kərimli gələndə İsa Qəmbərin qonağı oldu, Sabir Rüstəmxanlı gələndə başqa bir liderin vacib işi çıxdı. Bir sözlə, özlərini Elçibəy komandasının üzvləri, Elçibəy ideya-siyasi irsinin davamçıları adlandıran liderlər Bəyin 65 illik yubileyini candərdi yola verdilər. Bəlkə də Ağsaqqallar Birliyi irəli düşməsəydi, şərti yubiley adlanan tədbirlər də keçirilməyəcəkdi. Yubiley komissiyasının birində qərara alınmışdı ki, Elçibəyin adı ilə bağlı yubiley tədbirləri bütün il boyu keçirilsin. Lakin başları seçki qovğasına qarışmış elçibəyçi partiya sədrləri bu vədi çox tez unutdular. Əksəriyyəti aday kimi seçkiyə qatılmış milli demokrat liderlərin bircə teleçıxışında, seçicilərlə görüşündə Bəyin platformasından kəlmə belə danışılmadı. Bu azmış kimi rəsmi AXCP-nin sədri Elçibəyin ruhuna hörmət əlaməti olaraq 1993-cü ilin qəhrəmanlarından birini dəstəklədi, Müsavat başqanı isə İranın bəyəndiyi namizədə çevrildi. Bircə məqamı qeyd etmək yetər ki, molla rejimi əsl Bəyçini heç vaxt təbliğ etməzdi. Elçibəydən sonra siyasi istiqamətlərini və mənəvi simasını itirmiş milli düşərgə 2003-cü ilin oktyabrında gözlənilən biabırçı məğlubiyyətə uğradı. 16 oktyabr rüsvayçılığından sonra başını itirmiş düşərgə, Rəsulzadə-Elçibəy yolundan bir az da uzaqlaşdı. Budur, yeddi aydır ki, milliliyi qalmamış düşərgə özünə gələ bilmir. Böyük öndər Məmmədəmin Rəsulzadənin doğum günü - 31 yanvar sönük qeyd edildi, Türklük gününə - 24 iyuna isə hazırlıq getmir. Rəsmi AXCP-nin başı partiyabaşını ana müxalifət lideri etməyə qarışıb. Guya xalq çox maraqlanır ki, ana müxalifət kim: Kərimli, Qəmbər, ya Məmmədov olacaq. Hazırda son dörd ili Elçibəy ideyalarının gerçəkləşməsindən çox, AXCP-nin rəsmi təmsilçilik hüququ uğrunda çarpışmış islahatçılar şıdırğı mitinqə hazırlaşırlar. Çox lazımlı və vacib işlə məşğuldular. Bəli, axı, Sem dayının stavkası siyasi partiya üçün çox lazımlı şeydir. Ona göstərmək lazımdır, baxın, görün nə qədər adam çıxarıram. Əli Kərimlinin partiyası fürsət əldə edib. Müsavatın strukturları sıradan çıxıb, ADP və AMİP-in fəaliyyəti iflic olub. Məqamdır, önə çıxıb, Sem dayıya göstərmək lazımdır ki, mən varam, qrantı göndər gəlsin. Belə bir vacib məqamda Elçibəymi yada düşər? Və yaxud əsrin məhkəməsi adı ilə şou düzəltməyə hazırlaşan, amma hələ ki, bir şeyə nail ola bilməyən Müsavat yetkililərinin nəyinə lazımdır Türklük günü? Onsuz da onlar həmişə zorən bütövçü, zorən türkçü, zorən Elçibəyçi olublar. Bu cür müqəddəs ideya və dəyərlərdən yalnız hakimiyyətə gəlmək naminə yararlanıblar. Hakimiyyətə gələ bilməyib, cinləniblər. Belə olan halda nə Türklük günü? Maraqlıdır ki, belə məsələlərə diqqətli yanaşan bütövləşdiricilərdən də səs çıxmır. Deyəsən, onlar adları ilə yanaşı ideya-siyasi kursu da dəyişiblər. Bu il Türklük günü ilə bağlı ən sanballı tədbiri milli demokratların bircə ehtiyatsız kəlməyə görə düşərgədə sıxışdırdıqları Fərəc Quliyevin təşkilatı keçirir. O da Türklük günü ilə bağlı yazı müsabiqəsidir, vəssalam. Mənəvi varislər Mən Bəyin yanında yox, yolundayam deyib yaxa cıran davamçılardansa hərəkət yoxdur. Sanki Elçibəyi unudublar. Sanki onlar Bəyin siyasi səhnəyə vəsiqə verdiyi şəxslər deyil. Sanki onlar Elçibəyin çörəyini yeyib böyüyən, yekəlib lider olan adamlar deyil. Yolundan döndünüz, yerişini yeriyə bilmədiniz, heç olmasa, çörəyini itirməyin! Elçibəy adına bir yubiley törəni düzənləmək Sem dayıdan ətək-ətək para alıb varlanmış partiya başqanları üçün beləmi çətindir? Aydın |