Süleymanoğlu
MİLLİ DÜŞÜNCƏYƏ DOĞRU
(Giriş)

Güney Azərbaycan milli özgürlük hərəkətinin yeni bir dönəme girməsi və bütün sorun(problem)lara qarşın gündən-günə gəlişdiyi artıq danılmaz bir gərçək olaraq, gözlərimizin önündə sərilmişdir. Bu hərəkətin etki(təsir)siylə istər güneydə istərsə xaricdə çoqlu ocaq, dərnək və ayrica siyasal örgütlər qurulmuşdur. Xaricdə qurulan Dünya Azərbaycanlıların Kongrəsi də onlardan biri sayılır. DAK-in qurulduğundan bəri, sürəkli ayrılma-parçalanmalara uğradığı doğrudan da, G. Az. milli özgürlük hərəkətinə olumsuz(mənfi) etkilər buraxmışdır. Ayrıca; bu parçalanma-ayrılmaların düşünsəl-siyasal nədənlərini də araşdırmaq gərəkir. Çünkü, heç bir olayın nədənsiz meydana çıxmamasını da yaqşı biliriz. Çoq dərinlərə uzanan düşünsəl-siyasal bu nədənləri göz önünə alıb da incələmək, sözsüz ki bu yazının qonusu olamaz. Ancaq, milli düşüncəyə yapacağım qısa girişdə, dolaysız bu nədənlərə də toxunacağımı sanıram.
Biz G. Az. Türkləri gənəlliklə və aydın kəsimimiz isə özəlliklə milli düşüncəmizə yad və yabancı olduqumuzdan dolayı, kəndi Dilimizlə düşünməyi öyrənməmişiz. Ayrıca, milli hərəkətə qoşulan G. Azərbaycanlıların hərəsinin fərqli və çeşitli bir İdeolojik geçmişdən asılı olduqları və bu İdeoloji açısından milli hərəkətə yanaşdıqları da, aralarındakı sorunları qat-qat artırmaqdadır.
Üzdürücü bu gərçəkləri göz önünə alaraq, G. Az. aydınlarını siyasal-düşünsəl baxımdan üç çeşitli bölümə ayırmaq olar: 1- Farsçı-irançı əyilim(təmayül). 2- Azəriçi-Azərbaycançı əyilim. 3- Azərbaycançı-Türkçü əyilim.
Üstəlik, bu əyilimlərin hərəsi kəndi alternativini G. Az. milli özgürlük hərəkətinə aşılamağa çalışar. Güneyde fars sömürgəçiliyinə qarşı gedən mücadilənin milli bir hərəkət olaraq, milli karakterli olduğunu dərindən qavramayanlar daha doğrusu, kəndi milli düşüncələrinin də nə və necə olduğunun fərqində belə deyillər.
G. Az. milli özgürlük hərəkətinin, milli düşüncəsinə görə: fars rejimi sömürgəçi bir sistem olaraq, G. Azəbaycanı bütün alanlarda (dil, kültür, uyğarlıq, iqtisad...) sömürmüş və sömürməkdədir. Milli hərəkətə qoşulan hərhangi bir Güneyli ilk öncə bu ilkə(prənsip)dən yola çıxaraq, milli hərəkətə qatılmalıdır. Başqa bir deyişlə, Az. ulusu, yalnızca şovenist, gerici və Çağdışı bir rejimə qarşı deyil də, yırtıcı-sömürgəçi bir sistemə qarşı döyüşməkdədir. Sömürgəçi fars egəmən(hakim)liyinə son qoymağa çalışan G. Tükləri, hərşeydən öncə: 1- Milli və qılavuz (yolgöstərici) və qapsamlı bir örgüt 2- Milli bir öndər (vəya öndərlər şurası) 3- Və ən önəmlisi, milli bir düşüncəyə yaraqlanmalıdırlar. Bu üç öğə(unsur)nin olmadığı yerdə, G. Az. milli özgürlük hərəkəti heç bir sonuca varmayacaqdır və indiyə kimi də varmamışdır.
