Bahar

Bahardır deyirlər həyat canlanır

Sevdalar oyanır, könül çabalır

Ümid dəryasının buzu açılır

Arzı ceyranları durmadan qaçır

 

Bahardır deyirlər qalxın ayağa

Yeriyin seyrana, dolanın bağa

Seyran yerlərindən baxın uzağa

Sevgi şahinləri uçuşur dağa

 

Bahardır deyirlər təbiət gülür

Aydınlıq mələyi torpağı öpür

Sevda göylərində min ulduz çıxır

Qaranlıq tanrısı can çəkib ölür

 

Bahardır deyirlər məndə deyirəm

Elvan buludlardan paltar geyirəm

Nəsimin tellərin mərkəb edirə

Bahar diyarına qonaq gedirəm

 

Bahardır deyirlər Azərbaycanda

Alovlar yalmanır sonsuz hər yanda

Musiqi yüksəlir odlar içində

Lalələr açılır həsrətli canda

Sarxanlı Paşa bahar 1991