| Tehrandan
baxanda Quzey inkişaf etmiş dövlətdir |
|
| Əjdər Tağızadə:
Hər millət öz inkişafına müstəqil dövlətilə
nail olub |
|
Prezident seçkilərindən sonra Bütöv Azərbaycan Birliyinin fəaliyyətində canlanma hiss edilir. Bu il qurultayını keçirmək istəyən təşkilat beynəlxalq əlaqələrini gücləndirir. Rəyasət Heyətinin üzvü, təşkilatın beynəlxalq əlaqələr üzrə səlahiyyətlisi Əjdər Tağızadə BAB-ın son dövrlər gördüyü işlərdən, qarşıda duran vəzifələrdən, Güneylə bağlı təşkilatların qarşısındakı hədəflərdən danışır: |
|
- Əbülfəz Elçibəyin sağlığında istər Quzey, Güney, Avropa, Skandinaviya ölkələri, Rusiya, Amerika ilə əlaqələrimizi gücləndirirdik. Rayon şöbələrinin sayını artırırdıq. Təşkilatın quruculuq dövrü gedirdi. Çalışırdıq özəklərin sayını artıraq. Belə bir vaxtda Əbülfəz Elçibəy dünyasını dəyişdi. Biz Güneydə dil və insan haqlarının qorunması ilə bağlı imza toplayırdıq ki, BMT-yə göndərək. 600 min imza toplamışdıq. Türk dünyasında keçirilən toplantılarda BAB adından iştirak edirdik. DAK-la, digər təşkilat, konfederasiyalarla əlaqələrimiz artırdı. BAB-a Azərbaycanın quzeyində siyasi partiya və təşkilatlar kollektiv şəkildə üzv idilər. Cəmiyyətdəki siyasiləşmə, BAB-ın sədr müavinlərindən bir qisminin xaricə köçməsi müəyyən çətinliklər yaratdı. Amma son zamanlar BAB fəaliyyətini gücləndirib. Tehran rejiminin Xəzərdəki hərəkətlərinə ilk etiraz edən BAB oldu. Bəy dünyasını dəyişəndən sonra təşkilata məqsədli surətdə gələnlər qayıtdılar. Buna baxmayaraq, təşkilat fəaliyyət göstərir. Rəyasət Heyəti, Mərkəzi Şurası toplaşır. DAK-la və digər qurumlarla memorandum imzalanıb və biz onlarla birgə fəaliyyət göstəririk. DAK-ın güclənməsində gücümüzü qoymuşuq. Xaricdəki nümayəndələrimiz fəaliyyətdədir və çalışırlar ki, xırda mübarizələrdən kənarda olsun. uBAB-ın Güneydə baş verən proseslərə təsir mexanizmi varmı? - BAB demokratik təşkilatdı və öz taktikası var. Terrorçu qrupların əksinə olaraq çalışmışıq ki, radio, qəzet və digər KİV-lərin gücü ilə Güneydə o tabanı yaradaq, milli potensialı hərəkətə gətirək. İran rəsmiləri Bakıya gələndə və ya Azərbaycan rəsmiləri Tehrana gedəndə hər zaman belə şərt qoyulub ki, çalışın, orda Güney söhbəti getməsin. Onlar Azərbaycan rəsmilərini açıq-aşkar qoymayıblar ki, Təbrizi ziyarət etsinlər. Çünki tabanda formalaşan gücü görürlər. Bu onu göstərir ki, Güneylə bağlı təşkilatların, o cümlədən BAB-ın gördüyü işlərin də izləri var. u Quzeydə və xaricdə yaranmış təşkilatların iç hərəkata rəhbərlik üstündə mübahisəsi nə dərəcədə məntiqidir? - Xaricdə oturub Güney üçün neynəyirsiz deyimi düz deyil. İslam peyğəmbəri Həzrəti Məhəmməd də mühacirətdən gəldi. Xomeyninin özü də xaricdən gəldi, Fidel Kastro da, digər klassiklər də mühacirətdən gəlib... İçəridə hərəkata qarşı basqılar güclüdür. Jurnalistləri həbs edirlər. İnternetlərə filtr qoyublar. Kim İnternetə çıxırsa, gəlib tuturlar. İnsan hüquqlarını müdafiə edən təşkilatlar Qərbdə, Avropada, Amerikada yerləşir. Xaricdə yaşayan azərbaycanlılar bu məsələdə geniş imkanlara malikdir. Təbrizdə oturan şəxsin hadisələrdən xəbəri yoxdur. Amma o şəxs ki, İsveçdə oturub, onun telefonlara, İnternetə qoşulmaq, televiziya kanallarına baxmaq, hadisələri izləmək imkanı var. u İran daxilində türklərin hakimiyyət başına gəlməsi, türk dilinin ikinci dövlət dili elan edilməsi realdırmı? - 14 il bundan öncə onlar İranda türkün - azərbaycanlının olmasını tamamilə inkar edirdilər. Bütövlükdə isə 100 ildən artıqdır ki, Azərbaycan türklərinə qarşı assimilyasiya siyasəti yeritməyə başlayıblar. Hətta özləri qəbul etdikləri Konstitusiyanın 15-19-cu maddələrinə riayət etmirlər. Son seçkilərdə Xatəmi Güney Azərbaycanda səsləri qazanmasına baxmayaraq, verdiyi sözləri yerinə yetirmədi. Son illərdə hakimiyyət daxilindəki hər iki qanad - həm mühafizəkarlar, həm də islahatçı qanad Azərbaycan məsələsinin həll olunmasına maraq göstərirlər. Məsələn, dini rəhbər Ayətullah Xamneyinin tərəfdarı - keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin nəzarəti altında Araşdırma Mərkəzi yaradılıb. İnstitutlar var. Onlar Qafqaz, Orta Asiya məsələsini, özəlliklə, Azərbaycan məsələsini araşdırırlar. Onların çap etdirdikləri kitablardan aydın olur ki, bu məsələni birbaşa nəzarət altında saxlayırlar. Bu rejim şiə aləmində özlərinə məxsus fars şovinizminə, fars dövlətçiliyinə və fars mədəniyyətinə uyğun bir dövlət qurub. Bu teokratik rejimin başında dayanan Ayətullah Xamneyi özü türkdür - azərbaycanlıdır. Əvvəllər Təbrizdə farsca danışırdı. Amma sonra Ərdəbilə gələndə Azərbaycan türkcəsi ilə danışmağa başladı. Mərhum prezident Heydər Əliyev onunla görüşdən sonra dedi ki, o, necə böyük adamdır ki, Azərbaycan dilində danışmağa qorxur. Görürsünüz, dini rəhbərdir, siyasi hakimiyyət, qüdrət bunun əlindədir, amma öz doğma dilində danışmağa qorxur. Keçmiş SSRİ-nin özündə də belə idi. Milliyyətindən asılı olmayaraq hakimiyyət başında olan hər bir kəs rus dövlətçiliyinə və rusa xidmət edib. İran hakim dairələrinin Azərbaycan türkcəsini ikinci dövlət dili elan etmələrinə gəldikdə isə deyə bilərəm ki, onlar dildə çox şey deyə bilərlər. 5-6 il bundan öncə prezident Xatəminin qardaşı İran İslam Birliyi Partiyasının sədri Məhəmməd Rza Xatəmi İran adlanan yerdə federasiyadan danışırdı. Sonra rejimin öz daxilində federasiya məsələsi haqqında hay-küy qaldırıldı. Rəfsəncani qanadı bildirdi ki, İranı 10 əyalətə bölüb, federativ dövlət yaradaq. Bu şüarları xaricdəki qüvvələr də qəbul etdi. İndi görün, necə vəziyyət alınıb. Dünənədək Azərbaycanın istiqlalından söhbət gedən zaman top-tank çıxarmağa hazır olan qüvvələr, təşkilatlar indi deyir ki, gəlin ay azərbaycanlılar, görək nə istəyirsiniz. Biz sizin istəklərinizi qəbul edirik, federalizmi nizamnaməmizin birinci maddəsi kimi göstəririk. Beləliklə, həm xaricdə, həm də daxildə belə şüarlar səslənir. uSizcə, İran mütləq parçalanmalıdır? - İran ərazisində yaşayan etnik qruplar irticaçı fars şovinizminin boyunduruğunda qalarlarsa, bu, onların öz işidir. Amma İnkişaf etmiş müasir dünya qanunları göstərir ki, Azərbaycan türkləri müstəqil olsalar, qısa zaman kəsiyində itirdiklərini bərpa edib boşluğu doldurarlar. Düzdür, dünya dövlətlərinin hazırda malik olduğu inkişafa biz 1-2 ildə çatmayacağıq. Amma bizim qarşımızda örnək kimi Quzey Azərbaycan var. Quzey Azərbaycan 12 ildir, savaş içərisindədir, 1 milyondan çox qaçqını, iqtisadi çətinlikləri var, lakin Tehrandan Bakıya baxanda çox azad, hətta iqtisadi cəhətdən inkişaf etmiş dövlət təsiri bağışlayır. Baxmayaraq ki, bu gün İran özünün 2.500 illik dövlətçilik tarixi ilə öyünür, ticarəti güclüdür, neftdən milyardlarla gəlir götürür, amma istiqlalın, azadlığın gətirdiyi bərəkətlə müqayisədə Quzey Azərbaycanın bu günü və gələcəyi çox parlaq görünür. u