İran: İslam dini ilə siyasət oyunu     http://www.mirzexezerinsesi.com/
12.03.2004
 Brenda Şefferin təhlili yazısından


Harvard Universiteti, Kennedi İdarəçilik Məktəbində Xəzər Araşdırmaları Proqramının direktoru Brenda Şefferin "Müsəlman xarici siyasəti mövcuddurmu? Xəzər hövzəsi məsələsi" məqaləsi "III Sektor" demokratiya jurnalının (www.3-cusektor.org) builki son sayında çap olunub. Yazını ixtisarla sizə təqdim edirik.


İran: İslam dini ilə siyasət oyunu
Nəzəri cəhətdən İran İslam Respublikası bir ölkənin xarici siyasətinə İslam dininin xüsusi təsir göstərə bilməsinin bariz nümunəsi olmalıdır. Çünki bu gün dünyada çox az dövlət tapılar ki, öz ideologiyasının rəsmi qaydada mədəniyyətə, konkret halda isə dinə əsaslandığını bu qədər aydın şəkildə bəyan etsin və dövlətin bir alət kimi bu ideologiyaya xidmət etdiyi təsəvvürünü yaratmış olsun. Ancaq İranın Mərkəzi Asiyaya və Qafqaza münasibətdə yeritdiyi siyasət və onun bu bölgələrdəki praktik fəaliyyəti dövlətin bəyan etdiyi ideologiya ilə onun maddi maraqlarının diktə etdiyi siyasət arasındakı uyğunsuzluğun ən bariz nümunəsi ola bilər.
Sovet İttifaqının süqutu və bunun ardınca İranla həmsərhəd olan, yaxud onun yaxınlığında yerləşən altı müsəlman respublikasının müstəqillik əldə etməsi öz mədəniyyət maraqlarının təsir dairəsini genişləndirdi və İslam dini dəyərlərini ixrac edə bilməsi üçün İrana müəyyən imkanlar yaratdı. Eyni zamanda, bu yeni dövlətlərdə İrandakı hakim rejimin stabilliyi üçün potensial təhlükə törədə biləcək çağırışlar meydana çıxdı. Nəticədə İranın Mərkəzi Asiya və Qafqaz ölkələrindəki siyasəti başlıca olaraq təhlükəsizlik və iqtisadi əsaslar üzərində quruldu. İslamın təbliği və digər müsəlman xalqlarının problemləriylə bağlı məsələlər Tehranın regiondakı fəaliyyətinin yalnız çox az bir qismini təşkil etdi. Beləliklə, dövlətin maddi maraqları "islam həmrəyliyi"nə dair öhdəliklərlə ziddiyyət təşkil etdiyi hallarda Tehran həmişə təhlükəsizlik və iqtisadi mənfəətlərinə üstünlük verdi. Əlbəttə, İran öz maddi dövlət maraqlarını təmin etmək üçün qonşu rejimlərə müqavimət göstərmək və yaxud onları öz siyasətlərində dəyişikliklər etməyə zorlamaq vasitəsi kimi mədəniyyət eyniliyindən tez-tez istifadə edir. O, rəsmi əlaqələrinin zəif olduğu Özbəkistan və Azərbaycan kimi müsəlman ölkələrinə münasibətdə radikal islamçılara və rejim əleyhdarı hərəkatlara rəvac verir, amma mövcud rejimi Tehranla yaxşı əlaqələr quran Türkmənistan kimi dünyəvi ölkələrə münasibətdə bu niyyətindən əl çəkir.
İran nümunəsi dövlətin öz siyasi qərarları barədə verdiyi ritorik bəyanatlarla faktiki olaraq yeritdiyi siyasət arasında ciddi fərq olduğunu aydın şəkildə əyani nümayiş etdirir. İran liderləri "islam həmrəyliyi" barədə rəsmən geniş bəyanatlar versələr də, bu bəyanatlar Xəzər regionunda, xüsusilə də İranın təhlükəsizliyinə və yaxud buradakı mövcud rejimin qorunub saxlanılmasına təhdid törədə biləcək əngəllərin mövcud olduğu yerlərə münasibətdə İranın xarici siyasət seçimində öz əksini tapmır.
Son on ildə Tehran Xəzər regionunda bir neçə xarici siyasət dilemması ilə üzləşib. Üç regional münaqişədə Tehranın maddi maraqları ilə şəriət əsaslı maraqları bir-birinə zidd olub: Dağlıq Qarabağ münaqişəsi (xristian Ermənistanla şiə-müsəlman Azərbaycan qarşıdurması), Çeçen münaqişəsi (müsəlman çeçenlərlə Moskva qarşıdurması) və Tacikistanda vətəndaş müharibəsi (Moskva ilə qarşıdurmada Tacikistanın İslamçı Dirçəliş Partiyasının himayə edilməsi). Hər hadisədə Tehran maddi dövlət maraqlarını elan etdiyi İslam ideologiyasından üstün tutub, müsəlmanlarla deyil, qeyri-müsəlmanlarla əməkdaşlığa üstünlük verib.
