DÜNYA AZƏRBAYCANLILARI VAHİD BİR TƏŞKİLATDA BİRLƏŞƏCƏKLƏR
[27.04.2004 10:36]

Avropa Azərbaycanlıları Konqresinin yaradılması bu məqsədə xidmət edir.
Dünya Azərbaycanlılarının vahid bir ideya ətrafında birləşdirilməsi məsələsi bu gün də vacib vəzifə olaraq qalmaqdadır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və konkret prinsipləri müəyyənləşdirilmiş bu böyük ideyanın həyata keçirilməsi prosesi uzun vaxt və gərgin əmək tələb edir. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə mühüm işlər görür. Bu il aprel ayının 17-də Almaniyanın Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin təsis edilməsi müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizin təşkilatlanması istiqamətində əhəmiyyətli hadisə oldu. Bəs bu yeni təşkilat diaspor quruculuğunda hansı rol oynaya bilər, onun fəaliyyəti nədən ibarətdir, gələcəkdə bu tip yeni qurumların yaradılması nəzərdə tutulurmu? Bu və digər suallarımıza Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İBRAHİMOV cavab verir.
- Nazim müəllim, Avopa Azərbaycanlıları Konqresinin yaradılması ideyası necə və nə vaxt meydana çıxdı?
- Bildiyiniz kimi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi yaradıldığı vaxtdan bu günə qədər dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin təşkilatlanması, onların fəaliyyətinin müstəqil Azərbaycan dövlətinin milli maraqları kontekstində koordinasiya olunması istiqamətində mühüm işlər görmüşdür. Bizim əsas məqsədimiz və fəaliyyətimizin başlıca qayəsi ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının fundamental prinsiplərini həyata keçirməkdən ibarətdir. Hesab edirəm ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə gördüyü işlər hər şeydən əvvəl Azərbaycan xalqının tarixi mənafelərinin reallaşdırılmasına xidmət edir.
Ötən dövr ərzində həmvətənlərimizin təşkilatlanması istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsinə nail olmuşuq. 2003-cü ildə belə tədbirlərdən biri Almaniya Federativ Rspublikasının Maynts şəhərində keçirilən Dünya azərbaycanlıları diaspor təşkilatları rəhbərlərinin I forumu oldu. Həmin forum zamanı bir çox mühüm qərarlar qəbul edildi ki, onlardan da biri MDB regionunda yerləşən həmvətənlərimizin ölkəmizlə əlaqələrinin daha da möhkəmləndirilməsinə, onların arasında mənəvi, siyasi birliyin və ideya həmrəyliyinin yaradılmasına xidmət edən, soydaşlarımızın mədəni, sosial və vətəndaş hüquqlarının müdafiəsi, milli-mənəvi dəyərlərimizin qorunması vəzifəsini öz üzərinə götürmüş "MDB Ölkələri Azərbaycan İctimai Birliklərinin Əlaqələndirmə Şurası"nın yaradılması oldu. Bu tədbir zamanı Avropa azərbaycanlılarının vahid bir təşkilatda birləşdirilməsi ideyası meydana çıxdı. Belə bir təklifin səsləndirilməsinə səbəb Avropadakı Azərbaycan icmalarının pərakəndə halda fəaliyyət göstərməsi idi. Bu tədbirdən sonra da komitənin ünvanına eyni məzmunlu təkliflər daxil oldu və nəhayət, biz bu ideyanın reallaşdırılmasının zəruriliyini nəzərə alaraq Avropa Azərbaycanlıları Konqresinin təsis konfransını keçirdik.
- Avropa Azərbaycanlıları Konqresinin əsas məqsədi nədən ibarətdir və sizcə, bu qurum qarşısına qoyduğu vəzifələrin öhdəsindən gələ biləcəkmi?
- Bu gün dünyada qloballaşma adlı mürəkkəb bir tarixi proses başlamışdır. Bu Avropada özünü daha qabarıq şəkildə göstərməkdədir. Avropanın birləşməsi ideyasının meydana çıxması və bu istiqamətdə atılan addımlar yeni ictimai-siyasi situasiya yaradır və təbii ki, Azərbaycan diaspor təşkilatları bu situasiyaya uyğunlaşmalıdırlar. Yəni həmvətənlərimizin təşkilatlanması prosesi daha geniş vüsət almalıdır ki, biz sözügedən qitədə yaşayan azərbaycanlıların qloballaşma prosesindən kənarda qalmasına imkan verməyək. Avropa Birliyinin genişlənməsi soydaşlarımızın bir təşkilatda birləşməsi məsələsini tarixi zərurətə çevirmişdir.
