| İran
Ermənistana iqtisadi dəstək verir |
| O, ölkənin ağır
vəziyyətdən qurtulması üçün böyük çabalar
sərf edir |
İranda yaşayan xalqlar arasında sayca böyük əksəriyyət təşkil edən azərbaycanlılar tarixən onlara düşmən mövqedə dayanan ermənilərlə dəfələrlə qarşı-qarşıya gəliblər. Bu düşmənçilik XX əsrin əvvəllərində erməni-müsəlman davası zamanı özünü daha açıq büruzə verib. |
Belə ki, I dünya müharibəsi zamanı rusların ermənilərə vəd etdiyi Böyük Ermənistana Güney Azərbaycanın da çox hissəsi daxil edilmişdi. Osmanlı türkləri ilə ermənilər arasında yaşanan qarşıdurma Güney Azərbaycanda yaşayan ermənilərin fəallaşması ilə nəticələndi və oxşar hadisələrə təkan verildi. Xoy, Salmas, Urmiya şəhərlərində yaşayan ermənilər azərbaycanlılara qarşı ağır soyqırım həyata keçirdilər. 150 mindən artıq soydaşımız xüsusi amansızlıqla qətlə yetirildi. Bir gecədə təkcə Urmiyada 10 min azərbaycanlı düşmən gülləsinə tuş gəldi. Daha sonralar Təbrizdə baş qaldıraraq tezliklə bütün ölkəni əhatə edən Məşrutə hərəkatında iştirak edən ermənilər yenə də əsl xislətlərini unutmadılar. İnqilabın rəhbəri Səttarxan erməni siyasəti ilə Tehrana aparılaraq parkda güllə yağışına tutuldu... O günlərdən üzü bəri davam edən düşmənçilik bu gün də özünü göstərməkdədir. Bir neçə gün öncə qondarma erməni soyqırımı münasibətilə Türklərə ölüm! şüarları ilə mitinq keçirməyə cəhd edən ermənilər soydaşlarımızın sərt təpkisi ilə üzləşdi. 40-dan tartıq soydaşımız həbs edildi, bir neçə nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirildi. Həmişə olduğu kimi, İran rəsmiləri bu dəfə də fərqli mövqe ortaya qoymadılar. Ümumiyyətlə isə, rejimin mövqeyi alovlanmaqda olan tonqal üçün külək rolunu oynamaqdan başqa heç nə ilə fərqlənmir. İranda yaşayan ermənilər bütün hüquqlarından asanlıqla yararlanmalarına baxmayaraq, soydaşlarımız üçün bu, hələ də problem olaraq qalmaqdadır. Sayca qat-qat az olan bir millətin dövlət qayğısı ilə əhatə olunmasını 30 milyonluq bir xalq üçün təhqir hesab edən soydaşlarımız etirazlarını müxtəlif şəkillərdə bildirməkdən çəkinmirlər. Lakin mərkəz məsələyə münasibətini nəinki dəyişmir, əksinə ermənilərə olan münasibəti İranın milli azlıqlara bəslədiyi münasibət kimi beynəlxalq təşkilatlar qarşısında təbliğ etməkdən çəkinmir. Təsadüfi deyil ki, beynəlxalq qurumların İrana gələn nümayəndə heyətlərinin qarşısına bütün hüquqlarının qorunduğu barədə bəyanatlar vermək üçün həmişə sayı 300 mindən də az olan erməniləri çıxarırlar. İran Konstitusiyasının 15-ci maddəsinə görə, ölkədə yaşayan bütün millətlər ana dillərində təhsil almaq hüququna malikdir. Ancaq nədənsə Konstitusiyanın bu maddəsi yalnız ermənilər üçün qüvvədədir, başqa xalqlar üçün bu maddə Konstitusiyanı bəzəyən sözlərdən başqa bir şey deyil. Təbriz, Xoy, Urmiya, İsfahanda yaşayan ermənilərlə yerli əhali arasında din fərqi və tarixi ziddiyyətlər mövcud olduğuna görə, onların bir-birilə qaynayıb qarışmasından söhbət belə gedə bilməz. Məsələn, hələ 30 il bundan əvvələ qədər yağış yağanda ermənilər küçəyə çıxmaqdan çəkinərdilər, onların həyət və damlarının suyu küçəyə tökülə bilməzdi. Onlarla əl vermək, bir süfrə başında oturmaq, erməni qızları ilə evlənmək təsadüf olunmayan hallardandı. Təbrizdə ermənilərin toplum halda yaşadıqları Baronavak məhəlləsi (ermənilər özləri buranı Ermənistan adlandırırlar) dəfələrlə erməni-türk qarşıdurmasına meydan olub. Xüsusən Xocalı soyqırımı zamanı xüsusi təyinatlı polis dəstələrinin günlərlə Baronavakda keşik çəkməsi indi də yaddaşlardan silinməyib. Sovetlər Birliyi dağıldıqdan sonra müstəqil Ermənistan dövlətinin yaranması Təbriz, Urmiya, Xoy və başqa regionlarda yaşayan ermənilərin fəallaşmasına birbaşa təsir göstərdi. Belə ki, qondarma erməni soyqırımı günü kilsələrdə qeyd