| Bu gün Laçının işğal edildiyi gündür | |
| Yaqub Məmmədov Laçının daxili çəkişmələrin qurbanı olduğunu deyir | |
![]() |
18/05/2004 10:42 Mərkəz 1992-ci ilin mayın 18-i zaman-zaman ermənilər üçün alınmaz qala olan Laçını itirməyimizlə tarixə düşdü. Sahəsi 1875 kv.km, əhalisi 60000 min nəfər olan bu rayonun alınmasından sonra işğalçı Ermənistan Dağlıq Qarabağdakı separatçılarla birbaşa əlaqəsini təmin edə bildi. |
| Beləliklə, faktik olaraq
Azərbaycan strateji təsir rıçağını itirdi.
Bəs niyə? Bu suala ötən illər ərzində bir
çox cavablar verilib. Ancaq keçmiş səhvlərdən
nəticə çıxarmaq və gələcək
qələbələrə yol açmaq, məğlubiyyətlərdən
sığortalanmaq üçün sözsüz ki, buna yenə də
diqqət ayrılmalıdır. Müsahibimiz 92-ci ildə Ali
Sovetin sədri postunu tutmuş, Laçının işğalından
üç gün əvvəl postundan uzaqlaşdırılmış
Yaqub Məmmədovdur... - İşğaldan əvvəl ölkədə ictimai-siyasi vəziyyət olduqca gərgin idi. Hakimiyyət uğrunda mübarizə ölkə daxilində yeni vüsətlə inkişaf edir, genişlənirdi. Xaricdəki müəyyən qüvvələr də çox fəallaşmışdı. Mütəllibovun tərəfdarları Ali Sovetin qabağında piket keçirir, Ali Sovetin sessiyasını çağırmağı tələb edirdilər. Prezidentliyə namizədliyi verilmiş AXC-nin lideri Əbülfəz Elçibəyin tərəfdarları xüsusən rayonlarda fəallıq göstərirdilər. Digər namizəd Etibar Məmmədovun tərəfdarları da o cümlədən. Respublika daxilində gedən gərgin siyasi mübarizə şəraitində Şuşa işğal olundu. Ondan sonra mayın 14-də mütəllibovçular Ali Sovetin sessiyasını çağırtdırıb Ayaz Mütəllibovun hakimiyyətə gətirilməsinə nail oldular. Bundan istifadə edən AXC və onun ətrafında birləşən qüvvələr isə xalqı üsyana çağırdılar, ayın 15-də Ali Sovet işğal olundu, televiziya mərkəzi tutuldu, prezidentə ultimatum verdilər, Ayaz Mütəllibov mayın 15-də gecə ölkəni tərk etdi. Real hakimiyyət mayın 15-də Xalq Cəbhəsinin əlinə keçdi. Düzdür, onlar məni çox böyük xahişlə dəvət etdilər ki, mən Ali Sovetin sədri vəzifəsində işimi davam etdirim. Bütün bunlar AXC-nin öz hərəkətlərinə qanuni don geyindirmək yönündə cəhdləri idi. Ancaq müəyyən təzyiq və təsir altında mayın 16-da mənə bir sıra fərmanlara qol çəkdirdilər, təyinatlar oldu. Ondan sonra mən ümumiyyətlə, ölkədə baş verən proseslərdən kənarda qaldım. Mayın 18-də özləri Ali Sovetin sessiyasını çağırıb hakimiyyəti tamamilə götürdülər, məni tutduğum vəzifədən uzaqlaşdırdılar, yeni təyinatlar apardılar. Yəni başları qarışdı hakimiyyət davasına, mayın 14-dən 18-nə qədər cəbhədə olan vəziyyət yaddan çıxdı. Şuşanın işğalından sonra növbədə Laçın idi. Onunla məşğul olmaq əvəzinə hakimiyyət davasına diqqət yönəltdilər. Cəbhə bölgəsində olan batalyonların çoxunu da paytaxta dəvət etdilər, onlar gəldilər və hakimiyyət dəyişikliyi prosesində iştirak etdilər. Ali Sovetin qabağı, binanın içi hərbçilərlə dolu idi. Ali Sovetin mayın 18-də keçirilən sessiyasında İsa Qəmbər bu orqana sədr seçildi, prezidentin səlahiyyətlərini icra edən şəxs oldu. Həmin gün də Laçın işğal edildi. Ondan qabaq da Laçını tərk etmişdilər, ancaq rayonun işğalı de-fakto ayın 18-də oldu. Qısası, ölkə daxilində hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin sayəsində çox gərgin ictimai-siyasi vəziyyət yaranmışdı, xaricdən