Güney Azərbaycanda milli oyanış nə səviyyədədir? - Azərbaycanın güneyində əhalinin 65 faizdən çoxunu gənclər təşkil edir. Gənclik iş yeri, təhsil almaq üçün şərait istəyir, gələcəyini qurmaq üçün dövlət təminatı istəyir. Müasir dünyada mövcud olan yeniliklərdən, İnternetdən, pop-musiqisindən bəhrələnmək istəyir. Tehran rejimi isə bunların heç birini verə bilmir. Bu gənclik bir tərəfdən də Türkiyəni, türk dünyasını, Azərbaycanın quzeyini görür, Avropadan Şərqə yalnız müasir elektrotexniki cihazlar, mexanizmlər gəlmir. Eyni zamanda 100 il bundan əvvəl də olduğu kimi millətçilik gəlir. Millətçilik deyəndə bəzi adamlar bunun irqçilik tərəfini düşünürlər. Amma sual olunanda ki, avropalılar necə olub ki, belə inkişaf ediblər, onun yalnız bir cavabı var. Hər millət əldə etdiyi müstəqillik sayəsində öz dövlət inkişafına nail olub. Bununla da milli duyğular gəlib bizim insanlara çatır və rejimin təbliğ etdiyi farsçılığı, dini fanatizmi qəbul etmirlər. Ona görə də Azərbaycanın Güneyində 1 milyona yaxın insan Babək qalasına yürüşə çıxır, piketlər keçirir, il-ildən də bu insanların sayı artır. Hətta Güney Azərbaycandan siyasi fəallar Şiraz kimi uzaq şəhərlərə gedərək orada məclislər keçirirlər. Bu gün istər toy və yas mərasimlərində keçirilən tədbirlərdə əhali arasında aparılan həmin milli mədəni maarifçilik təbliğatının nəticəsi özünü göstərməkdədir. Milli ənənələr, davranış qaydaları öz yerini alıb. Azərbaycan musiqisi yalnız Güney şəhərlərində deyil, Tehranın özündə də səslənməkdədir. Son aylarda azərbaycanlılar açıq-aşkar piketlər keçirirlər. Tutaq ki, Tehran rejimi hansısa hadisə ilə, günlə bağlı tədbirlər keçirir. Azərbaycanlılar həmin tədbirdə iştirak etmirlər. Gedir öz tədbirini - Babək qalasında yürüş keçirir. Hətta Ayətullah Musəvi Ərdəbili kimi dini alimlərin, üləmaların Babək Xürrəmiyə mənfi yanaşmasına baxmayaraq, onlar Babəkdən üz döndərmirlər. Ona görə ki, Güney Azərbaycanda milli dirçəliş, milli-siyasi formalaşıb-təşkilatlanma çox güclü şəkildə gedir. Rejim də bu məsələni özbaşına buraxmır, çalışır ki, ortada öz oyunlarını oynasın. Məsələn, bir neçə il bundan öncə rejimin hər iki qanadının təmsilçiləri Təbrizə gəlirdi, əhali arasında təbliğat aparırdılar ki, mədəni fəaliyyətinizi davam etdirin, jurnallar nəşr edin. Amma çadranı atıb dindən uzaqlaşmayın. Biz sizi dəstəkləyəcəyik. Bütün bunlar göstərir ki, Azərbaycan milli şüuru formalaşır. Milli şüur milli-siyasi şüarları gətirir. Aprelin 24-də bizimkilər Tehranda mitinq keçirdilər. Rejim mitinqə çıxan ziyalıları həbsə aldı. Nəyə görə? Hərəkatın genişlənməsinin qarşısını almağa çalışırlar. Dünənə qədər siyasətdən danışmağa cürət etməyənlər indi görürsən ki, cəbhələr yaradırlar. Hətta federalçılar da deyir ki, biz istiqlalçıyıq. Vaxtilə yalnız kültürəl problemlərlə məşğul olanlar, indi siyasi təşkilat yaradırlar. uBAB-ın qurultayı nə vaxt olacaq? Təşkilatda struktur islahatları aparılacaqmı? - Qurultaya getməzdən öncə struktur məsələsi müzakirə ediləcək. BAB müstəqil təşkilatdır. Hətta Əbülfəz Elçibəyin dönəmində də təşkilat bəlli şəxslərin ianələri, yardımları ilə dolanıb. Ya da üzvlər kömək edib. Özünüz görürsünüz ki, yığıncaqlarımızı təmtəraqlı zallarda keçirmirik. BAB istəyir ki, öz gücünə, özünün tapdığı qaynaqlara dayanıb qurultayını keçirsin. BAB heç bir qüvvənin təsiri altına düşmək istəmir. Elman Olaylar 2004-05-07 |
|