edilməyə başladı (Bu il daha da qabağa gediblər. Erməni kilsələrini əvvəlcədən təmir etdirərək mərasimlər üçün hazırlayıblar). Ermənistanda yaşayan ermənilərə maddi yardım göstərmək üçün külli miqdarda vəsait toplandı. Xariclə əlaqələrin zəif olduğu bu dönəmdə onlar xaricdə yaşayan soydaşları ilə əlaqənin müxtəlif formalarını axtarıb tapdılar. Ermənilər arasında təşkilatlanma işi gücləndirildi və bu sahədə müəyyən uğurlar qazanıldı. Bu gün Güneydə yaşayan soydaşlarımızın və ümumilikdə İran müsəlmanlarının ermənilərə bəslədikləri münasibət mənfi notlar üzərində köklənməsinə baxmayaraq, bir çox hallarda Ermənistanla iqtisadi və ticarət əlaqələri genişlənir. Bunun səbəblərindən ən mühümü İran hökumətinin dəstəyidir. Rejim Azərbaycanın beynəlxalq aləmdə mövqeyi möhkəmləndikcə Güney Azərbaycan məsələsinin gündəmə gələcəyindən ehtiyatlanır. Odur ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə qarşı olaraq Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən blokadaya alınmış Ermənistana tam iqtisadi dəstək verir, bu ölkəni ağır iqtisadi vəziyyətdən qurtulması üçün böyük çabalar sərf edir. Ermənistanla iqtisadi və ticarət əlaqəsi saxlayan nəinki böyük iş adamlarına, hətta kiçik tacirlərə belə yüksək məbləğdə kredit verilir, tam şərait yaradılır. Tacir və biznesmenlər üçün qonşu Ermənistan respublikası rəqabətsiz və açıq bazardır. Hətta ən keyfiyyətsiz məhsul belə Ermənistanda özünə tez bir zamanda alıcı tapa bilər. Bu fürsəti qaçıran azərbaycanlı tacirlər isə meydanı digər regionlardan gələnlərə buraxmalı olurlar. Bu məsələdən danışarkən Ermənistan dövlətinin dəstəyini də unutmaq olmaz. Ermənistanda Türkiyə və başqa müsəlman ölkələrinin biznesmenləri az olduğuna görə İran tacirləri Azərbaycana nisbətən orada bazara daha asan yol tapmaq imkanına malikdirlər. Ermənistan bunun üçün əlverişli şərait yaradır. Azərbaycanda rəqabətə davam gətirməyən və yaxud iflasa uğrayan tacirlər üçün Ermənistan tayı-bərabəri olmayan sığınacaqdır. Bundan başqa ünsiyyət probleminin yoxluğu da iki ölkə arasında əlaqələrin genişlənməsinə müsbət təsir göstərib. Ermənistanla ticarət edən güneyli tacirlər üçün bu ölkədə ünsiyyət problemi yox dərəcəsindədir. Onların dediyinə görə, İrəvanda böyük əksəriyyət Azərbaycan türkcəsini asanlıqla anlayır. Azərbaycan türkcəsi də güneyli soydaşlarımızın ana dili və bütün İranda isə işlək dil olduğuna görə Ermənistanda ünsiyyət problemi qarşıya çıxmır. Digər bir məsələ. Ermənistanda ali təhsil almaq üçün İrandan getmiş tələbələr həm getdikləri ölkədə, həm də öz ölkələrində dəstəklənir. Ermənistan dövləti İrandan gələcək tələbələrə sərfəli şərtlər təklif edir. İran tərəfi isə öz növbəsində belə tələbələrə maddi yardım göstərməkdən əlavə Azərbaycandan fərqli olaraq onların diplomlarını qeyd-şərtsiz qəbul edir. Bununla da xaricdə təhsil almaq arzusunda olanları Ermənistana doğru istiqamətləndirməyə çalışır. Lakin bununla yanaşı çox az sayda azərbaycanlı təhsil üçün Ermənistanı seçir. Qızlar arasında isə belə seçim yox dərəcəsindədir. Bundan başqa Ermənistan vətəndaşı ilə evlənən hər bir İran vətəndaşı hər iki ölkədə də problemsiz yaşamaq imkanına malikdir. Hətta Ermənistandakı İran səfirliyi bu ölkədə evlənən İran vətəndaşının həyat yoldaşı üçün pulsuz viza belə verir. Bununla belə, İranda, xüsusən də Güney Azərbaycanda ermənilərə bəslənilən münasibət Ermənistana bəslənilən münasibətlə eyni deyil. Ermənilərə tarixi düşmən kimi yanaşan güneylilər üçün Ermənistan sadəcə olaraq coğrafi ərazidir. Güneydə yaşayan soydaşlarımız milli mənliklərini unutmamaq kimi bir xüsusiyyətə malikdirlər ki, onu unutdurmaq nə minilliklər boyu hökm sürməsi ilə öyünən şah rejiminə, nə də inqilabdan sonra hakimiyyətə gəlmiş qüvvələrə müvəffəq olub. Əmir TURQUT |