Digər tərəfdən bir mühüm məqamı da nəzərə almalıyıq ki, indi ermənilərin ən böyük diaspor təşkilatları məhz Avropada fəaliyyət göstərir və onlar hətta bu ölkələrdə siyasəti proseslərə təsir etmək imkanına malikdirlər. Deməli, Azərbaycan da öz gücünü ortaya qoymalıdır və bunun yeganə yolu Avropa azərbaycanlılarının ideya-siyasi birliyinin yaradılmasından ibarətdir. Hesab edirəm ki, AAK üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəkdir. Bu işdə Azərbaycan dövləti, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi əlindən gələn köməyi əsirgəməyəcəkdir. AAK tam müstəqil bir qurum, qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərəcək və hər hansı kənar müdaxilələrə yol verilməyəcək. Eyni zamanda Konqresin üzvü olan təşkilatların da fəaliyyəti bu qurum tərəfindən məhdudlaşdırılmayacaq və onlar da sərbəst şəkildə fəaliyyət göstərəcəklər. Biz sadəcə olaraq Konqresin fəaliyyətinin daha səmərəli təşkilində zəruri ehtiyac yarananda köməyimizi edəcəyik. AAK Avropadakı Azərbaycan dərnəklərinin, icmalarının, federasiyalarının və bir çox başqa diaspor təşkilatlarının fəaliyytinin koordinasiya olunmasına nəzarət edəcəkdir. Dövlət Komitəsinin isə əsas vəzifəsi bundan ibarətdir ki, Konqresin işinin gücləndirilməsinə, onun strukturlarının formalaşdırılmasına öz dəstəyini əsirgəməsin. AAK mütəmadi şəkildə Azərbaycanda gedən proseslər barədə ətraflı məlumatlandırılacaq, zəruri məsləhətlər alacaqdır. Fikrimcə, bu AAK-ın qarşısına qoyduğu vəzifələrin icrasına əlavə stimul yaradacaqdır.
AAK-ın nizamnaməsində də qeyd edilir ki, təşkilatın başlıca məqsədi Avropa ölkələri ərazisində Azərbaycan diasporunun formalaşdırılmasına xidmət etməkdir. Bu regionda azərbaycanlıların milli-mədəni xüsusiyyətlərini qorumaq, sosial və siyasi-hüquqi maraqlarını təmin etmək Konqresin əsas vəzifələrindən biri kimi təsbit edilmişdir. Bunları həyata keçirmək üçün AAK dövrü mətbuatda, elektron kütləvi informasiya vasitələrində fəal təbliğat işi aparacaqdır. AAK-ın fəaliyyət sahələrindən biri də Azərbaycan, Qafqaz və Xəzər bölgələri ilə əlaqəli elmi-tədqiqat işlərini dəstəkləmək, fondlar, tədqiqat institutları, kitabxanalar və arxivlər təsis etməkdən ibarətdir. Xüsusi tapşırıqların icrasını təmin etmək məqsədilə AAK mətbuat bölməsi və komitələr yaratmaq səlahiyyətinə də malikdir. Konqres müxtəlif mövzulara aid konfranslar, diskussiyalar, mətbuat üçün brifinqlər, kurslar, seminarlar, məruzələr, sərgilər, musiqili tədbirlər, təhsillə əlaqəli səfərlər təşkil edə bilər. Təşkilat Azərbaycan Respublikasi ilə yaxşı münasibətlərə malik, Avropada, MDB-də və digər regionlardakı ölkələrdə fəaliyyət göstərən qurumlarla sıx dostluq və əməkdaşlıq münasibətləri saxlayacaqdır.
- AAK-ın təsis konfransında hansı qərarlar qəbul edildi və təşkilatın fəaliyyətinin konkret prinsipləri necə müəyyənləşdirildi?
- İlk növbədə onu qeyd edim ki, AAK-ın təsis konfransı oduqca yüksək səviyyədə keçdi. Almaniyanın Berlin şəhərində keçirilən bu tədbirə dünyanın 28 ölkəsindən 50-dən çox diaspor təşkilatı və 264 nümayəndə qatılmışdı. Konfransda Rusiya Federasiyası, Ukrayna, Belarus, Moldova, İsveç, İsveçrə, Norveç, Danimarka, Fransa, Hollandiya, Avstriya, Bolqarıstan, Rumıniya, Macarıstan, Belçika, Finlandiya və Almaniyadakı Azərbaycan icmalarının və diaspor təşkilatlarının nümayəndələri, Türkiyədə fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin rəhbərləri, Türkiyə Böyük Millət Məclisinin üzvləri, eyni zamanda Azərbaycan Respublikasının nümayəndələri - prezident adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Almaniyadakı səfirimiz Hüseynağa Sadıqov iştirak edirdilər.