isə buna sevinən düşmənlərimiz durumu daha da gərginləşdirirdilər. Belə bir vəziyyətdə Laçını itirdik. - Necə düşünürsünüz, o dövrdə ölkə daxilində belə gərginlik, çəkişmə olmasaydı, Laçını qorumaq üçün Azərbaycanın hərbi potensialı yetərincəydimi? - O zaman ordu yaradıcılığıyla yenicə məşğul olunurdu, batalyonlar yaradılırdı. Əvvəllər yaradılmış pərakəndə ayrı-ayrı siyasi təşkilatlara, şəxslərə mənsub batalyonlar vardı, o batalyonlar da vahid mərkəzdən idarə olunmurdu, hərəsinin bir sahibi vardı. Həmin batalyonların özləri bir-birilə münaqişədə, çəkişmədəydi. Biz aprel ayında, mayın əvvəlində onları vahid komandanlığa, Müdafiə Nazirliyinə tabe etdirmək istiqamətində müəyyən işlər görmüşdük. Və ordu quruculuğu sahəsində müəyyən addımlar atılmışdı. Digər tərəfdən, əvvəllər həmin batalyonların hərbi texnika ilə təchizatı pərakəndə həyata keçirilirdi, kimin pulu vardı, gedib silah alırdı. Ancaq dövlət səviyyəsində bu işlər təzəcə sistemli formada həyata keçirilməyə başlayırdı. Azərbaycan ərazisində olan köhnə sovet ordusunun əmlakının bölüşdürülməsi istiqamətində müəyyən işlər görülmüşdü. Yəni ordu quruculuğu istiqamətində xeyli işlər görülmüşdü. Və artıq biz siyasi oyunlardan, daxildəki hakimiyyət uğrunda mübarizədən əl çəkib birgə torpaqlarımızın müdafiəsi, həmin batalyonların birgə fəaliyyəti istiqamətində çalışsaydıq, sözsüz ki, biz torpaqlarımızı müdafiə edə bilərdik. Çox təəssüf ki, bu, belə olmadı. Hakimiyyət uğrunda mübarizə daxildə birləşməyə imkan vermədi. Və maraqlı qüvvələr də ondan istifadə etdi. - Yeri gəlmişkən, Laçının işğalı qısa desək, məhz Şuşadan başladı. O dövrdə Şuşanı niyə qorumaq, sonradan qaytarmaq mümkün olmadı? - Mayın 14-ü, 15-i, 16-na qədər həmin proseslər baş verməsəydi, daxildə bütün qüvvələr səfərbər olunsaydı, digər tərəfdən, xaricdən vəd edilən müəyyən yardımlar olsaydı, Şuşanı müdafiə etmək, hətta sonradan qaytarmaq, Laçını da işğaldan qorumaq olardı. Təəssüflər olun ki, müəyyən qüvvələr hadisələrin belə inkişaf etməsinə mane oldular. Bunun nəticəsində Şuşa, Laçın işğal olundu, sonra da başımıza digər müsibətlər gətirildi. Mən hesab edirəm ki, o zaman ölkə daxilində birlik olsaydı, bütün maraqlı qüvvələr, ictimai-siyasi təşkilatlar - o vaxt həmin batalyonları AXC, ayrı-ayrı partiyalar yaratmışdı, özünümüdafiə batalyonları var idi, bunlar vahid komandanlıq altında birləşdirilib hamısı bir məqsədə xidmət etsəydi, sözsüz ki, torpaqlarımızı müdafiə edə bilərdik. Təəssüf ki, belə olmadı. - Yeri gəlmişkən, qısa zaman kəsimindən sonra, 92-ci ilin yayında hərbi uğurlar qazanıldı, Ağdərə işğaldan azad edildi. Bəs bu uğurlar nəyin nəticəsində əldə olunurdu? - AXC-nin hakimiyyətə gəlməsilə qısa zaman kəsimində hakimiyyət məsələsi həll olundu. AXC-yə müxalif qüvvələr olmadı, onlar birləşib müəyyən nailiyyətlər əldə etdilər. Ağdərə ilə bərabər Laçının da azad edilməsi istiqamətində müəyyən işlər görüldü, Xankəndiyə də gəlib çatmışdılar. O vaxt verilən məlumatlara görə, ermənilər təşviş içindəydilər, qaçmaq haqqında düşünürdülər. Belə bir məqamda hakimiyyətdə olanlarla Qarabağda hərbi əməliyyat aparanlar, Surət Hüseynov arasında çəkişmə başladı. Və birlik pozulduğuna görə də qələbə əldə olunmadı. Surət Hüseynov o zaman Qarabağda böyük nailiyyətlər əldə etmişdi, onu korpus komandiri, prezidentin səlahiyyətli nümayəndəsi təyin etmişdilər. O dövrdə yazılanlara, indi aldığımız məlumatlara görə, başqa adamlar qısqanclıqlarına görə ona qarşı çıxış etdilər. Bundan istifadə edən qüvvələr hökumətlə Surət Hüseynov, cəbhədəki batalyon komandirləri arasında nifaq yaratdı. Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi səviyyəsində münaqişələr meydana gəldi. Başıpozuqluq, bir-birini qəbul etməmə, birinin əldə etdiyi qələbəni digərinin həzm edə bilməməsi, niyə bu, mənim deyil, başqasının adı ilə bağlı olsun kimi məsələlər nailiyyətlərin, hərbi sahədə qazanılmış uğurların əldən getməsinə səbəb oldu. Son nəticədə də 4 iyul hadisəsi baş verdi. - Bəs bu gün necə fikirləşirsiniz? Danışıqlar nəticə verməsə, torpaqlarımızı hərbi yolla azad edə bilərikmi? - Söz yox ki, 1992-93-cü illərdə Qarabağ problemini həll etmək asan idi, nəinki indi. İndi problem beynəlmiləşib, böyük dövlətlər, beynəlxalq təşkilatlar bu prosesə qoşulub. İndi məsələnin həlli daha çətindir. Amma mən hesab edirəm ki, böyük dövlətlər, xüsusən, Rusiya, ABŞ ədalətli mövqe tutsalar, Ermənistana təzyiq etsələr, məsələni siyasi yolla həll etmək olar. Ancaq ikili standartlarla, gedin siz özünüz həll edin, biz də sizə şahidlik edək prinsipiylə problem elə bu cür də qalacaq, həll olunası deyil. Birdəfəlik beynəlxalq təşkilatlar, Minsk qrupunda iştirak edən dövlətlər işğalçıya işğalçı deməli, işğal olunan ərazilər də azad edilməlidir. Belə mövqe hələ ki görünmür. Siyasi yolla çözülməsə, bu məsələ hərbi yolla da həll oluna bilər. Ancaq bunun da müəyyən şərtləri var. Həmin şərtlər də beynəlxalq normalara uyğundur. Dağlıq Qarabağın ətrafındakı rayonları bu gün azad etsək, heç kəs bunu bizə irad tuta bilməz. Amma təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, güclü dövlətlər maraqlı deyil ki, regionda təzədən hərbi əməliyyatlar başlasın. Bu, onların geosiyasi, iqtisadi maraqlarına uyğun deyil. Ona görə də buna yol vermirlər, hər iki dövlətin rəhbərliyinə təzyiq olunur ki, danışıqlar yoluyla məsələ həll edilsin, hərbi əməliyyatlardan çəkinilsin. Amma buna baxmayaraq hesab edirəm ki, bizim hərbi gücümüz daha da artırılmalıdır və biz düşmənlərimizə, o cümlədən beynəlxalq təşkilatlara göstərməliyik ki, danışıqlar nəticə verməsə torpaqlarımızı hərbi yolla azad edəcəyik və azad etmək iqtidarındayıq. Buna qədər isə xüsusən Rusiyanın, ABŞ-ın maraqlarını nəzərə almaqla çox fəal iş aparmaq lazımdır ki, hərbi əməliyyatlar başlansa, həmin güc mərkəzləri heç olmasa neytral, bitərəf mövqedə qalsınlar. Belə olsa, hesab edirəm Azərbaycan ordusu torpaqlarımızı azad etməyə qadirdir. Amma o halda da gərək daxildə hakimiyyət uğrunda mübarizə başlamasın. Yoxsa müharibə başladı, vəziyyət gərginləşdi, ayrı-ayrı qruplar yarandı, hakimiyyət uğrunda mübarizə başladı... Onda bizim qalan torpaqlar da işğal olunacaq. Yəni öncədən çox ciddi işlər getməlidir. Ölkə daxilində iqtidar-müxalifət münasibətləri, müxalifətin müxalifətə münasibəti də milli mənafeyə xidmət etmək istiqamətində dəyişməli, xalq bir yumruq kimi birləşməlidir. Yalnız belə olsa, biz hərbi yolla nəyəsə nail ola bilərik... |
|