“Atatürkü sevmək,
türkü sevmək deməkdir”

Dünən Azərbaycanda Atatürk Mərkəzi Milli Məclisin Azərbaycan - Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə birgə 19 May - Atatürkü anma, gənclik və idman bayramına həsr edilmiş tədbir keçirdi.

Tədbirdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əhməd Ünal Çeviköz, millət vəkilləri Zəlimxan Yaqub, İbrahim İsayev, Gülər Əhmədova, İsmayıl Ömərov, Mayis Səfərli, həmçinin Mərmərə Qrupu Vəqfi Avrasiya İqtisadi Zirvələrinin baş katibi, işçi qrupunun üzvü Vaqif Qasımov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edirdi. Atatürk Mərkəzində keçirilən tədbiri açan Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, millət vəkili, Azərbaycan - Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, professor Nizami Cəfərov: “Atatürkü sevmək, türkü sevmək deməkdir”, - dedi. O, Atatürkün müasir Türkiyənin indiki sərhədləri daxilində qurulmasında və xarici qüvvələrin Osmanlı imperiyasının dağılmasından istifadə edərək, türklərin izini Anadoludan yox etmək cəhdlərinin qarşısının alınmasında əvəzsiz rol oynadığını söylədi.

“Türkiyənin yeni doğum tarixi 1919-cu il may ayının 19-da Atatürkün Samsuna gəlməsilə başladı. Samsun düşmənlərin Türkiyəni yox etmək cəhdlərinin qarşısında ilk alınmaz qalaya çevrildi”, - deyən Cəfərov Atatürkün azadlıq mücadiləsinin digər türk xalqlarının məhvinin qarşısının alınmasına yardım etdiyini xüsusi vurğuladı. O: “Türk dünyasının böyük oğlu Heydər Əliyev Atatürk Mərkəzini açmaqla Anadolu türkü ilə Azərbaycan türkləri arasında möhtəşəm bir körpünün əsasını qoydu”, -dedi.
Tədbirdə çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Çeviköz: “Atatürk Anadolunun azadlığı uğrunda istiqlal savaşına başlaması ilə düşmənlərə sübut etdi ki, türkü məhv etmək olmaz. Türk tarixin müxtəlif dövrlərində ağır imtahanlara məruz qalsa da, hər dəfə bu imtahanlardan alnıaçıq, üzüağ çıxıb. Köləlik türkün ruhuna yaddır”, - dedi.
Millət vəkilləri Zəlimxan Yaqub, Gülər Əhmədova və digərləri 19 mayın təkcə Türkiyənin deyil, bütün dünya türklərinin bayramı olduğunu vurğuladılar. Sonra Atatürk saytının (www.ataturk.az) təqdimatı oldu.
Cümhuriyyətin gənclərə əmanət olduğunu deyən Atatürkün elan etdiyi bu bayram dünən paytaxtda-Heydər Əliyev adına Sarayda da qeyd olundu. Təhsil nazirinin müavini Elmar Qasımov bütün türk gənclərini bu münasibətlə təbrik etdi. Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviköz sözlərini Atatürkün: “Nə mutlu türküm deyənə”,-sözləri ilə yekunlaşdırdı.
Gənclik və idman bayramının 85-ci ildönümü Naxçıvan MR-də təntənəli surətdə keçirildi. Şəhidlikdə təşkil olunan mərasimdə çıxış edən Türkiyənin Naxçıvandakı baş konsulu Nevzat Uyanık bildirdi ki, bu tarixi günün mahiyyətini daha anlamlı edən amillərdən biri də onun dost və qardaş Azərbaycanda qeyd olunmasıdır. Gəncə şəhərindəki Nizami-Puşkin adına Kitabxanada da Atatürk xeyriyyə fondu 19 May-Atatürkü anma, gənclik və idman günü münasibəti xatirə gecəsi keçirdi. Fondun direktoru Mübariz Musayev Atatürk və Heydər Əliyevin bənzər mənəvi keyfiyyətlərindən, türk dünyası üçün əvəzsiz xidmətlərindən söz açdı.

-Əziz Mustafa, Rasim Əliyev, Mustafa Çetil, Ramil İsmayılov.