Nigar Xiyavi

Dil şüurumuz ve elifba, yazı problemleri üzerine bir deyerlendirme

 

                                                                                                                                

 

Bele bir ifade var: “Anadili, ana südü kimi ləzzətlidir insana". Ana dilimizdə güldüyümüz, ağladığımız, danışğımızdan aldığımız dadi ləzzəti heç bir başqa dildən ala bilmərik. Anadilini itirmiş, unudmuş bir kimsə, demək öz kültürünü, kimliyini də uduzub, əldən vermiş olur.

Bugün dünyada dil üzərində ətraflı bilimsəl araşdırmalar yapılmaqdadır. millətlər dillərini necə gəlişdirmə, modərnləşdirmə, gözəlləşdirmə yollarını incələməyə uğraşdıqlarında, biz daha dilimizin düzgün qramerini öyrənməyə çabalayır, dilimizi sevməyi, onu unutmamağımızı təbliğ etmək mecburıyetınde buraxılmışıq!

Bu qısa yazımızda, yazı dilinin önəmi, əlifba üzərində olan dartışmalar haqqında gənəl biçimdə, bir neçə sözü vurğulamaq istərdik.

Bir dil yazılmasa, təkcə “danışma dili” həddində qalırsa, gec-tez ölümə məhkümdür. “Dilin gəlişməsi” dəmək, o dilin yazılıb danışılaraq törəməsi, canlanması habelə artmasıdır. Törəməyən bir dil gəlişə bilməz. Dil gəlişməyincə, düşuncə də gəlişməz. Düşüncə dili, dil isə düşüncəni gəlişdirər. “Dil” ilə “düşüncə”nin, “duyğun”un, “şuur”un ayrılmazlığı isbat edılmış bilimsəl gərçəkdir. Bütün bunlar, anadilinin nə ölçüdə önəm daşıdığını açıqca göstərməkdədir.

Canlı bir dil, ədəbiyat ve diger yazı alanlarında bəslənməli, güclənməli, törənməlidir. Yoxsa get-gedə əriyib qısırlaşacaqdır ve sonunda o dildən yerdə qalan, yalnız bir sıra mehdud anlamları daşıyan quru sözlərlə sözcüklərdən savayı bir şey olmayacaqdır. Dil, ancaq yazılaraq canlılığını qoruyar, özünün gərəkli özəlliklərinə yiyələnə bilər. Yoxsa yazılmasa, danışılmasa doğal özəlliklərini də itirər. Dil, yazı alanına girməyincə, xalqının kültürünü, mədəniyətini (uyqarlığını) nə anlada, nə də daşıya bilər. Kültür ilə mədəniyətin (uyqarlığın) ən güclü daşıyıcısı dildir. Bu görəv, bütün diri mədəniyətlərdə, ana dilinə verilmişdir. Dilini gərəkdiyi kimi dəyərləndirə bilməyən bir xalq, ana dilindən məhrum edilmiş bir toplum uluslar arası mədəniyət yarışmasında geridə qalmağı qəbul etmiş deməkdir. Ana dili olmadan, bir kültürün–qalsın hələ yaşaması- onun varlığı belə söz qonusu ola bilməz. Hər hankı kültür, yalnız öz dili ilə var ola bilər. Dil, böyük, parlaq bir güzgü kimi xalqının kimliyini, kültürünü dünyaya yansıda bilən bir aracdır.

Modern “MİLLƏT” anlamının birinci təməl özəlliyi, millətləşmiş xalqın, anadilini qavramış, mənimsəmiş olmasıdır. Beləliklə, dünya səhnəsində aktivcəsinə yaşayan bir “millət” üçün, anadili torpaqla bayraq qədər dəyərlidir.

İnsan, hankı dildə danışarsa, o kimliyi qazanar. Demək, gərçək hüviyyət anadilidir. Bir sözlə demək gərəkirsə: kimlik dildir.