Milli Düşüncə üzərində qısa bir açıqlama:
DÜŞÜNCƏ, hamımızın bildiyi, ancaq üzərində ən çoq az düşünüldüyü qavramlardan biridir. Düşüncə sözcüyü Türk dilində -etimoloji baxımından- DÜŞ sözcüyündən və düş sözcüyü isə, bilindiyi kimi rüya(yuxu görmək) deməkdir. Və anlam baxımından, bir olayın birdən-birə ortaya çıxmasını içərən kökdəndir. Şair Qazi Bürhanetdin də düş sözcüyünü bu anlamda qullanmışdır:
Çün erməz əlim vəslinə -düşmüşəm ıraq- Düşdə xəyalının ləbin əmsəm olamı
Düş sözcüyünün kökü də DÜŞMƏK felindən və düşmək isə, enmə, qarşılama, ortaya çıxma, doğma, qalma, durma, qonma kimi anlamları bildirən kökdəndir. Türk Dilinin Etimoloji Sözlüğü-nün yazdığına görə, düş (əski Türkcə: Tüş) kökünün içərdiyi bütün anlamlarda DÜŞÜNMƏK eyləm(aksion)i də vardır.
Düşüncə ilə Düş sözcüklərinin bir kökdən qaynaqlandıqları olduqca maraqlı və ayrıca Türk ulusunun da necə düşündüyünü göstərməkdədir: bir olayın birdən-birə meydana çıxması, doğması...
Düşünmək ilə düşüncə ilişkilərini ələ almaq, düşüncənin düzgün işləv(fonksion)lərini birgə olaraq, bir anadüşüncə çəvrəsində toplamaqla gərçəkləşər. Ancaq, ilk öncə düşüncənin nə və necə olduğunu öyrənmək gərəkir.
Peki, Düşüncə nədir? Deyə bir soru soralım kəndi-kəndimizə. Üstəlik, düşüncənin nə və necə olduğuna ilişkin məntiqi(Logique) bir tərif vermək də olduqca çətindir. Filsuf İmmanuel Kant: bir şey vəya nəsnənin tərifini (nə olursa olsun) olanaq(imkan)sız sayır. Tərif, bir şeyin BÜTÜNLÜYNÜ bizə göstəre bilməz. Yanıt(cavab)lamaq üçün açıqlamalıyız biz şey ilə nəsnəni sürəkli deyir.
Modern filsuf-düşünür(mütəfəkkir)lər arasında ən çoq düşüncə qavramı ilə uğraşan, qocaman Alman filsufu M. Haydeger(Martin Heidegger) üçün -düşüncə nədir vəya nə deməkdir?- kimi bir soru azdırıcı və çaşdırıcı bir sorudur. Haydeger, düşünməyin ilk qural(qaidə)ı düzgün soru sormaqdır, deyir. Çünkü; insan SORU ilə DÜŞÜNCƏ yoluna qoyular və soru sormağın, yanıtdan daha çoq önəmli olduğunu vurğulayıb, Soru düşüncənin sayqı və ərdəmidir (Car, l̕ interregation est la piété de la penssé), deyə dəyərləndirər.
Haydeger düşüncə nədir? yerinə, düşünmək nə adlanır? (was heisst Denken?) kimi ilkin-təməlsəl(fundamental) və düşündürücü bir soru sorar. Haydegerin sorusu, ilkin-təməlsəl bir soru olaraq, başqa bir ayrıcalığı və özəlliyi də daşımaqdadır: Düşünmək üçün özəl bir YÖNTƏM(metod) sağlamaq.
Haydegerin dediyinə görə: Batı(qərb) tarixinde düşüncə üzərində düşünmə, Məntiq(Lojik) olaraq gəlişmişdir. Gələnək(ənənə)səl fəlsəfənin Doktorini də məntiqdir. Ancaq, düşünmək ilə düşüncə Məntiq deyildir. Haydeger üçün: Düşüncə yalnızca fəlsəfi düşüncə deyil də, fəlsəfədən daha dərin, yüksək və üstündür. Haydeger, düşüncənin çeşitli ilişkilərini ələ alarkən: Düşüncə ilə Bəllək(Hafizə-Mémoire) və Yeti(Yetki-Faculté) ilə Zehniyət arasında olan ilişkilərə də toxunub, Düşüncə bəlləksiz olamaz, deyir. Çünkü, bəllək düşüncənin dincəldiyi yerdir və bəlləkdir düşüncəni qoruyan. Ancaq, bəllək də düşüncənin nə və necə olduğunu, Haydeger demişkən -nə adlandığını- açıqlayamaz artıq, nədənsə: Bəllək yalnızca düşünülmüş olana düşünər.