Konfransın birinci bölümündə Azərbaycan prezidentinin iştirakçılara təbrik məktubu oxundu və bundan sonra müxtəlif mövzularla bağlı məruzələr dinlənildi. "Azərbaycan Avropa məkanında - Avropa dövlətləri: demokratiya, dünyəvilik, qanunun aliliyi vətəndaş cəmiyyətinin normalarına çevrilir", "Azərbaycan-Almaniya münasibətləri müasir mərhələdə", "Azərbaycan iqtisadiyyatında yeniləşmə və dinamika", "Bakı-Tbilisi-Ceyhan Xəzər regionu və Aralıq dənizi ölkələri arasında körpüdür", "Azərbaycanda turizm potensialının imkanları" mövzularında məruzələr ölkəmiz haqqında iştirakçılara ətraflı məlumat verilməsi məqsədi daşıyırdı. Bundan sonra ikinci bölümdə "Azərbaycan diaspor quruculuğunun çağdaş durumu və inkişaf perspektivləri" mövzusunda geniş müzakirələr aparıldı. Qeyd edim ki, müzakirələr olduqca səmərəli keçdi və Azərbaycan diaspor quruculuğunun sürətləndirilməsini şərtləndirən amillər, bu ideyanın həyata keçirilməsində qarşıya çıxan çətinliklər və maneələr, gələcəkdə görüləcək işlər, dünya azərbaycanlılarının vahid bir ideya ətrafında birləşdirilməsinin əsas prinsipləri barədə ciddi fikir mübadiləsi aparıldı.
Bu müzakirələrdən sonra AAK-ın nizamnaməsi qəbul edildi və qurumun rəhbər orqanları seçildi. Türkiyə-Almaniya İş Adamları Birliyinin prezidenti Bahəddin Qaya AAK-ın prezidenti, Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Natiq Ağamirov və Ukrayna Azərbaycanlıları Konqresinin sədri Oqtay Əfəndiyev birinci vitse-prezident vəzifələrinə seçildilər. Bundan sonra 50-dən artıq icma və birliklərin iştirakı ilə rəsmi razılıq protokolu imzalandı və AAK-ın təsis konfransının qətnaməsi, eyni zamanda konfrans iştirakçılarının Azərbaycan prezidenti cənab İlham Əliyevə müraciəti qəbul olundu. Bu sənədlərdə bir daha AAK-ın yaranmasının zəruriliyini ifadə edən amillər, təşkilatın öz qarşısına qoyduğu məqsəd və vəzifələr, azərbaycanlıların vahid bir təşkilatda birləşdirilməsi istiqamətində görəcəyi işlər barədə ətraflı məlumat verilir. Eyni zamanda təsis konfransının iştirakçıları bir daha bəyan etdilər ki, onlar müasir Azərbaycan dövlətinin Heydər Əliyev ideyaları əsasında qurulmuş siyasətini və respublikamızın prezidentini dəstəkləyir, milli maraqlarımızın reallaşdırılması istiqamətində dövlət başçısının həyata keçirdiyi tədbirlərin uğurlu nəticələr verməsində əllərindən gələni etməyə hazır olduqlarını bildirirlər.
- AAK-ın strukturu barədə məlumat verə bilərsinizmi?