 Dilin öyrənilməsi məktəblərdə yasaq edilərsə dilin gəlişmə, genişləmə imkanına engellener. Dil, rəsmi şəkildə öyrənilib, qramatik usullarla yazıldıqca sürəkli olaraq durular, canlılığını qoruyar, muxatəbləri artaraq, anlama, anlatma alanı gündən günə genişlər. Dil canlı bir orqan olduğundan, susqu içində yaşayamaz. Onu susdurmaq, gözünü bağlamaq, qulağını tıkamak, abartmış olmasaq, nəfəsini kəsmək kimi bir işdir...

Dilimizin yazılmasını əngəlləmək, onu rəsmilikdən salmaq deməkdir. “Rəsmi dil” anlayışı dışında tutulmuş dilimizin doğarlığını önləmək, bir sözlə dilimizi qısırlaşdıraraq öncə iflic etmək, sonra da “öldürmək” demekdir. Belə bir duruma salınmış dilimiz, bəlli bir sürə içində sadəcə bir yığın “folklor məlzəməsi” halına gətiriləcək, insanlarımız birər “xunsa varlıq”lara dönüşdürüləcək, onun bunun kölgəsində alaq təkin asılaraq geçinməyə, sürünməyə məhkum olacaqlar.

nümüzdə yazarlarla şairlərimiz dil daşıyıcıları olaraq, dilimizin düzgün yolda gedişinə yön verməli, onun doğarlığı, dinamıkliyini ona geri qaytarmali, dilimizin işləkli olması üçün yeni yöntəmlər tapmalıdırlar...

 

**

Bilindiyi kimi ilk adımda, dil məktəblərdə 6-7 yaşlı uşaqlara əlifba öyrətməklə başlar. Bu çocuqların idrak, qavrayış olanaqları göz önünə alınaraq yazı qayda qanunları öyrədilər. Bu üzdən əlifbanın rahat, yumşaqlıqla öyrənilməsi önəmli ölçüdə yer tutar.

Nədənsə bu önəmli qonu bizim anadilimizə gəlincə siyasi şərtlər ortalığa atılar! Oysa ki dil ilə əlifba kökdən kültürəl bir olay olduğuna görə politika gündəminə gətirilməməli, siyasi istəklər üzərə qurulmamalıdır. Şübhəsiz ki, dil ilə əlifbanı siyasiləşdirməyə çalışanlar, onun düşmanı olmasalar belə, bütövlüklə yanlışlıq içindədirlər.

Hər dilin özünə uyğun, özünə özəl olan əlifbası, yazı qaydaları vardır. Bu özəlliklər,  bu qaydalar onun bunun baxışlarına baş əymədən öz gəlişmə sürəcini öz içində gərçəkləşdirməlidir...

Dilimiz, hər hanki diri dil kimi öz süzgəci ilə süzülməli, öz əyninə görə geyim geyməli, günü gündən modərnləşməlidir.

Bildiyimiz kimi 1875 də Mirzə Fətəli Axundzadə, “İslam Dillərinin Yazısı Üçün Yeni Əlifba" adlı bir kitab yaydı. O, ilk öncə Ərəb əlifbasını rk dilinə uyğunlaşdırmaq istəyirdi. Bunun üçün çox çalışdı, araşdırmalar yapdı, ancaq ən sonun da Ərəb əlifbasının Türkcəyə uyğun bir əlifba olmadığını anladığında  Türkcənin Latin hərfləri ilə yazılması qararına vardı. Axundzadə bu çalışmalarında, xalqı ən asan, en qısa yolla savadlandırmaq amacıyla yola çıxmışdı. Onun görüşüncə bütün Türk xalqları təkcə ana dili ilə ən qısa yoldan savadlana, bilgilene biler. Görünür Mirzə Fətəlinin ogünkü görüşü bu gün də öz keçərliliyini qorumaqdadır.