Haydeger başqa bir yazısında: Düşünmək؛ anımsamaq(xatırlamaq) deməkdir (Denken ist Andenken), deyir. Peki, düşünməklə nə ilə nələri anımsayır insan? Unutduqlarını doğal olaraq. İnsan Kəndi ilə Özünü unutaraq, unutqanlığa uğrar. Ayrıca, kəndi ilə özünü unutan insan, kəndi ilə düşüncəsni də unutub, biyolojik bir varlıqa dönüşər. Haydegerə görə: İnsan bir yoldur və düşünmək isə, anımsamaqdır. Yolunu itirmiş, azmış və unutmuş insanın, anımsamaqdan başqa heç bir yolu yoqdur. Anımsamaq ancaq, dilsəl bir edim(akt-əməl) olduğu üçün, düşünmək kimi dilsəldir və yalnızca dil çərçivəsində oluşar.
Bu yöntəmlə, düşüncənin töz(cövhər)ünə doğru yönələ bilər insan. Ayrıca, bu yönəliş sonucunda dil (vəya daha doğrusu dil qavramı) önünə çıxar. Peki, DİL nə ADLANIR?. Başqa bir sözlə DİL KİMDİR?. Görkəmli fransız yazar-ələşdirməni, Moris Blanşo(Maurice Blanchot): Düşüncə ən arı(saf) sözdür (La pensée est la pure parole), deyir. Və Söz isə, Dilin bir birim(vahid)idir.
Dil genəl anlamda, hər bir ulusun düşüncə ilə dünyagörüşünü və ayrıca yaşam biçimini sərgiləyən Din Öncəsi və diri bir varlıq olaraq, Mit(osturə) ilə dərin və kəsilməz bir ilişkide olub, insanların Bilinc(şüur) ilə bilincaltı(şüuraltı)larını da oluşdurar. Bundan ötürü filsuf Vitgeneştayn(Ludwig Wittgenstein) yazır: Bir dili qavramaq, bir yaşayışı qavramq deməkdir. Dil aynı zamanda hər bir ulusun tarixsəl-düşünsəl zehniyətini və gərçək yaşam biçimini də ortaya qoyar. Çünkü, İnsan dil yoluyla yaradılır, deyir Haydeger.
Bu açıdan artıq dil yalnızca düşüncə aracı da deyil, düşüncənin düşüncəsi və düşüncənin Özüdür. Modern dil anlayışı Alman düşünürü Humbold(Humboldt) və özəlliklə görkəmli dilbilimci Ferdinad dö Sosür(Ferdinand de Saussure) ilə başlamış və modern çağımızın bütün bilimlərini (fəlsəfə, şer, ədəbiyat, ontoloji, etnoloji və...) bütün alanlarda dərindən etkiləmiş və ayrıca şu bilimlərə qılavuz və yolgöstərici olmuşdur. Modern insanın düşüncə gəlişməsinin ən önəmli qaynağı modern çağımızın DİL ANLAYIŞIdır. Haydeger sürəkli bu sözü tikrarlardı: Dil yalnızca düşüncə aracı deyil, dilin Özü düşüncədir. Biz dilə ayidiz, dil bizə deyil. Düşüncələr bizim ürün(məhsul)lərimiz deyil də, bizə egəməndir və biz onlara doğru gediriz.
Bilindiyi kimi, modern dilbilimcilikdən öncə, filoloji və filologlar dayaz və yapay(saxta) bir baxışla dilə yanaşar və dil yalnızca ilətişim(komünikasion) və ilişki aracıdır, deyərlərdi. Şu boş və aldadıcı dil anlayışı indi də bizim Az. Filologlaın qılavuzudur. F. Sosürün modern dil anlayışından yola çıxan düşünür-filsufların və özəlliklə Haydegerin dil (və şer dili üzərində də) yapdığı yorumlamalar, dil qavramını bütün biliml qollarının baş köşəsinə oturtdu və dil, bir ilətişim və ilişkilər aracı deyil də, düşüncənin düşüncəsi və özü olaraq, haq etdiyi yerini buldu.