- AAK-ın ali orqanı Qurultaydır. Qurultay hər iki ildən bir çağırılacaq və əsasən təşkilati məsələlərin həlli ilə məşğul olacaqdır. Qurultay prezident və vitse-prezidentləri seçir, eyni zamanda ali qərarverici orqan olan Mərkəzi Şuranın tərkibini müəyyənləşdirir. İcraiyyə Komitəsi isə icraedici funksiyanı həyata keçirəcəkdir. Bundan başqa, məşvərət funksiyasını yerinə yetirən Məşvərət Şurası da AAK-ın əsas idarəetmə orqanlarından biri kimi nəzərdə tutulub. Bütün bunlar nizamnamə ilə tənzimlənir və təşkilatın fəaliyyətinin səmərəli təşkilini təmin etmək, onun idarə olunmasını sadə mexanizmlər əsasında həyata keçirmək məqsədi daşıyır. Bu strukturların hər birinin səlahiyyətləri nizamnamədə dəqiq şəkildə müəyyənləşdirilmişdir. Hesab edirəm ki, AAK-ın fəaliyyəti Azərbaycan diasporunun təşkilatlanması işinin uğurla həyata keçirilməsinə stimul yaradacaqdır. Bu təşkilat Avropa ölkələri ərazisində rəsmi qeydiyyatdan keçmiş cəmiyyətlərin fəaliyyətini koordinasiya edən bir qurum kimi təsis olunub və təbii ki, onun idaretmə strukturları da məhz Avropada indi çox aparıcı mövqe tutan demokratik prinsiplərə uyğun şəkildə formalaşdırılmalı idi. AAK-ın nizamnaməsi də məhz bu prinsiplər əsasında hazırlanıb. Ona görə də tam əmin olmağa əsasımız var ki, gələcəkdə AAK-ın idarə edilməsində heç bir problem meydana çıxmayacaq.
- İndiyə qədər belə bir fikir formalaşmışdı ki, ermənilər və ümumiyyətlə, digər xalqların başqa ölkələrdə yaşayan nümayəndələri diaspor işinə, təşkilatlanmaya, öz ölkələrinə dəstək verməyə daha çox meyl göstərirlər, nəinki azərbaycanlılar. Necə hesab edirsiniz, Avropada və digər regionlarda diasporumuzun yaradılması işinə münasibətdə həmvətənlərimiz lazımı səviyyədə fəallıq nümayiş etdirə bilirlərmi və bu mənada AAK-ın təsis konfransı sizdə hansı təəssürat yaratdı?
- Azərbaycanlıların təşkilatlanma məsələsində passivlik nümayiş etdirməsi artıq tarixə çevrilməkdə olan bir tendensiyadır. Son illərdə Azərbaycan dövlətinin apardığı məqsədyönlü və ardıcıl siyasət bu sahədə nəzərəçarpacaq dəyişikliklərə səbəb olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin böyük fədakarlıqlar bahasına qurduyu Azərbaycan dövləti bütün dünya azərbaycanlılarının tarixi və siyasi istinadgahına, dayaq nöqtəsinə çevrilmişdir. Bunu görməmək, sadəcə, mümkün deyildir və etiraf etmək lazımdır ki, əgər Azərbaycan dövlətinin varlığını qoruyub saxlamaq mümkün olmasaydı, onda Azərbaycan xalqının və deməli, həm də onun dünyanın müxtəlif nöqtələrinə səpələnmiş nümayəndələrinin taleyi şübhə altında qala bilərdi. Ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən biri də bundan ibarətdir ki, o, dünya azərbaycanlılarının vahid bir etnik-siyasi toplum kimi tanınmasını təmin edən ideologiya yarada bilmişdir. Bu ideologiyanın adı Azərbaycançılıqdır. Nə qədər çətin və ağrılı mərhələlərdən keçsə də, Heydər Əliyevin yaratdığı bu ideologiya tarixin sınaqlarından uğurla çıxa bilmişdir və onun müəllifinin kifayət qədər müdrik şəxsiyyət olduğunu təsdiqləyən əsas faktlardan biri də elə bundan ibarətdir.
Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi və diasporumuzun faliyyətini tənzimləyən müvafiq dövlət orqanının yaradılması həmvətənlərimizin təşkilatlanması prosesində əhəmiyyətli dönüşə gətirib çıxaran addımlar idi. Ümümmilli liderimiz Heydər Əliyev bu tarixi qərarlara imza atmaqla Azərbaycan diasporunun daha mütəşşəkkil şəkildə və dinamik fəaliyyətinə əsas yaratmış oldu. Vacib məqamlardan biri də bundan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi bu tədbirlərin hər biri xaricdə yaşayan soydaşlarımızın milli maraqlarımızın gerçəkləşdirilməsində yaxından iştirakına təminat yaratmışdır.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dünya azərbaycanlılarının təşkilatlanması və diaspor quruculuğu sahəsində gördüyü işlər həmvətənlərimizin mənəvi-ideolji birliyinin yaradılmasına ciddi təkan vermişdir. Komitə hər bir ölkədə fəaliyyət göstərən Azərbaycan icmaları və cəmiyyətləri ilə mütəmadi görüşlər keçirir, onlarla söhbətlər aparır və soydaşlarımızı müstəqil dövlətimizin inkişafı naminə dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların qüvvəsinin səfərbər edilməsinin vacibliyinə inandırmağa çalışır. Mən yuxarıda da qeyd etdim ki, AAK-ın yaranması ideyası da xaricdə yaşayan soydaşlarımız tərəfindən irəli sürülmüşdü. Yəni bu faktın özü də göstərir ki, həmvətənlərimiz vahid bir ideya ətrafında təşkilatlanmağa böyük maraq göstərirlər. Əvvəllər bu meyl ona görə mövcud deyildi ki, onlar dövlətin dəstəyini və marağını hiss etmirdilər. Amma bu gün belə bir dəstək var və eyni zamanda müstəqil Azərbaycan dövlətinin qazandığı nailiyyətlər, onun getdikcə möhkəmlənməsi, qarşıda duran vəzifələr, xalqımızın müəyyən problemləri onların təşkilatlanmaya olan marağını artırır. Başqa cür desəm, əslində, xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanmağa marağı həmişə olmuşdur, sadəcə olaraq, bunu stimullaşdırmaq lazım idi. Azərbaycan dövləti də bu sahədə əlindən gələni edir və edəcəkdir.