Latin əlifbasının dilimizə uyğunluğunu bu millətin üç əlifbanı başaran dahiləri 150 il bundan öncə önəmlə vurğulamışlar. Bizim dilimiz Ərəb əlifbasıyla yazılınca beş önəmli səsli hərflərimiz ilk baxdığımızda bir şəkildə yazılır, sonra üzərlərinə qondarılan kiçik əlamətlərlə bir birindən ayırd edilir. Bunca hərflərlə əlamətlər bu əlifbaya yüklənincə, baş gicəldici bir şəkil almayırmı? Dilimizin danışıq biçimi habelə yazı düzəninin axarlılığı pozulmayırmı? Təmiz , durulmuş, gəlişmiş, dünya çapında yerinə oturmuş qocaman Latin hərfləri bizim dilimizə hər baxımdan uyğun ikən, biz çəşidli əlamətlərlə hərfləri "ixtira" edərək qondarmaq zorundayıqmı?

Dilimizin yazılışı o qədər də çətin deyil! Dilimizə uymayan, uyum sağlaya bilməyən Ərəb əlifbasına təssüb göstərmək nə dəməkdir? Bundan daha gülünc bir təssüb düşünülə bilməz. Dilimizin bu  durumunda əlifbanın haradan gəlməsi önəmli deyil. Önəmli olan dilin varlığı, ona uyğun olan bir əlifbadır. Təssübə layiq olan özge əlifbaları deyil, dildir. Bizim üçün əlifba yalnız bir aracdır!  Amacımız ancaq  dilimizin uyğun bir əlifba ilə yazılması, rahatlıqla balalarımıza öyrədilməsidir!

Başqa sözlə, hər hansı bir əlifba, bu göyçək dilimizi daha doğru, daha qıvraq, daha yaxın yoldan öyrədib gəlişdirərsə, yeyincəsinə o əlifbanı qulluğa çəkməliyik. Bizim dilimizə kəsinliklə Latin əlifbasından daha yararlı bir əlifba ola bilməz. 6-7 yaşlı uşaqlarımıza Latin əlifbasının nə ölçüdə rahatcasına öyrədilməsi parlaq bir günəş kimi aydındır.

 Ta İsmayıl Bəy Qaspıralı çağından, başda Məhəmməd ağa Şahtaxtlı olmaq üzərə, Ərəb əlifbasını bir yolluq kənara qoymamaq, üstündə “əməliyyat” apararaq, onu Trkcəyə uyğunlaşdırmaq prosesi bezikdirici bir biçimdə günümüzəcən dəvam etməkdədir. Məhəmməd ağa Şahtaxtlı, 1 dən 9a dək sayıları bir sıra hərflərin yərinə qoyaraq öz deyişiylə “Məhəmməd ağa Xətti”ni “ixtira” edərək, ŞƏRQ-E RUS qazetəsində təbliq etməyə başladı... Düz 200 ildir, alim alim dalınca gəlir “Yeni Ərəb Xətti” İXTİRA edilir! Ancaq bir yerə çatmayır ki çatmayır. Tutduğumuz bu “Ərəb əlifbası üzərində cərrahlıq yol binövrəli yolmu,eceba?

Əziz qələmdaşlarım!

Biz öncə çətinliyi yaradıb, sonra isə neçə qat daha çalışmaqla, öz əlimizlə saldığımız düyümləri çözmək zorundayıqmı? Sizcə gerçəkdən bizim dilimizin bütün sıxıntıları yetərsiz bir əlifbanı düzənləməklə ortadan qalxacaqmi? Yox, qələmdaşlarım qalxmayacaqdır! Bir birimizlə səmimi olalım. Azərbaycan Türkcəsinin əlifbası Latin əlifbası olaraq 150 il bundan öncə seçilmişdir. Qocaman yazarımız Axundzadənin gətirdiyi Latin əlifbasını qonşu Türk ölkələri özlərinə rəsmi əlifba seçərək gözəlcəsinə yerinə oturtmuşlar. Yalnız bizdə durum tam başqadır.  Bir yandan biz tarix boyunca 3 Ərəb, Kiril, Latin əlifbalarında yazıb pozan güclü bir millet olmuşuq, bu doğru. Obir yandan bu olay, bizim ortaq bir əlifbaya yiyələnə bilməyimizi əngəlləmişdir.