Düşüncə ilk öncə, Soyut(abstre) idələrdən yola çıxsa belə, Somut(konkret) bir biçim olan dil aracı ilə kəndini sərgilər. Çünkü, düşüncə dilsəldir. Dilsiz bir varlıq, düşüncəsiz bir biyolojik varlıqdır. Bilimlərin ən önəmli və təməldaşı sayılan fəlsəfə belə, dildən başqa bir şey deyildir. Çünkü, dil çərçivəsində oluşmuşdur. Bu gərçəyi isə ilk öncə, modern filsuf-düşünürlər deyil də, antik Yunan düşünürləri (Heraclite ilə Parmenide) bizə öyrətmişlər. Bu düşünürlərin ən önəmli bluntu(kəşf)ları LOGOS idi və logos çoq anlamlı bir qavram olaraq, Söz ilə Us(əql) anlamında idi başlıca. Bundan dolayı Heraklit: Məni deyil də, Logosu dinləyiniz!... deyir və Parmenid də fəlsəfə tarixinin ən önəmli sözlərindən birini söylər: Çünkü, VARLIQ ilə DÜŞÜNMƏK birdir. Və sonralar Hegel də Parmenid düşüncələrindən yola çıxaraq: VARLIQ, düşünməkdir (L̕ Être est Penser), deyir.
Heraklit ilə Parmenit və Soqrat öncəsi başqa antik düşünürlərini yenidən kəşf edən Haydegerlə, dil anlayışında gərçək bir Devrim oluşur və dil yalnızca düşüncə yoq, düşüncənin düşüncəsi və Özü olaraq, sadəcə bilim ilə fəlsəfənin deyil də, VARLIQın belə təməldaşına çevirilir. Çünkü, VARLIQ -Haydegerin aradığı Varlıq və fəlsəfəsinin ən önəmli qavramı-, yalnızca sözcüklərlə kəndini göstərər. Dil var olan yerdə evrən(aləm) də vardır. Nədənsə düşüncənin köküdür dil və insan VARLIQ ilə YOQLUQ və BOŞLUQ kimi qavramları da dil ilə sorub-yanıtlamaya qalxar. İnsan dil ilə düşünər və bir ulusun ən əski düşüncə ilə yaşam biçimi, onun milli dilidir. Haydeger, kəndi dil anlayışını ünlü(məşhur) bir cümlədə özət(xulasə)ləmişdir: dil VARLIQın evidir və insan bu evdə yaşayır. Ayrıca, bu evin qoruyucuları, şairlər ilə düşünürlərdir və insan varlığının ən özgün(əsil) öz-cövhəridir dil.
Böyləcəsinə hər bir ulusun özəl(xususi) və kişisəl(şəxsi) dünyagörüşü və milli düşüncəsi, onun dili ilə sərgilənər. Güclü, dərin, gəniş, zəngin və gəlişmiş dillər, güclü, dərin və gəlişmiş insanlar törədərlər. Bundan dolayı, Haydegerin dil anlayışından yola çıxanlar üçün: Hərbir dildən bir sözcük atılarsa (yoq edilərsə) o dili qonuşan ulusun bir qarış toprağı yoq olar. Onun düşüncə və dünyagörüşü də daralar. Çünkü, hər sözcük bir düşüncə göstərgəsidir. Dil isə, bu düşüncə göstərgələrini bir yerə toplayıb, kəndi biçimi (anadüşüncə) içərisində qoruyar. Bundan ötürü dil, bir ulusun tarixsəl zehniyət və bəllyi olaraq, onun milli kimliyini də ortaya qoyar. Dil yoq olunca o ulusun düşüncə və yaşam biçimi də yoq olar.
Haydegerə görə: İnsanın ən gərçək və doğru topraği ilə yurdu dildir. Çünkü, dil düşüncənin düşüncəsi və özü olaraq, insanı kəndi dilində yaşadır və ayrıca dildir insanı insan edib-gəlişdirən, düşündürən və dilsiz-düşüncəsiz varlıqlardan (hayvanlardan) fərqli qılıb-ayıran. Buna görə, insan gərçək bir biçimdə dildə yaşamağa çalışmalıdır. Sözcükləri dinləmək, onların nə söylədiklərini öyrənmək deməkdir.