Bu üç məsələ ilə bağlı İranın yeritdiyi xarici siyasətdən ən çox söz-söhbətə səbəb olanı onun Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı deyil, Ermənistanı dəstəkləməsidir. Bu regionda əhalisinin əksəriyyəti şiə-müsəlmanlardan ibarət yeganə ölkə olan Azərbaycan Ermənistanla müharibədə ərazisinin 20 faizini itirib, əhalisinin təqribən onda biri qaçqın vəziyyətinə düşüb. Azərbaycandakı müsəlman qardaşlarının halına dərindən acımaqla bağlı verdiyi bəlağətli, ritorik bəyanatlara baxmayaraq, İran Ermənistanla münasibətlərə açıq-aşkar böyük üstünlük verir. İran dövlətinin təhlükəsizlik siyasəti Azərbaycanla Ermənistan arasındakı münaqişədə öz istiqamətini dəyişir, çünki İran etnik cəhətdən çoxmillətli bir ölkədir. İran əhalisinin yarısını qeyri-fars azlıqları təşkil edir. Əhalinin üçdə birini təşkil edən azərbaycanlılar sayca ən böyük azlıq qrupudur. İranın Azərbaycan Respublikası ilə həmsərhəd olan şimal-qərb əyalətlərində yerləşən yaşayış məntəqələrinin əksəriyyətində azərbaycanlılar məskunlaşmışlar. İranın bu regionda əsas məqsədlərindən biri İran Azərbaycanında muxtariyyət tələblərinə və qeyri-sabitliyə, eləcə də bütövlükdə İrandakı azərbaycanlılar arasında etnik əsasda baş qaldırmalara səbəb ola biləcək meyllərin qarşısını almaqdır. Bu məqsədinə nail olmaq üçün İran Azərbaycanı qonşuluğundakı xristian əsilli Ermənistanla müharibədə dəstəkləməməyi qərara alıb. İran Bakının bu münaqişədə boğulmasını istəyir. Yerevanın və Dağlıq Qarabağ ermənilərinin İrana sülh danışıqları prosesində iştirak etməyi təklif etmələrini, Azərbaycanla Ermənistan sərhədində İran müşahidəçilərinin yerləşdirilməsini istəmələri də daxil olmaqla, digər vasitəçilər arasında Tehrana daha çox üstünlük verdiklərini ifadə etmələrinin İran tərəfindən təkrar-təkrar yüksək qiymətləndirilməsi İranın Ermənistana ilıq münasibət bəsləməsinin ən bariz əlamətlərindən biridir. Bunun əksinə, Azərbaycan liderləri həmişə İranın danışıqlarda iştirakının əleyhinə olmuşlar. Azərbaycanda həm rəsmi iqtidar, həm də müxalifət mətbuatı ardıcıl olaraq Tehranı Yerevana yardım etməkdə günahlandırır. Azərbaycanlılar Şuşanın işğalını və digər böyük itkilərini Tehranın ayağına yazır və məhz İranda qondarma sülh sammiti keçirilərkən Şuşaya hücum edildiyini xüsusi vurğulayırlar. Tehranın Xəzər regionuna münasibətdə yeritdiyi siyasət bir ölkənin xarici siyasətində monolit təsəvvürün əksinə olaraq bir-birindən fərqli, müxtəlif fikirlərin formalaşmasına, qərarçıxarma prosesində geniş plüralizmə yol verilməsinə yaxşı nümunə ola bilər (Bu isə ehkamçı xarici siyasət yeridilməsinə ciddi əngəl törədir). İran mətbuatı xarici siyasətlə bağlı diskussiyalarla doludur, xarici siyasət məsələləri tez-tez İran parlamentində - Məclisdə açıq müzakirə edilir. Xarici İşlər Nazirliyi İranın maddi dövlət maraqlarının inkişaf etdirilməsində getdikcə daha çox rol oynayır. Bunun əksinə olaraq sərt xətt tərəfdarları Tehranın bütün dünyada İslam dininin liderinə və ölkə hüdudlarından kənardakı din qardaşları ilə həmrəyliyin carçısına çevrilməsini arzulayır və Xarici İşlər Nazirliyinin yeritdiyi siyasəti, xüsusilə də İranın "Cumhuriye-İslami" qəzetində, tez-tez tənqid atəşinə tuturlar.


www.3-cusektor.org