Bizim ortaq amacımız sözsüz, Latin Əlifbasına geçməkdir. Biz keçici olaraq Ərəb əlifbasını qullanmaqdayiq. Bu keçiş sürəcini araşdırmadan gərçəkləri görə bilməyəcəyik. İnternetdə açılan Türkcə sitələrə baxarsaq, şair-yazarlarımızın hankı əlifbanı seçməkdə olduqlarını görə bilərik. Örnək olaraq, gedin internetdə www.azlink.info sitəsini açın, o zaman bu gerçəyin nə boyda qabarıq olduğunu görə bilərsiniz.

Uzağa getmiyəlim, bildiyiniz kimi VARLIQ dərgisi 25il öncədən bəri Güney AZ.da yayımlanmaqdadır. 7 milyon Quzey AZ.lı türk dilli insanların neçəsi bu dəyərlı dərgini oxuyub ondan yararlana bilirlər? 70 miliyonluq  Türkiyədə neçəsi? Dünyanın başqa Türk dillı ölkələri necə? Doktur Behzadinin o boyda üstünə əmək verdiyi dilimizin varlı-barlı xəzinəsi sayıaln, yayımladığı sözlükləri necə? Bunlar dünyanın bütün türk insanlarlnın ortaq sərvətləridir...  Obir yandan görürük Əreblə Latin elifbası eşliyində  yayımlanan kitablar habelə  qazetələr necə oxuyucularımız tərəfindən gözəlcəsinə qarşılanmaqdadır.

Dilimizə sahib çıxalım! Onu, bilgi ilə, bilinc ilə, öz bilgisiylə işlədəlim! Dünyanın hər bir yerində ana dilimizə yararlı olan nə varsa, təəssübsüz bir şəkildə dilimizin qulluğuna çəkəlim. Dilimizə ziyanlı olan, gəlişməsini əngəlləyən, öyrənişini axsadan, çətinlədən hər nə varsa acımadan ayırıb qırağa qoyalım. Hər bir rahatlıq, hər bir gözəllik, hər bir asanlıq, habelə hər bir şey yalnız dilimiz üçün, yalnız dilimiz üçün.

Çağımız “ilətişim” (irtibat) çağı, intərnet yüzilliyidir. Bugün Ərəb əlifbasının tərəfdarları da internet aracılığıyla yazışdıqlarında Latin hərflərini qullanırlar. Gündə yüzlərcə elektronik məktublar gərəkli olaraq Latin əlifbasıyla yazılır. Bizə bundan daha böyük “Ey Türk! titrə, özünə gəl!” uyarısı ola bilməz. Biz tələsməsək də, zaman yaman tələsir.

Son olaraq, böyük dahimiz M. F. Axundzadəni  yenə də yad edək! O düşünür insan, vaxtıyla İstanbul sarayına getmiş ve Qacar dərbarına məktublar yazaraq, əsrin Türk İmperyalarından Latin əlifbasını rəsmiləşdirmələrini istəmişdi. Ömrünün sonunadək də bu düşüncəsi üzərində dirənib durdu. Ancaq yazıqcasına öz sağlığında çalışmalarının sonucunu görə bilmədi. O, həyatının son günlərində bizlərə beləsinə vəsiyyət etmişdir:

“...Biz, Türklərin Latin əlifbasına geçməsini görmədik. Gələcəkdə ancaq bizim evladlarımız qətiyən ve qətiyən bu əlifbayla yazacaqlar...”

 

*******************

İZAHLAR:

Kırımə Tatarlarından olan İsmayl Bəy Qaspıralı: 1883’dən etibarən Kırımda “Dildə, Fikirdə, İşdə birlik!” hedefi ilə bütün Türk dünyasında oxunan, uzun ömürlü TƏRCUMAN qazetinin baş yazarı idi.

 Məhəmməd Ağa Şahtaxtli: İsmayil bəy Qaspıralıdan sonra, Azərbaycan’da yayımlanan “ŞƏRQ-e RUS” qazetinin baş yazarı olmuşdur. Yuxarıda açıqladığımız kimi, Şahtaxtlı, 1 dən 9 a qədərki rəqəmləri Ərəb əlifbasına əlavə edərək; “Məhəməd ağa xetti” deyə bir xət ixtira etdi və illər boyunca qazetəsində, bu xətti təbliğ etməyə başladı.

***********