Bu baxımdan Az. Milli Düşüncəsinə yanaşılarsa ilk öncə; onun anaqaynağı ilə candamarı sayılan milli kimliyini, demək dilini göz önünə almaq gərəkir. Aydın bu gərçəyi bilməyənlər vəya önəmsiz qılıb da dananlar, Az. milli düşüncəsinin nə və necə olduğunua varmamış varmayacaqlar da. Üstəlik, G. Az. Milli özgürlük hərəkətinin 100 illik tarixsəl təcrübələri də bu gərçəyi açıqcasına göstərmişdir. G. Azərbaycanda milli düşüncə əskikliyi, daha doğrusu milli düşüncənin yoqluğunu, İslam sonrası Az. tarixi də açıq-aydın göstərməkdədir. Az. Türkcəsində yazılan ilk yazılardan günümüzə -bir neçə yazı dışında- milli düşüncə-kimliyimiz iki can alıcı, salqın xəstəliyə uğramışdır. Şu xəstəliyin birisi islamçılıq (şiəçilik biçimində) və obirisi isə, İrançılıq (Farscaçılıq şəkilində)dir.
İslamçılıq ilə irançılıq, Az. ulusunun özgün milli dil-düşüncəsini bütün alanlarda bozub da yoq etməyə çalışmışdır. Bu salqın xəstəliyi Azərbaycanda yayanlar isə -yazıqlar olsun!- Az. Türkləri (özəlliklə aydın kəsimi) olmuşlar. Örnəyin: Türk dilini alçadıb-aşağılayan sultanlarımız başda olmaq üzərə və anadillərni kəndilərinə yaraşdırmayan və ərəbcə-farsca yazan şair, filsuf və dini alimlərimizin hamısı və ancaq hamısı suçludurlar. Nizami ilə Xaqani kimi irançılıq-farscaçılıq xəstəliyini yayan və ayrıca farsca düşünən, farsca yazan və asimilə olmuş və ulusumuzu asimilə etməyə çalışanları dahi! adlandırıb da YOQ EVİMİZin baş köşəsinə oturdub, adlarını məktəblər, akademilər, xiyabanlar və meydanlarla bəzəmək, milli düşüncəsizliyin ən açıq və bəlirgin(sərih) göstərgəsidir ancaq.
İslamçılıq və şiəçiliyə gəldikcə, (fəlsəfə ilə teoloji alanında) Şeyx İşraq Söhrəvərdi (Şəhid), Rəcəbəli Təbrizli, Vedad Təbrizli, Zunuzi, ustad Məhəmmətəqi Cəfəri və İslam(şiəçilik) dünyasının ən böyük və son teozofu adlandırılan Əllamə Məhəmmədhüseyn Təbatəbayi Təbrizlini örnək götürəlim. Adlarını çəkdiyim filsuf-teologların heç biri bircə sözcük belə kəndi anadillərində yazmamışlar. Varlıq dərgisində oxuduğum bir söyləşi(söhbət)dən qısa bir parçasını hafizədən axtarmaq(nəql etmək), yuxarıda söylədiyim ürək dolusu acıları bir kez daha yeniləyəcəkdir. Şah dönəmi Tahranda, Az. Dərnəyi qurmağa çalışan bir Azərbaycanlı, Ayətullah-əlüzma Şəriətmədariyə, Az. dərnəyi qurmaq və Az. dil-kültürünü qoruyub-yaymaq istədiklərini qonuşur. Hazrət-i Ağa yurtdaşımızı dinlədikdən sonra cənabi Doktor Türk dili də oldu dil... , deyir!. Baxın! Az. ulusunun dini öndəri -daha doğrusu onun dini duyğularını sömürən Cənab: Türkcə dil deyildir... deyir.