- Azərbaycan diasporunun təşkilatlanması məsələsi ermənilər tərəfindən ciddi narahatlıqla qarşılanır və bəzi məlumatlara görə, artıq onlar da fəallaşıblar.
- Bəli, belə məlumatlar var. Bu yaxınlarda ermənilər Moskvada Ümummilli Erməni İttifaqı adlı təşkilat təsis ediblər. Qısa vaxt ərzində bu təşkilat külli miqdarda maliyyə vəsaiti toplayıb. Konkret rəqəmi deyə bilmərəm, amma bəzi məlumatlara görə, 100 milyon dollar vəsait toplaya biliblər. Onu da qeyd edim ki, gələcəkdə Ermənistana edilən yardımlar bu təşkilat tərəfindən yönləndiriləcəkdir. Yəni bu faktın özü də göstərir ki, ermənilər azərbaycanlıların təşkilatlanmasından ciddi şəkildə narahatlıq keçirirlər və adekvat tədbirlər görməyə başlayıblar. Bizim əsas məqsədlərimizdən biri də ermənilərin Azərbaycana qarşı təbliğatının qarşısını almaqdan ibarətdir. Hesab edirəm ki, biz buna nail ola biləcəyik və artıq bu istiqamətdə bəzi uğurlar qazana bilmişik.
Hazırda dünyanın 63 ölkəsində 200-dən artıq Azərbaycan icma və birlikləri fəaliyyət göstərir. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin diaspor ilə apardığı məqsədyönlü işlərin nəticəsində bu gün dünyanın bir çox regionlarında Azərbaycan icmaları yaradılmış və onlar arasında əlaqələr qurulmuşdur. Təkcə 2003-cü il ərzində Belarusda Azərbaycan İcmaları Konqresi, Moldova Azərbaycanlıları Konqresi, Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzlər Assosiasiyası, Norveçdə Azərbaycan-Norveç Assosiasiyası, Hollandiyada Azərbaycan-Hollandiya Cəmiyyəti, Frankfurtda Azərbaycanın Dostları Cəmiyyəti və digər qurumlar yaradılmışdır. Bu proses indinin özündə də davam edir və elə AAK-ın yaradılması da həmin prosesin tərkib hissəsidir. Bununla yanaşı, biz ölkəmizə münasibəti müsbət olan bir çox digər xalqların diaspor təşkilatları ilə əlaqələr qura bilmişik. Xarici ölkələrdə Azərbaycan həqiqətlərinin yayılması, tariximiz və xalqımız haqqında, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dünya ictimaiyyətində obyektiv təsəvvürlərin formalaşdırılması sahəsində də çox əhəmiyyətli addımlar atmışıq. Bu işdə məhz xaricdə yaşayan həmvətənlərimizin gücündən səmərəli şəkildə istifadə etməyi qarşımıza məqsəd qoymuşuq və hesab edirəm ki, nailiyyətlərimiz var.
- Bəzi mətbuat orqanları AAK-ın yaradılmasını Dünya Azərbaycanlıları Konqresini parçalamaq cəhdi kimi qələmə verirlər. Bu məsələyə münasibətinizi bilmək maraqlı olardı.
