| Qarabağ
şikəstəsi, 24 aprel və Tehranın
dəyənəkli polisləri |
| Oyan, zalım oğlu, nə yatmısan?! |
![]() Ermənilərin qondarma soyqırımını Tehranda qeyd etmək cəhdi zamanı yaranmış insidentdən sonra İran hüquq-mühafizə orqanlarının davranışları haqda Azərbaycan KİV-i geniş məlumatlar verib. Hökumət soydaşlarımızı həbs edir, onları sıxışdıraraq siyasi fəallığını azaltmağa çalışır. İranda soydaşlarımız ermənilərin türk bayrağını yandırmasına və Türkiyə səfirliyi qarşısında etiraz tədbiri keçirməsinə imkan verməmişdilər. |
Əvvəlcədən soyuq silahla silahlanmış ermənilər soydaşlarımıza bədən xəsarətləri yetiriblər. Bunu müşahidə edən polis ancaq sonradan yenə bizimkiləri dəyənəkləyib və həbs edib. Artıq məlumdur ki, İran rəsmi orqanları soydaşlarımızın tədbirlərinə ya icazə vermir, ya da mühasirəyə alaraq cəza tədbirləri həyata keçirirlər. Elə tədbirlər olmur ki, orada həbslər, toqquşmalar olmasın. Buna rəğmən ermənilər üçün ayrıca imkan yaradılır. Fars rejiminin bu davranışları əslində qlobal miqyasda yeritdiyi siyasətin görüntüləridir. Yəni onu təkcə İranın daxilində erməni-türk ayrı-seçkiliyi ilə bağlamaq bütün mənzərəni əks etdirmir. Bu hərəkətlər İranın bir ölkə olaraq Azərbaycana, Türkiyəyə və Ermənistana qarşı həyata keçirdiyi siyasətin epizodlarıdır. Ona görə də Tehranda indi və əvvəllər digər yerlərdə baş verən toqquşmalara həmin regional siyasətin prizmasından baxmaq lazımdır. Nələr var o siyasətdə? Bir müqayisə aparaq. İran işğal olunmuş ərazilərimizdə Ermənistanla birgə elektrik stansiyaları tikməyə hazırlaşır. Onu xatırlayaq ki, hələ H.Əliyev İran tərəfə Xudafərində su anbarı yaratmaq istəyi ilə bağlı kəskin etirazını bildirmişdi. O, rəsmi Tehrana anlatmağa çalışmışdı ki, işğal altında olan torpaqlarda işğalçı ilə əl-ələ verib, nəsə iş görmək elə işğalçılıqdır. Yəni rəsmi Tehran bilmir ki, ora Azərbaycan torpağıdır və nə iş görmək lazım gəlsə, bizdən icazə (!) almalıdır? Bilir. Ancaq o, Ermənistanla bir yerdə olmağı özünə rəva görür. Ona görə ki, sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, onu parçalayanların önündə gedir. İndi işğal olunmuş ərazilərdə elektrik stansiyası tikmək ideyası elə-belə gündəmə gəlməyib. İran görür ki, Azərbaycan Ermənistanı sıxışdırır, beynəlxalq aləm də yavaş-yavaş təcavüzkara dəstək verməyin mənasızlığını anlayır. Ermənistan təkcə Qafqazda yox, geosiyasi meydanda təklənməkdədir. Və bu anda rəsmi Tehran Ermənistana dəstək anlamına gələn bir jest edir. İnformasiya verilir ki, İran Ermənistanla birgə Azərbaycanın işğal olunmuş ərazilərində elektrik stansiyası tikəcək. Bu hadisə təkcə 24 aprellə bağlı deyil, hansısa tədbirə icazə verilib-verilməməsi ilə əlaqəli deyil. Bu, İranın dövlət olaraq indi yeritdiyi siyasətin mahiyyətindən doğan əlamətdir! İran bununla Türkiyə və Azərbaycana qarşı hansı geosiyasi pozanı alır? Türkiyə bir neçə dəfə İrana qarşı jestlər edib. O, qonşu dövlət kimi İranla xoş münasibətlər qurmağı, terrorla mübarizədə bir yerdə fəaliyyət göstərməyi təklif edib. Türkiyə üçün bu, asan seçim deyil-onun ABŞ və Avropa ilə sıx münasibətləri var. Lakin İran görünür, bu addımı kifayət qədər dəyərləndirə bilmir və ya dəyərləndirmək istəmir. O, Türkiyəyə qarşı əvvəlki hiyləgər mövqeyində qalmaqdadır. Erməni soyqırımı kimi məsələdə rəsmi Tehran xristiandan çox xristianlıq edirsə, bunun başqa anlamı yoxdur. Təbii ki, biz bunu İranda yaşayan xalqlara aid etmirik, söhbət rəsmi siyasətdən gedir. Azərbaycana qarşı siyasətə gəldikdə isə... Burada da əvvəlki durumdan fərqli bir mənzərə yoxdur. Qarabağ şikəstəsi oxumağı Azərbaycan türkünə qadağan edən rejim olmayan bir hadisəni olan kimi göstərməkdə ermənilərə dəstək verir. Azərbaycan türkünə öz doğma torpağı haqda mahnı oxumağı belə yasaq edir fars rejimi! Bilirsiniz, niyə? Ona görə ki, Güneydəkilərdə Qarabağın da onların ana yurdu olması təsəvvürünün formalaşmasını, bu torpağın təəssübünü çəkməyin yetişməsini istəmir. Onda Azərbaycan bütöv təsəvvür olunur, millət indisini keçmişini dərk etməklə dəyərləndirir, haradan gəlib niyə bu günə düşdüyünü anlayır! Budur, rəsmi Tehranın canına vəlvələ salan! Onun məqsədinə görə, Güneydəki türkün düşüncəsi iranlı anlayışından o tərəfə keçməməlidir. Yəni o, iranlı olaraq erməniyə dost ola bilər, onunla iş görər, yanaşı durub erməni soyqırımını qeyd edə bilər, Dağlıq Qarabağın daşını, şiferini talan edə bilər, narkotik maddələri Quzeyə (yəni indi yaşadığımız yerə) gətirib türk gənclərin mənəviyyatını xarab edə bilər, ancaq Qarabağ şikəstəsini oxuya bilməz, Qarabağ da mənim torpağımdır düşüncəsinə dala bilməz. Tarixlərdən gələn düşmənçiliyin mahiyyəti budur! Ona görə Pişəvari, Səttarxan, Şəhriyar o taleni yaşadılar, ona görə Elçibəy Təbrizə ayaq yalın getməyi niyyət etmişdi, ona görə Çöhrəqanlı indi dünyanı dolaşmaq zorunda qalıb. Tehranda İranın rejiminin aprelin 24-də soydaşlarımıza qarşı etdiyinin vallah-billah bir mənası var: oyan, zalım oğlu, nə yatmısan! Orxan Güneyli |