Açıq söyləcək olursaq, islamçılıq-şiəçilik və irançılıq-farscaçılıq Az. milli düşüncəsinin üzə çıxıb da gəlişməsinin ən böyük əngəlidir. Şu iki salqın xəstəlik Azərbaycanda aradan getməyincə (ən azından xunsalaşmayınca), Azərbaycanın milli düşüncəsi də ortaya çıxmayacaqdır. Günümüzdə yazıb-qonuşduğumuz (Güney-Quzey) qarmaqarışıq-kimliksiz dilə baxın! Bu qarmaqarışıq-kimliksiz dil, doğal olaraq, qarmaqarışıq-kimliksiz düşüncə biçimimizi də yansıtar. Bir də, alın Dədə Qorqut kitabını qaşılaşdırın Divan şerimizlə -əlimizdə ki, islamiləşdirilmiş Dədə QorQut- örnək üçün. Yalnışcasına klasik şer adlandırdığımız, Həsənoğlundan iyirminci yüzilliyin başlanışına dək ərəb-əruz ölçüsündə yazılan Divan şerimizin qullandığı dil nə boyda qarmaqarışıq-kimliksiz, dinci-şiəci, bir-iki istisnaya qarşın bayağı və köbuddursa Dədə Qorqutun dili gözəl, özgün, sudan arı və aydan durudur(1). Dədə Qorqut kitabı -nağıllar toplusu olaraq deyil də, Dil ilə Sözcük baxımından- milli Az. düşüncə biçimini gözəl və yüksək bir düzeydə ortaya qoyursa, Divan şerimizin dili irançılıq və islamçılığın ən qabarıq örnəyidir.
Az. milli düşüncəsi nə azəriçiliklə nə azərbaycançılıqla və nə də başımızın bəlası olan islamçılıq və irançılıqla heç bir yerə erməmiş, erməyəcəkdir də. Məşrutiyət hərəkəti, Şeyx Məhəmməd Xiyabanı ilə Pişəvəri və 29 Bəhmən ilə Şəriətmədarçılar hərəkəti, bu gərçəyi açıq-aydın göstərmişdir. Bu hərəkətlərin, Az. milli düşüncəsi üzərində qurulmadıqlarından dolayı, G. Az. Milli Kimliyini də ortaya qoya bilməmişlər.
Ağaç kökü üzərində bitər və Daş kəndi yerində ağırdır, demişlər ulu ata-babalarımız. Az. ulusunun milli çıxar və gələcəyini qutlu(muqəddəs) sayan və hərbir şeydən üstün tutanlar, modern dünyanı qavramaq üçün kəndi milli düşüncəlrindən yola çıxmalıdırlar. Bu Yol isə, onun əngin-zəngin DİLindən, demək düşüncəsinin düşüncəsindən başlayaraq, gərçək milli düşüncəmizi səgiləyərək, Az. Türk insanının tarixsəl-düşünsəl, birəysəl(fərdi) və milli kimliyini də qurub-qoruyacaqdir.
Türkləşmə və modernləşmə, irançılıq-farscaçılıq ilə islamçılıq-şiəçilik salqın xəstəliyinin ilk və son dərmanıdır. Şair F. Hölderlin demişkən:
Ən dərin düşüncələri mənimsəyən
Sevər ən diri olanı
(1): Hər dildə iki çeşit önəmli sözcük bulunmaqdadır:
I- Kök və təməl sözcüklər
II- Törədilmiş sözcüklər deyir, filsuf Martin Heidegger.
Örnəyin Yunancadakı: LOGOS(söz+us...) ilə ALESEYA (doğruluq+açıqlıq...) kök və təməl sözcüklərdən sayılır.
Ayrıca, Dədə Qorqut kitabında qullanılan yüzlərcə önəmli və kök sözcük vardır. Bu sözcüklərin hamısı arkaik adlandırılaraq, Quzey Az. filologları tərəfindən yoq etdirilmişdir (örnəyin baq!: İzahlı sözlüyünə). Bu sözcüklərin hamısı modern Türkcədə (anadolu Tükcəsində) qullanılmaqdadır. Modern Türkcənin ən önəmli düşünsəl-fəlsəfi qaynağı da Dədə Qorqut kitabı ilə Kaşğərli Dədənin sözlüyüdür. Biz Azərbaycanlılar isə, bu iki ölməz-sonsuz qaynağı dilimizin yaşamından sürgün edib-muzələrdə yerləşdirmişiz.