- Mən ilk növbədə onu qeyd etmək istəyirəm ki, Avropa Azərbaycanlıları Konqresinin yaranması ideyası bu cür xırda mübahisələrin predmeti ola bilməz. Təəssüf doğuran haldır ki, bəzi dairələr heç bir məntiqi əsas olmadan belə bir mühüm hadisənin əhəmiyyətini kiçiltməyə çalışırlar. AAK bütün bu cür qərəzli yanaşmaların və cılız iddiaların fövqündə dayanan bir təşkilatdır. Onun yaradılmasında əsas məqsədin nədən ibarət olduğunu mən ətraflı şərh etdim. Bir faktı da diqqətə çatdırmağı vacib bilirəm ki, DAK-ın sədri AAK-ın təsis konfransında iştirak etdi və birgə protokola imza atdı. Bu o deməkdir ki, DAK AAK-da təmsil olunan 50-dən çox təşkilatdan biridir və AAK-ın tərkib hissəsi, təsisçilərindən biri kimi çıxış edir. C.Derəxti də öz çıxışında bildirdi ki, AAK-la əməkdaşlıq etməkdə heç bir problem görmür. Digər tərəfdən mən bir məsələni də qeyd etmək istərdim ki, DAK-ın indiki fəaliyyəti qənaətbəxş deyil və bu təşkilatın adı ilə real imkanları üst-üstə düşmür. Mən DAK-ın son qurultayında üç dəfə çıxış etdim və onların diqqətinə çatdırdım ki, ya adınız qədər güclü olun, ya da malik olduğunuz gücə uyğun ad seçin. Bu gün də həmin fikrimdə qalıram və eyni zamanda bir daha bəyan etmək istəyirəm ki, Azərbaycanın sərhədlərindən kənarda iqtidar-müxalifət yoxdur, yalnız bir məfhum var - Azərbaycançılıq. Bəzi adamların bu iki qurumu iqtidar-müxalifət münasibətləri kontekstində təqdim etməsi isə fikrimcə, Azərbaycanın milli maraqlarına və Azərbaycan xalqının mənafelərinə cavab vermir. DAK AAK-ın təsis konfransının protokoluna imza atmış və onun təsisçilərindən biri olan təşkilatdır və əgər bu kimlərisə narahat edirsə, bu, artıq onların öz problemidir. Əminəm ki, çox yaxın zamanlarda hər birimiz AAK-ın yaradılmasının nə qədər əhəmiyyətli bir hadisə olduğu barədə real faktlar, əməli işlər əsasında danışacağıq. Hələlik bu qurum yeni təsis olunub və hər bir vətənpərvər azərbaycanlının borcudur ki, bu hadisəni alqışlasın, təşkilatın fəaliyyətinə uğurlar arzulasın və onun inkişafı üçün əlindən gələn köməyi əsirgəməsin. Əgər bunu kimlərsə hansısa səbəblərdən bacarmırlarsa, heç olmasa qərəzli danışmasınlar.
- Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi dünyanın başqa qitələrində AAK kimi təşkilatların yaradılmasını planlaşdırırmı?
- Bəli, bizim belə planlarımız var və inanıram ki onların həyata keçirilməsinə müvəffəq olacağıq. Bu il may ayının sonlarında Türkiyədə Ümumtürkiyə Azərbaycan Dərnəkləri Federasiyası təsis ediləcəkdir. Bu istiqamətdə müəyyən işlər görülüb və artıq qardaş ölkənin 15 vilayətində Azərbaycan dərnəkləri yaradılıb. Bundan sonra isə biz Amerika Azərbaycanlıları Konqresinin yaradılmasını planlaşdırırıq. Qeyd edim ki, bu gün dünyanın bir çox ölkələrində çoxlu sayda azərbaycanlı yaşayır. Əfqanıstanda 300 minə qədər azərbaycanlı var, Pakistanda, Hindistanda, Avstraliyada, hətta Cənubi Afrika Respublikasında minlərlə həmvətənimiz yaşayır. Bizim məqsədimiz onların hamısının təşkilatlandırılmasına, diasporumuzun əhatə dairəsinin genişləndirilməsinə nail olmaqdır. Qitələrdə Azərbaycan diasporları yaradıldıqdan sonra biz vahid bir təşkilat yaratmağı qərara almışıq. Yəni bu proses çoxşaxəlidir və yalnız bir amala - Dünya azərbaycanlılarının təşkilatlandırılmasına, onların mənəvi-ideoloji birliyinin təmin olunmasına yönəlib. Hesab edirəm ki, bu ideyaların həyata keçirilməsində problem yaranmayacaq.
"Azərbaycan"