| Tanrının
sevdiyi bəndə |
| Ömrü boyu Təbriz yanğısını ürəyində gəzdirən Əbülfəz Elçibəyi Güneydə belə adlandırırlar |
Dünyada ölümü ilə ölümsüzlük qazanan şəxsiyyətlər çox olub, ancaq ölümündən sonra da öz ideyası ətrafında milyonları birləşdirənlərlə az-az rastlaşmaq olar. |
Tale heç olmasa bunda Azərbaycan türklərinin üzünə baxıb və 50 milyonluq bir xalqa bir ƏBÜLFƏZ ELÇİBƏY bəxş edib. O Elçibəyi ki, BÜTÖV AZƏRBAYCAN ideyası ilə həm özü ölümsüzlük zirvəsinə yüksəldi, həm də xalqına bu ideya uğrunda vuruşaraq tarix səhifəsində alnımıza yazılmış qara ləkəni təmizləmək imkanı verdi. Bu imkandan nə qədər bacarıqla yararlanmamızdan söhbət açmayacağıq, onsuz da bu barədə danışa-danışa İrəvan, Dərbənd, Təbrizdən sonra Qarabağ ləkəsi ilə onu daha da silinməz etmişik. Amma yenə də ümid edək ki, gün gələcək və biz bu ləkənin ağırlığına tab gətirməyin nə qədər şərəfsiz olduğunu hamılıqla dərk edəcəyik. Bax, o vaxt Əbülfəz Elçibəyin BÜTÖV AZƏRBAYCAN ideyası öz ölümsüzlüyündən bizlərə də bir pay verəcək. Hələlik isə bütövlüyün Güneydən görünən tərəfləriylə sizi tanış etmək istəyirik. Arazın iki tayında da sevilən Elçi Tarix boyu Azərbaycanın döyüşən qolu olan Təbrizdən bir qədər Güneydə yerləşən kiçik bir kənddə-Türkmənçayda sənədləşdirilən ayrılıq dərdi indi Güneylə Quzeyin bütövlüyü yolunda tikanlı çəpərə çevrilib. Ancaq ətrafında birləşəcək bir ideya olduqdan sonra sərhədlərə dönmüş tikanlı məftilləri sökməkdən asan nə var ki?! Necə ki, ötən əsrdə o taylı-bu taylı Azərbaycan türkləri bir-birlərinin ürəyindən keçənləri oxuyurmuş kimi bir gündə Araz sahilinə axışaraq həmrəy olduqlarını bütün dünyaya sübut etdilər. O dünyaya ki, pıçıltıyla söylənən həqiqətləri qulaqardına vurmağa adətkərdə olub və bölünmüş bir xalq olaraq biz öz dərdimizi artıq pıçıltıyla yox, hayqırtıyla anlatmalıyıq. Bəlkə dünyanın kar olmuş qulaqları hayqırtımızdakı böyük həqiqətin heç olmasa kiçik bir hissəsini duymaq cəsarəti göstərsin. 1988-ci ildən Arazın bu tayında başlayan Milli Azadlıq Hərəkatı tez bir zamanda Güneyə də sirayət etdi. Təsadüfi deyil ki, Güneyin istiqlaliyyəti Quzeyin müstəqil və güclü dövlət olmasından keçir deyə düşünənlər soydaşlarının bu imkandan bacarıqla yararlanacığını düşünürdülər. Əslində, fikirlərində yanılmadılar, Azərbaycan Respublikası dövlət müstəqilliyi qazandıqdan sonra Güneydə də milli-azadlıq mübarizəsi yeni mərhələyə qədəm qoydu. Əslində mübarizə həmişə vardı və zaman-zaman açıq müstəviyə keçməsinə baxmayaraq, XIX əsrin əvvəllərində iki ölkənin maraqlarına qurban getmiş Bütöv Azərbaycanı bərpa etmək mümkün olmurdu. Bütövləşmək imkanını xalqımız bir neçə dəfə öz qanıyla yenidən əldə etsə də, sonucda dünya dövlətlərinin toqquşan maraqları hər dəfə bu imkanı əldən buraxılmış fürsət kimi sonradan xatırlamamıza səbəb olub. İlk dəfə 1918-1920-ci illərdə Quzey Azərbaycanda Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə yaradılan Demokratik Respublika, Güneydə isə Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Azadistan yaradılması uğrunda gedən mübarizə ayrılıqdan sonra bütövlük yolunda atılan ilk ciddi addım idi. Həmin dövrdə baş verən hadisələrlə yanaşı Güneydə milli hökumət yaradılması üçün yetərli olmayan qüvvə, Quzeydə isə kommunist işğalına məruz qalan ADR Bütöv Azərbaycan ideyasını gerçəkləşdirmək hədəfinə yetişməməyimizə səbəb oldu. 1945-1946-cı illərdə Güney Azərbaycan Milli Hökumətinin yaranması bütövlüyə aparan addımlardan ən önəmlisi hesab edilə bilər. Güneydə Seyid Cəfər Pişəvərinin başçılığı ilə yaradılan Milli Hökumət Quzeyin sovet hakimiyyəti illərinə təsadüf edir. Arazın hər iki tayının bir dövlətdə birləşməsi fürsətini də əldən buraxdıqdan sonra 80-ci illərin sonuna bütöv bir dövlət olmaq ideyası həm Güneydə, həm də Quzeydə ancaq məxfi toplantılarda və gizli şəkildə müzakirəyə çıxarıldı. 1988-ci ildən sonra isə Quzey Azərbaycanda başlayan milli-azadlıq hərəkatı bu ideyanın yenidən, bu dəfə açıq şəkildə gündəmə gəlməsini şərtləndirdi. Əlbəttə, burada şəxsiyyət fenomeni də az rol oynamadı. Bütöv Azərbaycan vətəndaşı olmağı özünün ən böyük arzusu hesab edən Əbülfəz Elçibəy bu tayda olduğu kimi, o tayda da eyni məhəbbətlə qarşılandı. Bəy içindəki Təbriz yanğısını söndürmək üçün göstərdiyi cəhdlərin heç birindən razı qalmırdı. O, Təbrizi ürəyində daşıyırdı Kiçik bir haşiyə çıxmaq istəyirəm. 1996-cı ildə Əbülfəz bəylə toplantıların birində görüşdük. Məni ona təqdim edən yoldaşımla söhbətə başlayan Bəyin sözünü birdən-birə yarımçıq kəsərək Təbrizdən gəlmisiz? deməsiylə məni qucaqlaması bir oldu. Həm də bu elə anidən oldu ki, baş verəni nə yoldaşım, nə də mən anladıq. Təbrizə getmək mənim ən böyük arzumdur. Ancaq istəmirəm ki, mən gedib orda çıxış edim, fars də gəlib desin ki, danışma deyərkən səsindəki hüzn və qəzəb dolu titrəyişi bu günə qədər unuda bilmirəm. Ötən əsrdə Bütöv Azərbaycan ideyasının siyasi müstəviyə çıxarılmasının təşəbbüskarı kimi çıxış edən Əbülfəz Elçibəy ideyası qısa müddətdə Güneydə özünə çoxlu sayda tərəfdar topladı. Milli-azadlıq hərəkatının geniş vüsət alması və sərhədlərin sökülməsindən sonra Güney-Quzey əlaqələri yaranmağa başladı. Hər gün Təbriz, Culfa, Ərdəbil, Meşkin, Biləsuvarda gizli yollarla sərhəddi keçib Quzeyə üz tutanlar az deyildi. Bütöv Azərbaycan ideyasının gerçəkliyə uyğunluğundan asılı olub-olmamasına rəğmən güneyli soydaşlarımız burdan özləri ilə bərabər bir şəxsiyyət də aparırdılar-Əbülfəz Elçibəyi. Elə həmin dövrdən başlayaraq Güneydə Bəylə tanışlığın ilk təməli qoyuldu. Onun məqalələri, çıxışları əldən-ələ gəzdi. Kiril əlifbasında köhnə maşinkada yığılan bu çıxışların üzünü ərəb əlifbasında köçürmək nə qədər çətin idisə, onları xalq arasında yaymaq daha çətin idi. Kiril əlifbasını bilənlərin sayının azlığı, bilənlərin də əksəriyyətinə etibar edilməməsi Elçibəy ideyalarının yayılmasının qarşısını ala bilmədi. Həmin vərəqələr gec də olsa, milli düşüncəyə malik olan hər bir güneylinin əlinə çatırdı və onlar BÜTÖV AZƏRBAYCANI öz möhtəşəmliyi ilə dərk etmək imkanı qazanırdılar. Həmin günlər Təbrizdə baş verənləri hazırda Avropada yaşayan soydaşlarımızdan biri-Mehdi Əlizadə belə xatırlayır: Dostlardan biri 1989-cu ilin sonlarında Culfaya getmişdi. Doğrudur, onu sonradan şəhərdə tutub İran tərəfinə təhvil vermək istəsələr də, nədənsə bunu etməmişdilər. Təbrizə qayıdanda özüylə bir neçə yazı da gətirmişdi. Ermənilərin əməllərindən az-çox xəbərimiz vardı. Bizə deyəndə ki, Əbülfəz bəyin mitinqlərdəki çıxışlarıdır, əvvəlcə inanmadıq. Sonradan onların üzünü köçürmək üçün adam tapmaq müşkülə çevrildi. Təbrizin Gülüstan bağında Pişəvəri hərəkatının iştirakçılarından biri, bir müddət Bakıda yaşamış bir qoca vardı. Çoxları onu dəli hesab edirdi, odur ki, artıq onunla işləri yoxuydu. Onu məsləhət gördülər, kağızları ona verib, üzünü köçürməyi xahiş etdik. Bir neçə min tümənə razılaşdıq. Dedi ki, elə burda, bağda oxuyum, siz yazın. Elə birinci cümləsini oxumuşdu ki, ətrafına baxıb burda olmaz, axşam evə gələrsiz deyib uzaqlaşdı. Ev adlandırdığı yerdə ən azından 10-12 nəfər yaşayırdı. Kağızları oxuyub kimin yazdığıyla maraqlandı. Elçibəydən ona da danışdıq, Allaha şükür etməyə başladı. Yazıq qoca elə sevinirdi ki, elə bil 45-ci il geri qayıtmışdı. Nə qədər israr etsək də, razılaşdığımızın əksinə olaraq, bizdən bir tümən də almadı. Elçibəy məhəbbəti ürəklərdən silinməz Elçibəyin hakimiyyətə gəldiyi dövr isə İran rejiminin ən çox narahatlıq keçirdiyi dövr kimi xarakterizə oluna bilər. Bir illik hakimiyyəti dönəmində Azərbaycanla İran arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün yaradılan komissiya da qarşı tərəfin narahatlığına son qoymadı. İranla imzalanan 650-dən artıq sənəd də siyasi əlaqələrdəki gərginliyi azaltmadı. İran mətbuatında Elçibəy əleyhinə yazılan sifarişli yazıların ardı-arası kəsilmirdi. Rejimin təbliğatını puça çıxarmaq məqsədilə Təbrizdə Elçibəyi tanıtım qrupu yaradıldı. Azərbaycan-İran münasibətlərindəki gərginliyin ancaq Güney Azərbaycan məsələsinin həllindən sonra aradan qalxacağını vurğulayan Əbülfəz Elçibəy hakimiyyətdə olan qüvvənin kimliyinin bu məsələdə önəmli rol oynamayacağını bildirirdi. Elçibəyi tanıtım qrupu fars təbliğatının qarşısını almaq üçün Bəyi Güneydə tanıtmaq məqsədini qarşıya qoymuşdu. Bəlkə də əvvəllər bu işin onlara nəyin bahasına başa gələcəyini düşünmürdülər, lakin fəaliyyətlərinin ilk günlərində çətinlikləri dadmalı oldular. 12 nəfərdən ibarət olan qrup Təbriz, Urmiya, Ərdəbil və başqa Güney şəhərlərində olduğu kimi, nə qədər təəccüblü olsa da, Tehranda da iş görmək arzusunda idi. Həm də təkcə arzuyla kifayətlənməyib, əməldə də bunu həyata keçirirdi. Onlardan biri, hazırda Təbrizdə yaşayan Vətənyarın dediyinə görə, ETTELAAT vəziyyətdən vaxtında duyuq düşmüşdü: Əslində, ETTELAAT heç vaxt gecikmir. O vaxtlar isə indikindən fərqli olaraq, daha səbirsiz idi. İndi gözləməyi bacarır, daha doğrusu, buna adət edib. İndi milli-azadlıq hərəkatı nisbətən açıq müstəviyə keçib, 1990-cı illərdə isə hər şey gizli idi. Elçibəyin bütöv Azərbaycan ideyası əslində, çoxlarının düşündüyünü ifadə edirdi. Elçibəy fenomeni Güneydə təsiredici qüvvəyə malik idi. Hərəkata cəlb edilənlərin böyük əksəriyyəti məhz onun çıxışlarını oxuduqdan sonra Güneyin azadlığı uğrunda mübarizəyə qoşulmuşdular. Elçibəyin prezident olduğu vaxtlar İran onun hər çıxışını diqqətlə izləyirdi, elə bil sətiraltı mənanı qaçıracaqlarından qorxurdular. Ona qarşı nə ittihamlar irəli sürmədilər ki? İranı parçalamaqdan tutmuş gənclərin islam ruhunda tərbiyəsinə ziyan vurmasına qədər hər cür fikirlər səsləndirirdilər, həm də dövlət rəsmiləri səviyyəsində. Vətənyarın dediyinə görə, bunun qarşısını almaq üçün Elçibəyin islam dininə olan münasibəti ilə soydaşlarımızı tanış etmək qərarına gəliblər. Min bir əziyyətlə Bakıdan gətirdikləri yazıları, və Bu mənim həyatımdır kitabının üzünü köçürüb dərnəklərdə, təşkilatların toplantılarında yaymağa başlayıblar. Ancaq bu fəaliyyət də uzun sürməyib. Elçibəyi tanıtım qrupunun bir neçə üzvü siyasi fəaliyyətinə görə həbs edilib, pantürkist adıyla həbsxanaya salınıb. Ancaq heç bir şey Elçibəy məhəbbətini ürəklərdən silməyə qadir olmayıb... ƏMİR TURQUT Məqalə Milli Dirçəliş Hərəkatının 28 May Respublika günü və 24 iyun Əbülfəz Elçibəyin doğum günü şərəfinə Bütöv Azərbaycan hədəfi və türk dünyasının birliyi milli dirçəlişdən keçir mövzusunda keçirilən müsabiqəyə təqdim olunur |